Məhkəmə qərarları › İş №2(103)-5418/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5418/2025

06.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5418/2025 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı- cavabdeh Cavabdeh firmasına qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh Firmasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. ## #### 2023-cü il tarixli Cavabdeh firması (satıcı) ilə İddiaçı (alıcı) arasında imzalanmış “alqı-saqısına dair” Müqavilənin surətindən görünür ki, satıcı Səbail rayonu, Səlyan şossesi 14 km/2, D2-77 yaşayış binası ünvanındakı ümumi sahəsi 112 kv.m-dən yaşayış sahəsini bir kv.m 1500 manat olmaqla alıcıya satır, alıcı isə həmin mənzili qəbul edir və müqavilə razılaşdırılmış qaydada mənzilin dəyərini satıcıya ödəyir.

2. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən sahə ölçülərinin hesablanması çöl divarlarla hesablanmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 78,50 kv.metr təşkil edən Bakı şəhəri, Səbail rayonu, ünvan 3; yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Liman küçəsi giriş 27C, M1, m2 ##.##.2024-cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh firmasına qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50250 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh firması arasında ## #### 2023-cü il tarixdə “mənzilin alqı-satqısına dair” ** saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı Səbail rayonu, Salyan şossesi 14 km/2, D2-77 yaşayış binası ünvanındakı ümumi sahəsi 112 kv.m olan yaşayış sahəsinin 1 kv.m 1500 manat olmaqla iddiaçıya satır. Mənzilin qiyməti olan 168.000 manat pulu tam olaraq ödəmişdir. 29 noyar 2024cü il tarixdə mənzilə çıxarış almışdır. Çıxarışı alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 112 kv.m deyil, 75.50 kv.metrdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 50250 manat artıq pul almışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. Birinci instasniya məhkəməsi iddiaçının dəlillərini yoxlamaq üçün ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ## #### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin bütün otaqlar nəzərə alınmaqla çöl divarlarından hesablanmaqla 112.0 kv.m, bütün otaqlar nəzərə alınmaqla çöl divarlarından hesablanmamaqla isə 78,5 kv.m olduğu müəyyən olunur.

8. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyi və iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, tərəflər bağlamış olduqları müqavilə ilə razılaşdırmışdırlar ki, Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarlarından hesablanır. Belə ki, iddiaçı özü də müqaviləni bağlayarkən mənzilin ümumi sahəsinin çöl divarlarından hesablandığı haqqında məlumatlı olmuş və bu şərti qəbul edərək müqaviləni imzalamışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, tərəflər mənzilin sahəsinin hesablanmasının çöl divarlardan hesablamaqla bağlı razılığa gəlmiş və həmin sahənin ekspert rəyi ilə də təsdiq olunduğu kimi 112 kv.m olduğu təsdiqini tapır. Ekspert rəyi ilə tərəflər arasında bağlanmış müqaviləni nəzərdən keçirərkən isə müəyyən olunur ki, çöl divarlarından hesablanmaqla mənzilin ümumi sahəsi 112 kv.m təşkil edir və hər kv.m üçün 1500 manatdan hesablanmaqla mənzilin dəyəri 168.000 manat təşkil edir. İddiaçı özünün də bildirdiyi kimi mənzilin dəyəri kimi 168.000 manat pul ödəmişdir. Belə olan halda, cavabdehin müqavilənin şərtinin ziddinə əsasən iddiaçıdan razılaşdırılmış məbləğdən artıq məbləğdə vəsait aldığı müəyyən edilmir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 752.1 və 766-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin “Tikinti” obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2012-ci il tarixli * saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndində aşağıdakılar göstərilir. 59.2. bəndi- Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. bəndi- Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə daxil edilmir. 3.8. bəndi Mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terassların sahələri- 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mübahisələndirdiyi qətnaməni qəbul edərkən hakim nədənsə qanunda açıq mətnlə ümumi yaşayış sahəsinin anlayışının verildiyini nəzərə almamış, bunu qətnamədə belə izah etməmişdir. Belə ki, tərəflər arasaında bağlanmış ## #### 2023-cü il tarixli müqavilənin 2.3.cü bəndində “Sahə ölçülərinin hesablanması çöl divarlarla hesablanmışdır” göstərilmişdir. Əvvəla qeyd etməlidir ki, həmin müddəa yuxarıda göstərilən normaların tələblərinə ziddir. Digər tərəfdən müqavilənin göstərilən müddəasının şərti olaraq düzgün hesab etsək belə məhkəmə mübahisəni düzgün həll etməmişdir. Çünki, müqavilənin göstərilən müddəası daxili divarlar deyil, yalnız çöl divarları ehtiva edir. Bütün bunlara baxmayaraq mənzilin ölçüləri hesablanarkən tamamilə yanlış olaraq, daxili divarlar da mənzlilin ümumi sahəsinə daxil edilmişdir. Bütün bunlar isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı olaraq mənzilin çöl divarlarından ölçüsünün 112 kv.m olmasının mübahisələndirməmişdir. Mübahisə ondan ibarətdir ki, Cavabdeh firması elə müqavilə bağlayanda qanun və hüquqları pozmuşdur. İddiaçı olaraq onun 70 yaşı var, göz və ürək əməliyyatı keçirmiş, müqaviləni də başa düşmədən imzalanmışdır. Cavabdeh firması hər dəfə sorğusuna cavab verib ki, narahat olma mənzilin ümumi sahəsi 112 kv.m-dir. Lakin ## ###### 2024-cü il tarixli çıxarışı alanda mənzilimin 78.50 kv.m olduğunun bilmiş və dərhal da məhkəməyə müraciəit etmişdir. Mübahisələndirdiyi qətnaməni çıxararkən məhkəmə Mülki Məcəllənin 646- 650-ci müddələrinə əsaslanmalı olduğu halda hüquq normasını səhv təfsir edərək Mülki Məcəllənin 752.1 və 766-cı maddələrlinə əsasən şərh etməklə ciddi səhvə yol vermişdir. Qətnaməni çıxararkən hakim işdə olan sübutlara doğru qiymət verməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə çıxarılmışdır. Belə ki, qanun pozuntusu ondan ibarətdir ki, Cavabdeh firması onunla ## #### 2023-cü ildə bir müqavilə bağlanmış ondan aldığı 168.000 manat pulun cəmi 35.600 manatını“Kapital Bank” vasitəsi ilə rəsmiləşdirilmiş, qalan 132.400 manat pul isə özləri qəbul etmişdir. Başqa bir qanun pozuntusu ondan ibarətdir ki, Cavabdeh firması onunla ** saylı notariat ofisində ## ###### 2024-cü ildə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlayır və ondan 100.000 (bir yüz min) manat pul alaraq, guya mənzili ona bu qiymətə satır. Həmin müqavilədə mənzilin ümumi sahəsi 78.50 kv.m göstərilir. Bu fakt təsdiq edir ki, cavabdeh ilkin müqavilədə bağlayarkən iddiaçını aldatmış, sonradan isə həm onu, həm də dövləti aldadaraq vergidən yayınmışdır. Məhz bu faktlara əsasən o, iddiada ikinci tələb olaraq MPM-nin 265.4-cü maddəsinə əsasən Cavabdeh firmasının rəhbər işçilərinin əməllərində cinayətin əlamətləri aşkara çıxdığı üçün AR CM-nin 178.3.2, 308 və 309-cu maddələri ilə cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini tələb etmişdir. Amma məhkəmə bu tələbini “görməmiş” və qətnamənin giriş hissəsində onun iddiasının nədən ibarət olmasını göstərməkdən belə çəkinmiş və bununla da qətnaməyə verilən tələbləri pozmuşdur. Belə ki, MPM-nin 190, 220 maddələrini əməl edilməsi hakim tərəfindən unudulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. 14.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, işin obyektiv həlli üçün apellyasiya icraatında ekspertiza təyin edilmişdir. Ziddiyyətli məqamlar ekspert rəyi ilə bir daha aradan qaldırıldı. Müqavilə azadlığı prinsipinə əsasən tərəfə əmlakı çeşidinə və keyfiyyətinə uyğun təklif etmişdirlər, bu müqavilədə nəzərdə tutulub.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlasnılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən edilmişdir ki, Cavabdeh firması (satıcı) ilə İddiaçı (alıcı) arasında imzalanmış “mənzilin alqı-saqısına dair” Müqavilənin surətindən görünür ki, satıcı Səbail rayonu, Səlyan şossesi 14 km/2, D2-77 yaşayış binası ünvanındakı ümumi sahəsi 112 kv.m-dən yaşayış sahəsini bir kv.m 1500 manat olmaqla alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşdürlər. Müqavilənin şərtinə əsasən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 1500 manat müəyyən edilmişdir. Mənzilin dəyəri kimi 168.000 azn pul alıcı tərəfindən ödənilmişdir.

22. İddiaçı iddia tələbində cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verildiyini qeyd edir və mənzilin artıq kvadrat metrinə görə ödədiyi məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

23. Məhkəmə iddianı rədd edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə razılaşdırmışdırlar ki, müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarlarından hesablanır. Belə ki, iddiaçı özü də müqaviləni bağlayarkən mənzilin ümumi sahəsinin çöl divarlarından hesablandığı haqqında məlumatlı olmuş və bu şərti qəbul edərək müqaviləni imzalamışdır. Tərəflər mənzilin sahəsinin hesablanmasının çöl divarlardan hesablamaqla bağlı razılığa gəlmiş və həmin sahənin ekspert rəyi ilə də təsdiq olunduğu kimi 112 kv.m olduğu təsdiqini tapmışdır.

24. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ## #### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin bütün otaqlar nəzərə alınmaqla çöl divarlarından hesablanmaqla 112.0 kv.m, bütün otaqlar nəzərə alınmaqla çöl divarlarından hesablanmamaqla isə 78,5 kv.m olduğu müəyyən olunur.

25. Məhkəmənin mövqeyi ilə razılaşmayan iddiaçı apellyasiya şikayətində hesablamanın düzgün aparılmadığını, mənzilin ölçüləri hesablanarkən tamamilə yanlış olaraq, daxili divarların da mənzlilin ümumi sahəsinə daxil edildiyini iddia etmişdir.

26. Bu səbəbdən apellyasiya mərhələsində iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert rəyi əldə edilmişdir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/*** nömrəli, ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən: - Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km, ev 2, mənzil 77 giriş D (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən mənzilin faktiki sahəsi əmsal tətbiq olunmadan 86.7 kv.metr təşkil edir. - Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km, ev 2, mənzil 77 giriş D (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi müqavilə şərti nəzərə alınmaqla 112.0 kv.m təşkil edir. - Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km, ev 2, mənzil 77 giriş D (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən mənzilin ara divarlarının altına düşən sahəsi 33.5 kv.metr təşkil edir. - Mənzilin sahəsinin ölçüsündə yaranmış fərq müqavilə şərtlərinə görə hesablanma aparılması nəticəsində yaranmışdır. - Yaranmış sahə fərqinin ara divarlarının yerinin dəyişdirilməsi, mənzilin təmiri ilə əlaqəsi yoxdur.

28. Mübahisə ilə bağlı kollegiya qeyd edir ki, “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarınının 13.8-ci bəndində qeyd edilir ki, 13.8. Çoxmənzilli binalarda podratçı tərəfindən sifarişçiyə təhvil verilmiş mənzilin çatışmayan sahəsinin hesablanması ilə bağlı mübahisələr üzrə podratçının öhdəliklərini qüsurlu icra edibetməməsi aydınlaşdırılarkən ilk öncə tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtləri nəzərdən keçirilməlidir. Müqavilədə mənzilin sahəsinin hesablanması qaydası ilə bağlı şərtlər nəzərdə tutulduğu halda, mübahisə həmin şərtlər tətbiq edilməklə həll edilməlidir. Əks halda, yəni belə şərtlər mövcud olmadıqda isə müqavilədə göstərilmiş ümumi sahə ilə təhvil verilmiş mənzilin işçi sahəsi eynilik təşkil etməlidir. Mənzilin işçi sahəsi dedikdə, bayır və ara divarlarının altı, habelə məhəccərlərin və sobanın yerləşdiyi sahələr nəzərə alınmadan və şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş azalma əmsalları tətbiq edilmədən müəyyən edilən sahə nəzərdə tutulur.

29. Həmin Qərarın 13.9-cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) Kollegiyasının 2012-ci il # ###### tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələblərinə uyğun nəzərdə tutulmuş əmsallar tətbiq edilməklə mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az qeyd olunması, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin bu qaydada hesablanması şərtləşdirilməyibsə, bu, podratçının müqavilə öhdəliklərinin pozuntusu kimi qiymətləndirilə bilməz. Bu zaman podratçının müqavilədə göstərilən sahəni real olaraq sifarişçiyə təhvil verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilməli, bu araşdırmanın nəticəsindən asılı olaraq podratçının sifarişçi qarşısındakı müqavilə öhdəliklərini qüsurlu icra edib-etmədiyi aydınlaşdırılmalıdır.

30. Nəzərə alınmalıdır ki, bu Qərarın 13.10-cu bəndində istinad olunmuş hüquqi aktların təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etməkdən ibarətdir. Buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar da məhz bu məqsədlərə nail olunmasına xidmət edir. Qeyd olunan tənzimləmənin fiziki və hüquqi şəxslər arasında bağlanmış podrat münasibətlərinə eyni qaydada tətbiq edilməsi mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinin pozulmasına səbəb ola bilər. (13.10-cu bənd)

31. O da vurğulanmalıdır ki, əşyanı qəbul etdikdən sonra sifarişçi tərəfindən mənzilin yenidən qurulması (planlaşdırılması) həyata keçirildiyi halda, tərəflərin müqavilə öhdəliklərini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ müqavilə şərtləri çərçivəsində, o cümlədən layihə sənədlərinə əsasən həll edilməlidir. Çünki sifarişçinin sonradan öz mənzilində apardığı yenidənqurma işləri nəticəsində mənzilin işçi sahəsinin bir hissəsinin tikintialtı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz.

32. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə təhvil verilməli mənzilin sahəsinin 112 kv.m olması və sahə ölçülərinin hesablanmasının çöl divarlarlarla hesablanması razılaşdırılmışdır.

33. İş üzrə əldə edilmiş **/*** nömrəli, ##.##.2026-cı il tarixli ekspert rəyindən də göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km, ev 2, mənzil 77, giriş D (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi müqavilə şərti nəzərə alınmaqla dəqiq 112.0 kv.m təşkil edir. Həmçinin ekspertiza nəticəsində təsdiq olunmuşdur ki, mənzilin daxili ara divarlarının altına düşən sahə 33.5 kv.m təşkil edir və iddiaçının göstərdiyi sahə fərqi məhz tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərinə (sahənin çöl divarlarından hesablanması qaydasına) müvafiq olaraq yaranmışdır. Rəydən o da aydın olur ki, yaranmış bu sahə fərqinin mənzildə aparılmış hər hansı təmir və ya ara divarlarının yerinin dəyişdirilməsi işləri ilə heç bir əlaqəsi yoxdur.

34. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

35. Beləliklə məhkəmə kollegiyası iddia tələbini əsassız hesab edən birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından aşkar olduğu kimi, tərəflər arasında imzalanmış müqavilədə iradə sərbəstliyi prinsipinə uyğun olaraq mənzilin sahəsinin çöl divarlarından hesablanması qaydası müəyyən edilmiş və cavabdeh tərəfindən həmin müqavilə öhdəliyi tam və lazımi qaydada icra olunaraq iddiaçıya faktiki olaraq müqavilədə nəzərdə tutulmuş 112.0 kv.m sahə təhvil verilmişdir. Bu baxımdan cavabdehin öhdəlikləri qüsurlu icra etməsi və ya iddiaçıya çatışmayan sahəyə görə artıq ödənilmiş məbləğin qaytarılması üçün hər hansı hüquqi əsas mövcud deyildir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda və bu müqavilənin məzmununu müəyyənləşdirməkdə sərbəstdirlər. İddiaçı müqavilə şərtlərini, o cümlədən sahənin hesablanması metodologiyasını bilərək və qəbul edərək müqaviləni imzalamışdır.

37. Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməldir.

38. Kollegiya həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 150 (yüz əlli) manat iddiaçı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BİK CTREAZ** saylı hesaba keçirilməlidir. 39.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumun apellyatorun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 150 (yüz əlli) manat iddiaçı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BİK CTREAZ** saylı hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar