Məhkəmə qərarları › İş №2(103)-5412/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5412/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5412/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(953)-5274/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 qeyd etməklə Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 140000 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh yaxından tanıyır və aralarında çox yaxın və səmimi dost münasibətləri vardır. Cavabdeh ailəli olsa da iddiaçıya məlum idi ki, son vaxtlar onun ailəsində müəyyən problemlər var və özünün də müəyyən maddi sıxıntıları yaranmışdır. İddiaçı bilirdi ki, Cavabdeh ümumi dostları olan Nəsimi Bayramovdan 2019-cu ilin dekabr ayının əvvəlində 10000 manat və dekabr ayının sonlarında isə 17650 ABŞ dolları borc almışdır. 2020-ci ilin yanvar ayında Tural yoldaşı Xəyalə ilə rəsmi qaydada boşanmış, lakin buna baxmayaraq Tural yenə də onunla barışmaq istəyirdi və iddiaçı onun xahişi ilə bir neçə dəfə Xəyalə xanımla, eləcə də onun anası Nigar Bayramova ilə görüşərək bu barədə söhbətlər etmişdir. 2020-ci ilin mart ayının axırlarında, təxminən 25-26 tarixlərində Tural iddiaçıya dedi ki, o, Xəyalə ilə danışaraq başqa şəxslərə olan borcunu qaytarmaq üçün ondan 70000 manat borc pul istəmiş, Xəyalə isə bu barədə anası ilə danışıqdan sonra anası iddiaçının zamin durduğu halda ona pul verəcəyinə söz vermişdir. İddiaçını bu məsələni dəqiqləşdirmək məqsədi ilə cavabdeh Nigar Bayramova ilə danışarkən Nigar xanım iddiaçıya bildirdi ki, Turala lazım olan məbləğdə pulu borc olaraq verə bilər, təki Tural ilə qızı Xəyalə yenidən bir yerdə olsunlar, həmçinin o şərtlə verər ki, iddiaçı ilə Nigar Bayramovanın arasında borc müqaviləsi bağlansın, çünki Turala etibarı yoxdur və iddiaçı ilə müqavilə bağlasa inanır ki, onu borcu qaytarmağa razı sala biləcək. İddiaçının Turala yazığı gəldiyi və onun ailəsinin bərpa olunması üçün məcburiyyət qarşısında qalıb razılıq verdi. Bununla əlaqədar olaraq, 29 mart 2020-ci il tarixdə iddiaçı, Cavabdeh, Nigar Bayramova və Xəyalə ilə birlikdə Əhmədli qəsəbəsində yerləşən “xxxx” ASC-nin filialına getdilər, orada Nigar Bayramova iddiaçının kart hesabına 64000 manat pulu keçirtmişdir. İddiaçı həmin 64.000 manatı dərhal, cavabdeh, üçüncü şəxs və Xəyalənin yanında və iştirakı ilə çıxardıb Turala vermişdir. Həmin bankda pulun bir hissəsini 11.700 ABŞ dollarına iddiaçının adına dəyişdirib onu də Turala vermişdir. Bankdan çıxarkən Tural borclu olduğu Nəsimi Bayramova zəng etdi və onu bankın qabağına dəvət etdi. Nəsmi Bayramov ora gəldikdən sonra Tural iddiaçının, Nigar Bayramovanın və onun qızı Xəyalənin yanında Nəsimiyə borclu olduğu pulun 10000 manatını qaytardı. Bundan sonra, onlar maşınla “Şamaxınkaya” tərəf getdilər və maşında olarkən Tural qalan pulu saxlamaq üçün qayınanası Nigara verdi. “Şamaxinkada” Tural bir nəfərə 10000 manat qaytardı. Daha sonra “Şamaxinka” adlanan ərazidə yerləşən notariat kontoruna getdilər və orada ilkin olaraq Nigar Bayramova ilə iddiaçı arasında 29.03.2020-ci il tarixli 40000 manatlıq kredit müqaviləsi bağlandı. Hesaba keçirilmiş 40000 manatı çıxartdıqdan sonra həmin məbləğdən 30000 manat hesaba qoyularaq Nigar Bayramova ilə iddiaçı arasında ikinci-29.03.2020-ci il tarixli 30000 manatlıq kredit müqaviləsi bağlandı. Notariatda olan əməliyyatlar zamanı ümumilikdə 70000 manat məbləğində borc müqaviləsi bağlansa da, Nigar tərəfindən Turala faktiki olaraq 64.000 manat pul verilmişdir. Belə ki, mart ayının 20-21 tarixlərində Tural özü Xəyalədən 6000 manat borc pul almış və həmin pulu da borc müqaviləsinə salmaq məqsədi ilə iki dəfəyə əməliyyat aparıldı. Daha sonra onlar Nigar və Xəyaləni “Şamaxinkada” maşınlarının yanında düşürtdülər və onlar çıxıb getdilər. İddiaçı və cavabdeh isə üçüncü mikrorayon dairəsinin yaxınlığında yerləşən "Unibank"a getdi və Turalın adına 5950 ABŞ dolları aldılar. Daha sonra iddiaçıya məlum oldu ki, Tural Nəsimiyə borclu qaldığı 17650 ABŞ dolları məbləğində pulu ona qaytarmış və qalan pulları da borclu olduğu digər şəxslərə paylamışdır. Yuxarıda qeyd edilən hər iki kredit müqaviləsi 1 aylıq müddətinə, yəni 29.04.2020-ci il tarixədək bağlanmışdır. Müqavilələrin müddəti başa çatanda Nigar Bayramova ilk olaraq Tural ilə əlaqə saxlayaraq ondan pulunu tələb etməyə başlamış və Tural hər dəfə ona müxtəlif vədlər verərək müddəti uzatmışdır. Hətta Nigar bir neçə dəfə iddiaçıya da zəng edərək xahiş etmişdir ki, bununla bağlı Turalla danışsın. İddiaçı da öz növbəsində Nigar Bayramovanın sözlərini Turala çatdırmışdır. 16 iyun 2020-ci il tarixdə Nigar Turalın atası Ərəstunla birlikdə iddiaçının evinə gələrək iddiaçı və atası ilə görüşdülər. Görüş zamanı Nigar iddiaçının atasından 70000 manat pulu tələb etmişdir. Lakin iddiaçının atası ona bildirdi ki, həmin müqavilələr yalandan bağlanmış, formal müqavilələrdirlər və pul faktiki olaraq Siracəddinə deyil, Turala verilmiş və Tural öz borclarını qaytarmışdır. Turalın atası və Nigar bunu etiraf etsələr də, pulu iddiaçıdan tələb edəcəklərini bildirdilər. Onlarla söhbət zamanı həmçinin iddiaçıya məlum oldu ki, Nigar Turala pul vermək niyyətini əvvəlcədən Turalın valideynləri bilirmiş və hətta Turalın anası Nigara zəng edərək Turala pul verməməsini tapşırmış, lakin Nigar qızının ailəsinin bərpa olunması xatirinə Turala borc pul vermişdir. İddiaçı bütün bunları Turala demiş və bildirmişdir ki, Nigarın pulu qaytarılmalıdır. Tural iddiaçıdan acizanə xahiş etdi ki, ona 70000 manat məbləğində borc pul tapmağa köməklik etsin ki, qayınanası ilə arasında olan problemləri həll eləsin və ailəsini yenidən bərpa etsin. İddiaçı Turalla yaxın dost olduğundan, onun ailəsinin bərpa olunmasına köməklik göstərmək istədiyindən atasından 70000 manat borc pul götürüb, həmin məbləği atasının və X4 iştirakı ilə 01 iyul 2020-ci ildə Turala vermiş və bu barədə Turalın öz xətti ilə tərtib edilmiş akta imza etmişlər. Həmin aktda Tural qeyd etmişdir ki: "Ondan ötəri özüm qaytarmaq istəyirəm ki, həm qayınanam mənə inansın, həm də bu söz öhbətlərə son qoyub məni bağışlasın". Tural pulu iddiaçıdan götürərkən bildirmiş ki, bir-iki günə pulu Nigara verəcək. Sonradan pulu Nigara verib-verməməsi ilə maraqlananda, Tural iddiaçıya bildirdi ki, pulu qaytarmaq məqsədi ilə Nigar ilə bir neçə dəfə görüşməyə cəhd etsə də, Nigar onunla görüşməkdən imtina etmiş, hətta Nigara yazmış olduğu sms mətninin surətini də atasının telefonuna göndərmişdir. Daha sonra iddiaçı özü Nigara zəng edərək Turala verdiyi pulun ona qaytarıb-qaytarmamasını soruşduqda məlum oldu ki, Tural ona pul qaytarmamışdır. Belə olan halda iddiaçı başa düşdü ki, Tural onu da aldadıb və bu səbəbdən də ondan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsi İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X8 tərəfindən müvafiq araşdırılma aparılsa da, Turalın və iş üzrə digər şəxslərin izahat və ifadələri alınsa da, qəbzin Tural tərəfindən yazılmasını təsdiq edən məhkəmə xətşünaslıq ekspertizasının rəyi alınsa da, müstəntiqin 11 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının şikayət ərizəsinddə göstərilənlər mülki hüquq münasibətlərinə aid edildiyindən, cinayət işinin başlanılmasından imtina etmişdir. Bundan sonra, Nigarın oğlu Rəşad, Turalın atası Ərəstun iddiaçının atasına təzyiq göstərdiklərindən, eləcə də iddiaçını tutduracaqları ilə hədələdiklərindən, bundan əlavə formal da olsa iddiaçı ilə Nigar Bayramova arasında borc müqaviləsi olduğundan və Nigar Bayramova tətərfindən notariusun icra qeydi ilə icra icraatı başladıldığından məcbur qalıb 70000 manat pulu Nigar Bayramovaya 19.10.2020-ci il tarixdə ödəmiş və sonuncu ilə iddiaçı arasında bağlanılmış 29 mart 2020-ci il tarixli 30000 manat borc və 40000 manat borc barədə iki kredit müqaviləsi 19 oktyabr 2020-ci il tarixdə notarial qaydada ləğv edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh iddiaçı tərəfindən iki dəfə cəmi 140000 manat pul verilmişdir. Ona görə də, həmin məbləğ Cavabdeh məhkəmə qaydasında alınıb iddiaçıya qaytarılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(953)-5274/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 140000 (yüz qırx min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxımışdır. Bundan başqa Şamaxinka deyilən ərazidə o, borclu olduğu bir nəfərə 10.000 manat borcunu qaytardı. Siracəddin cəmi 44.000 manat pul qaldığından bu məbləğ barəsində borc müqaviləsi bağlamağı təklif etdi, lakin Nigar xanım razılaşmadı. Belə olduqda aprel ayının sonunadək 40.000 manat və 30.000 manat olmaqla iki borc müqaviləsi bağlandı. Onlar Nigar xanımdan ayrıldıqdan sonra o, Siracəddinə olan 25.000 manat və əlavə faiz olaraq 5.000 manat pulu dollara çevirib qaytardı. Ümumilikdə Nigar xanımın verdiyi puldan 40.000 manatı Siracəddinə 30.000 manatı ona çatdı. Belə ki, borc bir ay müddətinə bağlandığından Nigar xanım Siracəddindən pulu tələb etdikdə o, pandemiya səbəbindən borcu may ayında qaytaracağını bildirdi lakin may ayında da pulu qaytarmadı. Bundan sonra Nigar xanım, atası Ərəstun zəng edərək Siracəddingilə getmək istədiyini bildirdi və atasının onunla getməsini xahiş etdi. Onlar Siracəddingilə gedib pulu tələb etdikdən sonra Siracəddinin atası onu evlərinə çağıraraq hədəqorxu və şantajla onu məcbur etdi ki, onun diktəsi ilə Nigar xanıma mesaj yazsın və həmin mesajı Rasimə də göndərsin. Daha sonra zor təhdidi altında ona güya Nigar xanıma vermək üçün 70.000 manat pul verməkləri barədə qəbzə imza etdirdilər. 2020-ci ilin sentyabr-oktyabr aylarında Siracəddin, atası Rasim və vəkilləri ilə birlikdə ona 140.000 manatlıq müqavilə imzalatdırıb notariusda təsdiqlətmək istədilər, lakin avtovağzal dairəsi yaxınlığındakı Notarius bu müqaviləni təsdiq etməkdən imtina etdi. Həmçinin Siracəddin onu polisə verərək güya ondan Qurd Qapısı deyilən yerdə 70.000 manat pul alaraq dələduzluq etdiyini bildirir. Səbail rayon polis İdarəsinə izahat vermək üçün getdiyində Siracəddinin atası Rasim ona hədə-qorxu gələrək necə izahat verəcəyimi bildirdi və rahatlıq tapmayaraq onunla birlikdə müstəntiqin otağına gəldi və orada verilən izahatına nəzarət etdi. Bundan sonra Nigar xanımın oğlu Rəşad bu söz-söhbətdən xəbər tutduqdan sonra Sirac Əfəndiyevdən pulu tələb edir. Bu məsələ ilə bağlı Rəşad Siracəddin, atası Rasim və onun atası Ərəstunla görüşür və atası məsələni olduğu kimi ona izah edir və pulun 40.000 manatının Siracəddində, 30.000 manatının onda olduğunu bildirir və həmin 30.000 manatı qaytaracağını bildirir. Bundan bir neçə gün sonra isə onlar Rəşad Bayramova 40.000 manat pul ödəyərək notarial qaydada bağlanmış müqavilələri ləğv etdirmişlər. Qeyd edilənlərdən də görünür ki onlar Nigar Bayramovaya 70.000 manat deyil cəmi 40.000 manat pul qaytarmışlar. Bu halları Nigar xanım da təsdiq edə bilər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 29.03.2020-ci il tarixli iki kredit müqaviləsi ilə hər iki müqavilə X6 ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən X7 Əfəndiyeva cəmi 70000 manat (40000+30000) borc pul vermişdir. 01.07.2020-ci il tarixli aktda göstərilmişdir ki, " ... mən dostum Siracəddindən qayınanama qaytarmaq üçün ... 70 min manatı borc olaraq 15 gün müddətinə alıram”. 11.08.2020-ci il tarixli, 4/483 nömrəli ekspert rəyində göstərilmişdir ki, "ekspertizaya təqdim olunmuş 01.07.2020-ci il tarixli aktdakı yazılar və "1” sıra nömrəsində "Cavabdeh” yazıları önündəki imza eyni şəxs - Cavabdeh tərəfindən icra edilmişdir”. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11.08.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 19.10.2020-ci il tarixdə 29.03.2020-ci il tarixli hər iki müqavilə ləğv edilmişdir. Məhkəmə kollegiyasına N.Bayramova tərəfindən ünvanlanmış ərizədən görünür ki, İddiaçı atası Rasim Əfəndiyev hər iki müqavilənin (40.000 manat və 30.000 manat) ləğv ediləcəyi təqdirdə N.Bayramovaya 40.000 manat pul verəcəyini bildirmişdir. N.Bayramova məcburən razılaşaraq, hər iki müqaviləni ləğv etdikdən sonra 40.000 manat pul almışdır. İddiaçı Binəqədi Rayon Məhkəməsinə yalan ifadə verərək, ona 40.000 manat əvəzinə 70.000 manat verilməsini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Rəşad Bayramov ifadəsində bildirmişdir ki, Tural onun bacısının həyat yoldaşı olmuşdur. O, 2020-ci ilin oktyabr ayında təsadüfən bu məsələni eşitmiş, dərhal Siracəddinlə, onun atası Rasim Əfəndiyevlə və Turalın atası Ərəstun müəllimlə görüşmüşdür. Ərəstun müəllim vəziyyəti olduğu kimi danışdı və bildirdi ki: Siracəddin 70.000 manatın bir aydan sonra qaytarılmasına söz vermişdi. Həmin pulun 40.000 manatı Siracəddinə, 30.000 manatı isə Turala çatıb. O, Turala çatan 30.000 manatı üzərinə götürməsini, 40.000 manatı isə onlardan tələb etməsini bildirmişdir. Bir neçə gün söz-söhbətdən sonra anası ilə birgə Şamaxinka tərəfdəki notarial kontoruna getmiş, X1 orda idi. Rasim Əfəndiyev hər iki müqavilənin ləğv ediləcəyi təqdirdə onlara 40000 manat pul verəcəyini bildirdi. Onlar məcburən razılaşmışlar və hər iki müqaviləni ləğv etdikdən sonra 40000 manatı alaraq oradan ayrılmışlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadəsi alınmış X5 bildirmişdir ki, Siracəddin bir gün onun evinə gələrək, söhbətləşmişlər. Bildirmişdir ki, Turalın vəziyyəti yaxşı deyil, ona 35000 borcu var. Özü dedi ki, birinci 10000 verdi Turala, işləri var idi, şəxsi biznesi. Sonra 25000 manat verdi. O ondan soruşdu ki, niyə birinci ona demədi o borc istəyəndə. O da dedi ki, dostu idi, vəziyyəti çətin idi, istədi verdi. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, X6 ilə İddiaçı arasında bağlanmış müqavilələr formal müqavilələr olmaqla, Nigar Bayramova tərəfindən Cavabdeh “zəmanətli” borc vermək məqsədilə bağlanmışdır. Sonradan Cavabdeh Nigar Bayramovaya aldığı pulu qaytarmadıqda, sonuncu borcun qaytarılmasını müqavilə bağladığı İddiaçı tələb etmiş, o da, yarana biləcək problemlərdən özünü sığortalamaq üçün Nigar Bayramovaya qaytarılması üçün Cavabdeh 70000 manat pul vermiş, Cavabdeh isə həmin pulu nə Nigar Bayramovaya qaytarmamış, nə də ki, İddiaçıa geri verməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin apellyasiya instansiyasında araşdırılması zamanı məlum olmuşdur ki, 29.03.2020-ci il tarixli kredit müqavilələri X6 ilə İddiaçı arasında bağlansa da, 70.000 manat məbləğində pul vəsaiti X6 tərəfindən Cavabdeh verilmişdir. Cavabdeh borc pul vəsaitini qaytarmadığından Nigar Bayramova pulun qaytarılmasını İddiaçı tələb etmişdir. Həmin pul vəsaiti qaytarılmadığından İddiaçı tərəfindən 70.000 manat pul vəsaiti Cavabdeh verilmiş, bu barədə 01.07.2020-ci il tarixli akt tərtib edilmiş və pul vəsaitinin Nigar Bayramovaya verilməsi bildirilmişdir. Cavabdeh həmin pul vəsaitini Nigar Bayramovaya qaytarmamış və iddiaçının mövqeyinə görə, o özü yenidən 70.000 manat məbləğində pul vəsaitini Nigar Bayramovaya ödəyərək, müqavilələri ləğv etdirir. Məhkəmə kollegiyası 01.07.2020-ci il tarixli akta münasibətdə qeyd edir ki, həmin akt Cavabdeh tərəfindən imzalansa da, onun 70.000 manatı qəbul etməsi inandırıcı görünmür. Belə ki, X7 Əfəndiyevdən pul vəsaitini geri tələb etdikdə, İddiaçı borc pul vəsaitini Nigar Bayramovaya qaytarmaq imkanına malik olsada, bunun əksinə 70.000 manat məbləğində pul vəsaitini guya Cavabdeh vermiş və qeyd olunan akt tərtib edilərək imzalanmışdır. Halbuki, İddiaçı borc pul vəsaiti şəxsən Nigar Bayramovaya qaytara bilərdi. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, pul qaytarılmadığına görə Nigar Bayramova dəfələrlə onu narahat etmiş, atası ilə görüşmüş və pulun qaytarılmaması həm tərəflər arasında, həm də ailələr arasında narazıçılıqlara səbəb olmuşdur. Bundan başqa İddiaçı müqavilələri ləğv edərkən 70.000 manat pul vəsaiti ödəməsinə istinad etsə də, Nigar Bayramovanın məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsindən və Rəşad Bayramovun ifadəsindən məlum olur ki, İddiaçı tərəfindən Nigar Bayramovaya cəmi 40.000 manat pul vəsaiti geri qaytarılmışdır. Belə olan halda 01.07.2020-ci il tarixli aktın mötəbərliyinə əsaslı şübhələr movcud olduğundan, həmin akt mötəbər hesab edilə bilməz. Beləliklə İddiaçı tərəfindən Nigar Bayramovaya 40.000 manat pul vəsaiti qaytarıldığından, Cavabdeh 40.000 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəflərinin tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(953)-5274/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 40.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(953)-5274/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 40.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirimədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar