Məhkəmə qərarları › İş №2(103)-5416/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5416/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5416/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, uşağa görə tutulan alimentin miqdarının artırılması barədə iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Başqa iş üzrə Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi 07.03.2018-ci il tarixli qətnaməyə görə 29.04.2007-ci il təvəllüdlü uşaq X1 üçün hər ay 154 manat aliment atadan (cavabdehdən) tutularaq anaya (iddiaçıya) verilməlidir. Hazırkı işdə ana tələb edir ki, alimentin miqdarı artırılaraq hər ay 175 manat aliment tutulsun. Müəyyən olunur ki, ata 2-ci qrup əlildir, habelə başqa qadınla nikahdan 2 uşağı – 28.07.2013-cü il təvəllüdlü Zeynəb Xəlilova və 31.07.2014-cü il təvəllüdlü Zülfiyyə Xəlilova var. Ona görə də məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, alimentin miqdarının artırılması üçün əsas yoxdur, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar