Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5414/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-11216/2014 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1.539,41 manat məbləğində əsas, 1.066,27 manat məbləğində faiz, 461 manat məbləğində cərimə, cəmi 3.066,68 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 11216/2014 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1.539,41 manat məbləğində əsas, 1.066,27 manat məbləğində faiz, 461 manat məbləğində cərimə, cəmi 3.066,68 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin ləğv edicisi “X2 Company” MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 11216/2014 saylı qətnaməsi Cavabdeh xx.xx.2014-cü il tarixdə poçt vasitəsi ilə göndərilsə də, poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə xx.xx.2014-cü il tarixdə məhkəməyə qaytarılmışdır. Bundan sonra qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2014-cü il tarixdə icra olunması üçün icra şöbəsinə göndərilmiş və şöbə tərəfindən icraata qəbul edilərək, icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş həmin tarixdə cavabdehə göndərilmişdir. Bu sənədlərin də cavabdehə rəsmi qaydada təqdim edilməsini təsdiq edən hər hansı sübut, o cümlədən poçt qəbzi mövcud deyil. Bu səbəbdən cavabdehin xx.xx.2024-cü il tarixli müraciətinə əsasən həmin tarixdə ona qeyd edilən qətnamənin surəti təqdim edilmişdir. Cavabdeh də bu tarixi əsas götürərək, xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Lakin nəzərə alınmalıdır ki, qətnamə cavabdehə təqdim edilən vaxt artıq 10 ilə yaxın müddətdir ki, qəbul edilmiş və 2015-ci ilin yanvar ayından icra mərhələsindədir. Həmin qətnamənin, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin göndərildiyi ünvanla hazırki apellyasiya şikayətinin üzərində olan cavabdehin ünvanı eynilik təşkil edir (ünvan 1). Qeyd edilənlər öz növbəsində qətnamə üzrə verilmiş icra sənədi əsasında başlanılmış icra işinin materiallarının nəzərdən keçirilməsini və cavabdehin həmin prosesdən məlumatlı olub-olmadığının müəyyən edilməsini zəruri edir. Belə ki, qətnamə rəsmi çatdırılmasa da, onun əsasında başlanılmış icra icraatı barədə cavabdehin məlumatlı olması artıq apellyasiya şikayətinin verilməsi müddətinin axımının xx.xx.2024-cü il tarixdən hesablanmasını qeyri-mümkün edir. Digər tərəfdən cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı ərizə əsasında məhkəmə qəbzinə imza etməklə qətnaməni xx.xx.2024-cü il tarixdə almışdır. Bu baxımdan apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı xx.xx.2024cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə bitmişdir. Cavabdeh isə vəkili və nümayəndəsi vasitəsi ilə apellyasiya şikayətini “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2024-cu il tarixdə məhkəməyə təqdim etmişdir. Halbuki, xx.xx.2024-cü il tarixi həftənin şənbə və bazar gününə təsadüf etməmişdir. Bununla da cavabdeh rəsmi aldığı tarixdən də qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. Yuxarıda göstərilənlər nəzərə alınmadığı təqdirdə belə, bu halın mövcudluğu apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə verildiyi təqdirdə bu ərizəyə cavabdehin icra mərhələsindən məlumatının olub-olmadığı araşdırılmaqla hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 360-cı, 363-cü, 366-cı, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 11216/2014 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5414/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5414/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver