Məhkəmə qərarları › İş №2(103)-5419/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5419/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5419/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)-2211/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)- 2211/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətin tələb hissəsində birinci instansiya məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilmişdir ki, işdə də belə bir tarixli qətnamə mövcud deyildir MPM-nin 361.1 və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hala diqqət yetirməmişdir. Eyni zamanda, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 112.1.3cü maddəsinin tələbinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi, hazırki iş üzrə iddianın qiyməti 500 manatdan yuxarıdır. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1 və 8.1.2-ci maddələrinin tələblərinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Qanunun 8.4.1-ci maddəsinin tələbinə görə apellyasiya şikayətlərindən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir (qeyd edilməldiir ki, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə yalnız iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar). Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu haqqında qəbzdən isə görünür ki, cavabdeh dövlət rüsumu kimi 15 manat ödəməli olduğu halda, cəmi 10 manat pul ödəmişdir. Bu hal isə apellyasiya şikayətinin MPM-in 363.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qaytarılması üçün əsas hesab edilir. Bununla yanaşı, iddia qismən təmin olunmuş, qətnamə tərəflərə 13 aprel 2021-ci il tarixli qaimə ilə göndərilmiş, cavabdeh qətnamədən 28 aprel 2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin verilmə müddətinin bitməsini gözləmədən apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)-2211/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar