Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5417/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-317/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh "xxxx" MMC-dən icarəyə götürdüyü, iddiaçıya məxsus olan avtomobillə xx.xx.2022-ci il tarixdə onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə zamanı İddiaçı əmlakına (avtomobilinə) zərər dəymişdir. Dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən İddiaçı sığorta ödənişi olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi- 7000 manat, əldən çıxmış fayda olaraq 2400 manat və ödənilmiş dövlət rüsumu olaraq 114 manat olmaqla, ümumilikdə 9514 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi- 25506,97 manat, əldən çıxmış fayda olaraq 3600 manat və ödənilmiş dövlət rüsumu olaraq 177 manat olmaqla, ümumilikdə 29106,97 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili icarə qaydasında bəzən müxtəlif şəxslərə vermişdir. Onun avtomobilini əsasən 1 günlük toy mərasinləri zamanı istifadə etmişlər. Bu məqsədlə həmin avtomobili xx.xx.2022-ci il tarixində icarəyə vermişdir. Həmin gün 23:30 radələrində Cavabdeh ona məxsus “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Maştağa-Buzovna şossesinin kənarında yerləşən “Retro” restoranının yaxınlığında idarəetməni itirməsi nəticəsində avtomobili yolun kənarında olan ağaca çırpmışdır. Avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuş, lakin kasko sığortası olmadığından ona sığorta ödənişi edilməmişdir. Cavabdeh ona məxsus avtomobili həmin gün etibarnamə əsasında "xxxx" MMC vasitəsilə bir günlük icarəyə götürmüş və yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh avtomobilə dəymiş ziyanı ödəməsini öhdəsinə götürsə də sonradan heç bir ödəniş etməmişdir. Cavabdeh barəsində Xəzər RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı avtomobilə “Euro Style LTD” tərəfindən verilmiş qüsur aktına əsasən 25289,97 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda qüsur aktının tərtibi üçün servisə 177 manat, avtomobilin yoxlanmaq üçün gətirən evakuator xidmətinə görə 40 manat xərcləmişdir. Beləliklədə cavabdehin təqsirindən cəmi 25.506,97 manat (25289,97+177+40) maddi ziyan dəymişdir. O, dəfələrlə cavabdehə avtomobilə vurulmuş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə vədinə əməl etməyərək ödəniş etməmişdir. Halbuki, cavabdehə daha az məbləğdə pul ödəyəcəyi təqdirdə vurulmuş ziyanın qalan məbləğindən imtina edəcəyini dəfələrlə bildirmişdir. Lakin bu günədək cavabdeh heç bir ödəniş etməmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 23:30 radələrində iddiaçıya məxsus "xxxx" MMC-dən icarəyə götürdüyü “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi MaştağaBuzovna şossesinin kənarında yerləşən “Retro” restoranının yaxınlığında idarəetməni itirməsi nəticəsində avtomobili yolun kənarında olan ağaca çırpmışdır. Həmin gün avtomobili “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" MMC-nin ofisində Ramazan adlı şəxsdən götürmüşdür. Avtomobili işə saldıqdan sonra onun əyləc sisteminin nasaz olduğunu hiss etmişdir. Lakin "xxxx" MMC-nin nümayəndəsi avtomobili belə idarə etməsini bildirmişdir. Avtomobilin əyləci yaxşı işləmədiyindən qəza baş vermişdir. Hadisə ilə bağlı onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə yazılmışdır. İddiaçı ilə aralarında ödənişlə bağlı razılıq əldə etsə də, müəyyən maddi çətinliklərə görə maddi ziyanı ödəyə bilməmişdir. Tələb edilən məbləğlə razı deyil. Avtomobilə dəymiş zərərin təxminən 2000-3000 manat olduğunu düşünür.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-317/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi (hakim Emin Rüstəmov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh avtomobilə dəymiş maddi ziyana görə 9038 manat, qüsur aktının tərtib edilməsi xərcinə görə 177 manat, evakuasiya xidmətlərinə görə 40 manat olmaqla, cəmi 9255 manat və ödənilmiş dövlət rüsumuna görə 112,55 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2, 386.1, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 115.0.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
8. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması ilə əlaqədar mübahisəyə dair məhkəmə aidiyyətinin pozulması ilə bağlı ləğv olunmasını, cavabdehin izahatında göstərdiyi istifadəsində olarkən “Mercedes Benz-G500” markalı avtomobilin əyləc sisteminin nasaz olub-olmamasının müəyyən edilməsi və əyləc sisteminin təmiri ilə bağlı avtomobilə hər hansı müdaxilə olunub-olunmamasına dair avtomobil-texniki ekspertiza təyin edilməsini, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası və sənaye mallarının əmtəəşünaslıq tədqiqinə dair ekspertiza təyin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər məhkəmə əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz etsəydi, mübahisənin məhkəmə aidiyyəti Bakı Kommersiya Məhkəməsi olacaqdı, çünki "xxxx" MMC hüquqi şəxsdir. MPM-in 26-cı maddəsi MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İkincisi məhkəmə Cavabdeh hüquqlarını məhkəmə zamanı tam, aydın şəkildə cavabdehə izah etməmiş, bunun yerinə formal xatırlatmalar etmişdir. Bununla da məhkəmə Mülki Prosessual Məcəllənin 174 və 182-ci maddələrinin tələblərini pozmuşdur. Üçüncüsü iş üzrə cavabdeh izahatında “Mercedes Benz-G500” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləc sisteminin saz vəziyyətdə olmadığına və işləmədiyinə görə qəzanın baş verdiyini və bu səbəbdən qəzanın onun səhvi ucbatından baş vermədiyini qeyd etmişdir. Lakin həmin məsələ ilə bağlı məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməmiş, ümumiyyətlə cavabdehin bu izahatını və MPM-in 97.1-ci maddəsini nəzərə almamışdır. Dördüncüsü Xəzər Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertiza rəyində göstərilən dəyişilməli olan ehtiyat hissələrin və təmin-bərpa işlərinin qiymətləri real bazar qiymətlərindən artıq göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmənin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron ərizə ilə məhkəməyə müraciət edərək icraatında olan başqa cinayət işi üzrə məhkəmə prosesində iştirak etdiyindən hazırkı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. Maddə 14.2.6. mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 14.
15. Maddə 21.2 zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
16. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-317/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iş materiallarında olan AC seriyalı 687847 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur.
31. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ƏN-İ seriyalı 893295 saylı nəqliyyat vasitəsini idarə etmək haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətçisi olduğu “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili idarı etməyi 05 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək "xxxx" MMC-yə etibar etmişdir. Nəqliyyat vasitəsi PDS********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır.
32. İş materiallarında olan "xxxx" MMC-nin direktoru A.İ.Hüseynquliyev tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il saat 23:45-dən xx.xx.2022-ci il saat 23:45-dək Cavabdeh idarə etmək üçün verilmişdir.
33. İş materiallarında olan Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı sonuncunun əməlində cinayət tərkibi aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati təsir tədbiri görülməsi məqsədi ilə qərarın surətinin icra edilməsi üçün Xəzər rayon DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
34. İş materiallarında olan Xəzər RPİ-nin baş təhqiqatçısı Elvin Cəfərov tərədindən qəbul edilmiş nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanması haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sükan və idarə sistemi, tormoz sistemi, əl tormoz dəstəyinin və sürət ötürücüsünün vəziyyəti, işıq sistemi, digər aqreqat, mexanizm və hissələri saz vəziyyətdə olmuşdur.
35. İş materiallarında olan "xxxx" LTD MMC avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyyat nişanlı avtomobilə 25289,97 manat ziyan dəymişdir.
36. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ƏİA/5 seriyalı 963158 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil üçün göstərilmiş evakuator xidmətinə görə 20 manat məbləğində xidmət haqqı ödənilmişdir.
37. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ƏİA/5 seriyalı 963159 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil üçün göstərilmiş evakuator xidmətinə görə 20 manat məbləğində xidmət haqqı ödənilmişdir.
38. İş materiallarında olan "xxxx" LTD MMC avtoservis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli П000025176 saylı təmir kartından görünür ki, “Mercedes Benz- G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qüsur aktının tərtib edilməsinə görə İddiaçı 177 manat ödəmişdir.
39. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
40. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.
41. Qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh hüquq zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulduğundan dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti də Cavabdeh daşıyır.
42. Kollegiya cavabdehin apellyasiya şikayətinin məhkəmə aidiyyətinin pozulması ilə bağlı dəlini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MM-yə deyil, İddiaçı məxsusdur. Bu halda isə mülkiyyətçi olaraq İddiaçı hazırkı iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
43. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" LTD MMC avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktını təqdim edərək iddia tələbində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin 25289,97 manat məbləğində olduğunu qeyd etsə də, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9269 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" LTD MMC avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9038 manat müəyyən edilmişdir.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhz ekspert rəyini mötəbər sübut hesab etməklə, zərərin məbləğini rəydə göstərilən qiymətlə müəyyən etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin ekspert rəyinin əsassız ilə bağlı dəlilini də qəbul etmir. Belə ki, cavabdeh həmin rəyi təkzib edəcək hər hansı əsaslı sübut təqdim etmir və iş materialları ilə də rəyi təkzib edəcək hər hansı hal məhkəmə tərəfindən müəyyən edilmir.
45. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətinin qəzanın baş verməsinə səbəb məhz avtomobilin əyləc sisteminin saz vəziyyətdə olmaması barədə dəlilini də qəbul etmir və şikayətin bu dəlilini cavabdehin mülki məsuliyyətdən yayınması kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş prokolundan görünür ki, avtomobilin tormoz sizteminin saz olması qeyd edilmiş, Cavabdeh baş vermiş hadisə üzrə araşdırma zamanı öz əl yazısı ilə vermiş olduğu izahatında avtomobildə hər hansı qüsurun olması barədə qeyd etməmiş və vurmuş olduğu ziyanın ödənilməsi ilə razı olduğunu bildirmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hisssəd təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-317/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.