Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5421/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 oğlu, Cavabdeh və onun vəkili Fərəcov Salman Böyükağa oğlunun iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-593/20 saylı, 17 fevral2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19500 ABŞ dolları məbləğində maddi, 5000 manat məbləğində mənəvi ziyanın, cəmi 24500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-593/20 saylı, 17 fevral2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayətivermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, rayon məhkəməsi tərəfindən işin bütün faktiki halları tam araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili N.Sadıqov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı xx xxxx 2017-ci il tarixdə Cavabdeh 2014-cü il buraxılışlı ban nömrəsi Z8TGYKH40EM010976 olan X4 markalı avtomobili almışdır. Maşının qiymətini 19500 ABŞ dollarına danışıb pulu tam şəkildə ödəmişdir. Həmin vaxt cavabdeh avtomobillə bağlı heç bir problemin olmadığını demişdir. xx xxxxxx 2019-cu ildə həmin avtomobillə ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikasının Bolnisi rayonuna istirahətə gedərkən “Qırmızı Körpü” X3 Gürcüstan Respublikasına aid olan hissəsində polis əməkdaşları onu saxlamış, avtomobilin İnterpol tərəfindən axtarışda olduğunu və üzərinə həbs qoyulduğunu, avtomobilin 2014-cü ildə X1 şəhərində oğurlandığını, 2015-ci ildən Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyini bildirmiş və avtomobili ondan almışdırlar. Ailəsi ilə birlikdə məcbur olub taksi ilə Bolnisi rayonuna getmiş, oradan da dərhal Bakıya qayıtmış və cavabdehə zəng vurub, onunla görüşməyi təklif etmiş, dəfələrlə cəhd etsə də, lakin cavabdeh onunla görüşməkdən qaçmışdır. Telefon danışıqlarında başına gələn hadisə barədə ona hər şeyi danışmış, ondan aldığı pulun geri qartarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir. Beləliklə, cavabdeh iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsini yerinə yetirməmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdeh həmin avtomobili Gürcüstan Respublikasından aldığını iddiaçıya bildirmişdir. Hamıya məlumdur ki, son illər Gürcüstan Respublikasının avtomobil bazarında qaçırılmış, oğurlanmış, eləcə də Amerika və Asiya ölkələrində təbii fəlakətlər nəticəsində ziyan görmüş avtomobillər bəzi hallarda ban nömrələri, rəngi və digər eyniləşdirici göstəriciləri dəyişdirilməklə, bəzən də təmir və restavrasiya edilməklə ucuz qiymətə satılır. Maşın alveri ilə məşğul olanlar da bundan məharətlə istifadə edirlər. Cavabdeh də bütün bunları bilməmiş deyildi, ən azından o, bunu bilməli idi. Hər bir halda cavabdeh iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad avtomobil verməyə borclu idi. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə nümayəndə qeyd etdi ki, ailəsi ilə başqa ölkəyə avtomobillə istirahətə gedən iddiaçının avtomobilinin oğurluq olması əsası ilə əlindən alınması halında onun psixoloji gərginlik və sarsıntı keçirməsi mübahisə doğurmayan haldır. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, o, maşını 2015-ci ilin dekabr ayının 1-də Gürcüstan Respublikasından tanımadığı şəxsdən almış, elə avtomobil bazarında satıcı maşını onun adına keçirmiş, həmin vaxt maşının üzərində məhdudiyyət olması barədə məlumatı olmamış, maşın bir müddət özündə olmuş, sonradan həmin maşına uyğunluq sertifikatı almış, 2017-ci ildə isə həmin maşını 19500 ABŞ dollarına İddiaçı satmış, maşını satarkən onun oğurluq olması və axtarışda olmasını bilməmiş, bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili S.Fərəcov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, cavabdehin maşının üzərində məhdudiyyət olmasından məlumatı olmayıb, onun heç biri təqsiri yoxdur, cavabdehin özü də vicdanlı əldə edəndir,bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 059 nömrəli aktın surətindən görünür ki, Mitsubishi Pajero markalı 99LL303 dövlət qeydiyyat nişanlı avtomobil qırmızı körpü adlanan ərazidə interpol tərəfindən axtarışa verildiyinə görə saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol polisi idarəsinin xx xxxxxx 2020-ci il tarixli 12961-1220 nömrəli məktubundan və ona əlavə olunan qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından məlum olur ki, Mitsubishi Pajero markalı 99LL303 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxmışdır. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 2017-ci il tarixində Mitsubishi Pajero markalı 99LL303 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satmışdır. Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sisteminin NNVS 002336 saylı xx.xx.2016-cı il tarixdə verilmiş uyğunluq sertifikatından görünür ki, Cavabdeh tərəfindən sifariş (AZ 031 xx.xx.07016.15 nömrəli xx.xx.2015-ci il tarixli) olunan buraxılış ili 2004, X4 markalı avtonəqliyyat vasitəsi normativ sənədlərin tələblərinə uyğundur. X2 təsdiq etmişdir ki, mübahisəli avtomaşını Turbo.az saytından sifariş veriblər, Cavabdeh 2017-ci ildə 19500 ABŞ dollarına alıblar. Avtomaşının alqı-satqısı zamanı heç bir problemi olmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1.-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh (satıcı) iddiaçıya (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borclu olduğu halda, üzərində məhdudiyyət olan əşyanı vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə iclasında həmin avtomobili, Gürcüstan Respublikasında 2015-ci ildə avtomobil bazarında tanımadığı şəxsdən aldığını, həmin vaxt maşının oğurluq və axtarışda olduğunu bilmədiyini bildirmişdir. Cavabdeh həmin vaxt avtomobilin üzərində məhdudiyyət olduğunu bilmədiyini qeyd etsə də, Məhkəmə kollegiyası cavabdeh tərəfin bu dəlili ilə razılaşmır və qeyd edir ki, Gürcüstan Respublikasında avtomobil bazarının qonşu dövlətlərlə münasibətdə xeyli ucuz olması, bunun səbəbinin oğurlanmış və zərər görmüş avtomobillərin həmin ölkədə sərbəst satılmasının mümkünlüyü hamıya məlum olan haldır. Qanunun tələbinə görə, alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur (MM, maddə 573.1.). Hazırkı halda cavabdeh istinad olunan normanın şərtinə əsasən iddiaçının avtomobili alarkən onun oğurlanmış və axtarışda olduğunu bilməsi barədə sübut vermədiyindən, elə həmin normanın tələbinə görə o, satıcı kimi alıcıya-iddiaçıya dəymiş zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə Məhkəmə Kollegiyası aşağıdakıların qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı halda işin mübahisəsiz olan hallarına əsasən iddiaçının müəyyən psixoloji gərginlik və sarsıntı keçirməsi mübahisə edilə bilməz. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Hazırkı halda, Kollegiya hesab edir ki, iddiaçının hüququnun pozulması faktının müəyyən edilməsi və maddi zərərin ödənilməsi mənəvi zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Prosessual 385.1.2-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməli, cavabdehdən 19500 ABŞ dolları alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, cavabadehdən 19500 ABŞ dolları alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda, avtomobili aldığı şəxsə qarşı eyni tələbi irəli sürmək hüququnun olması Cavabdeh izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-593/20 saylı, 17 fevral2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 19500 ABŞ (on doquz min beş yüz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumu 30 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Avtomobili aldığı şəxsə qarşı eyni tələbi irəli sürmək hüququnun olması Cavabdeh izah olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5421/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5421/2020
25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver