Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5412/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia müddətinin tətbiqi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 katibliyi ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4063/2025 saylı 30 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən "xxxx" ASC tərəfindən cavabdehə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli KM037T12160023S01 saylı kredit müqaviləsi üzrə 12 may 2025-ci il tarixinə yaranmış əsas borc 2.586,70 manat, faiz borcu 1.603,78 manat, cərimə borcu 861,32 manat, gecikdirilmi vaxt üçün hesablanan faiz məbləği 379,44 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 5.431,24 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2.586,70 (iki min beş yüz səksən altı manat, 70 qəpik) manat əsas borcun və iş üzrə ödənilmiş 45.87 (qırx beş manat, 87 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, **********68-USD nömrəli kassa-məxaric orderindən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 3.000 (üç min) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 3.000 (üç min) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 3.000 (üç min) ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassaməxaric orderi nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Göründüyü kimi, Cavabdeh bankın ümumilikdə 3.000 (üç min) ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh əsas borcu 2.586,70 (iki min beş yüz səksən altı manat, 70 qəpik) manat təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
5. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4063/2025 nömrəli, 30 iyul 2025ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə iddiaçının istinad etdiyi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əlavə edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, hazırki tələbi həm əsassız olduğundan, həm də müqavilə tələbləri üzrə müyyən edilmiş 3 illik iddia müddəti ötürüldüyündən təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1 və 375.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə; Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001- ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4063/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan iddia ərizəsində iddiaçı bank tərəfindən xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi kimi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması göstərilmişdir. 22 sentyabr 2015-ci il tarixli **********68-USD nömrəli kassa məxaric orderindən aydın olur ki, borclu Cavabdeh Bank tərəfindən 3.000 (üç min) ABŞ dolları məbləğində kredit verilmiş və borclu həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir. Məxaric orderindəki ödənişin təyinatına əsasən Cavabdehna pul “kredit” əsasında verilmişdir. Pulun alınmasını təsdiq edən kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh hazırki vaxtadək banka olan borcu tam ödəmək üçün heç bir tədbir görməmişdir. Buradan da görünür ki, cavabdeh açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehin bundan sonra bank qarşısında olan öhdəliklərinin tam həyata keçirməməsinə şərait yaratmışdır. Hesabdan çıxarışdan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə müəyyən məbləğlərdə ödənişlər etmişdir ki, bu da Bank ilə cavabdeh arasında olan öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması deməkdir və öz növbəsində borcun etirafıdır. Bununla da borclu Cavabdeh LPO İddiaçı ASC ilə kredit münasibətləri faktının olması sübut edilir. Həmçinin bildirir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə, cavabdehə pretenziya qaydasında bildiriş göndərmiş, bildirişdə borcun hansı məbləğdə olması qeyd edilmiş və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliyin olmaması mübahisələndirilməmiş və bu məsələnin araşdırılması üçün banka məlumat verilməmişdir. Borcun hansı məbləğdə olması barədə məlumatlar birinci instansiya məhkəməsinə təqdim edilən digər sübutlarda da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh müqavilə üzrə göstərilən kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdular. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 19.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 20.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 21.377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 22.377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 23.380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 24.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 25.432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 26.441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 27.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 29.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 30.560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 31.739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 33.«X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
34.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələr).
36. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır (106.3-cü və 106.4-cü maddələr).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia yenidən rədd edilməlidir. 38.Belə ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallardan göründüyü kimi Cavabdeh LPO İddiaçı ASC-də onun adına açılmış bank hesabından 22 sentyabr 2015-ci il tarixdə 3.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə məxaric etmişdir. Həmin məbləğ sonradan restrukturizasiya edilmiş, qalıq borc məbləği üzrə tərəflər arasında 23 dekabr 2016-cı il tarixdə əlavə razılaşma bağlanmış və razılaşmaya əsasən öhdəliyin icra müddətinin sonu 23 iyun 2022-ci il tarixi kimi müəyyən edilmişdir. 39.İddiaçı cavabdehin üzərinə düşən müqavilə öhdəliklərini icra etməməsini əsas gətirərək, qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yarandığı qənaətinə gəlmişdir. Cavabdeh isə təqdim etdiyi ərizəyə əsasən məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. 40.Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş tələblərin həm əsassız olması, həm də müqavilə tələbləri üzrə müyyən edilmiş üçillik iddia müddətinin ötürülməsi qənaətinə gələrək iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə iddiaçının istinad etdiyi LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi iş materiallarına əlavə edilməmişdir.
41. Nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi kredit müqavilələrindən heç biri iş materiallarına əlavə edilməmiş, 23 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin bağlanmasını təsdiq edən sənədlər nə birinci instansiya məhkəməsinə, nə də ki, apelyasiya icraatı qaydasında işə baxan məhkəmə kollegiyasına təqdim edilmişdir. Bununla belə işdə olan 22 sentyabr 2015-ci il tarixli kassa məxaric orderindən müəyyən edilir ki, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-də olan bank hesabından 3.000 ABŞ dolları məbləğində pulu məxaric etmişdir. Bank da, həmin məbləğin restrukturizasiyasından sonra qalmış borc məbləğinin ödənilməsini cavabdehdən tələb etmişdir. 42.Qeyd edilməlidir ki, “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası qaydası”nın 8.1-ci maddəsinə əsasən, kassadan nağd pulun verilməsi “Kassa məxaric orderi” və ya “Pul çeki”, digər qiymətlilərin məxarici isə “Digər qiymətlilərin balansdankənar məxaric orderi” əsasında həyata keçirilir. Kassadan nağd pulların verilməsi kassa məxaric orderi ilə sənədləşdirilir. Bu zaman kassa məxaric orderini vəsaiti alan şəxs və kassir imzaladıqdan sonra əməliyyat bitmiş hesab edilir. 43.Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanıldığı ehtimal edilən kredit müqavilələri məhkəməyə təqdim edilməsə də, pulun cavabdehə verildiyini sübut etmək vəzifəsi üzərinə düşən iddiaçı kassa məxaric orderini təqdim etməklə ən azı göstərilən məbləğdə pulun cavabdehə verildiyini təsdiq edə bilmişdir. Bu halda, pul vəsaiti verilmədən 3.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair kassa məxaric orderinin etibarsız olduğu və s. halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, kassa məxaric orderi ciddi hesabat sənədi kimi etibarlılıq prezumpsiyasına malikdir və bu sənədin etibarsızlığını, yəni əsasında pul vəsaitinin cavabdehə verilmədiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 44.İş materiallarından isə görünür ki, cavabdeh Bank tərəfindən təqdim edilmiş kassa məxaric orderinin etibarsız olmasını, yaxud pul vəsaitinin faktiki olaraq ona verilmədiyini iddia etmədən, təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 45.Beləliklə də məhkəmə kollegiyası, iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin yarandığı qənaətinə gəlir. Belə ki, iddiaçı bu münasibətlər çərçivəsində cavabdehə 3.000 ABŞ dolları məbləğində pul vermiş, onun, həmin məbləğin restrukturizasiya uğramış hissəsi olan 2.586,70 manat məbləğində pulun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini ona qaytarmasını şərtləndirir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 46.Bununla belə, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə təqdim edilmiş ərizə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 47.Belə ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallardan göründüyü kimi, tərəflər arasında xx.xx.2015-ci il tarixində bağlanmış kredit müqaviləsinə xx.xx.2016-ci il tarixində bağlanmış kredit müqaviləsi ilə xitam verilmişdir. Bununla belə tərəflər arasında bağlandığı ehtimal edilən kredit müqavilələri məhkəməyə təqdim edilməmiş, həmin müqavilələrin mövcudluğunu və şərtlərini təsdiq edən hər hansı yazılı sübut iş materiallarına əlavə edilməmişdir. 48.xx.xx.2016-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2016-xx.xx.2019 tarix aralığını əhatə edən hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, hesabdan çıxarışda iddiaçının istinad etdiyi kredit müqaviləsinə birbaşa istinad edilmədiyindən bu sənədlər məhkəmə tərəfindən mübahisəli halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
49. Qeyd edilməlidir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (MM-in 377.1-377.3 maddələri).
50. Həmçinin qeyd edilməlidir ki, mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri).
51. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).
52. 3.000 ABŞ dolları məbləğində pulun verilməsi əsasında duran müqavilə məhkəməyə təqdim edilmədiyindən, razılaşmaya əsasən yaranmış öhdəliklər üzrə icra müddətinin başa çatdığı anın dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Bununla belə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallardan görünür ki, o, xx.xx.2015-ci il tarixində verilmiş məbləği geri tələb etmək hüququnun pozulduğunu ən geci 23.12.2.2016-cı il tarixində bilmişdir. Bu baxımdan, müqavilə münasibətlərindən irəli gədiyindən iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə üzrə, həmin tarixdən etibarən MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üçillik iddia müddəti tətbiq edilməlidir.
53. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı müqavilə öhdəlikləri üzrə icra müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında əldə olunmuş razılaşma üzrə iddia müddətinim axımı xx.xx.2016-cı il tarixində başlanmaqla xx.xx.2019-cu il tarixdə bitmişdir və iddiaçı bu müddət bitdiyi tarixdən 4 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
54. Beləliklə, iddiaçının malik olduğu müvafiq subyektiv hüququn cavabdeh tərəfindən pozulmasına baxmayaraq, iddia müddəti keçdiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən və bu hal da məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia məhz iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə iddiaçının malik olduğu subyektiv hüququn cavabdeh tərəfindən pozulmadığını müəyyən etməklə yanaşı, eyni zamanda iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi nəticəsinə gəlmişdir ki, bu da formalaşmış məhkəmə təcrübəsi baxımından ziddiyyətli yanaşmadır.
55. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu çoxsaylı qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.
56. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 57.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4063/2025 nömrəli, 30 iyul 2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev