Məhkəmə qərarları › İş №2(103)-5421/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5421/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5421/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4190/2023 saylı xx.xx.2024cü il tarixli qərardadından cavabeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4100 manat pul vəsaitinin tutularaq İddiaçı1 Məhəmədəli oğluna və 5800 manat pulun tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2(004)- 4190/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 4100 manat məbləğində pulun tutularaq İddiaçı1 Məhəmmədəli oğluna,5800 manat məbləğində pulun isə tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir Cavabdeh1 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2(004)-4190/2023 saylı qətnaməsi icraya yönəldilmiş və Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bətiyar Babayev tərəfindən cavabdeh X1 rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və məhz bu zaman cavabdeh mübahisələndirilən qətnamədən məlumatlı olmuşdur. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə nümayəndəsi vasitəsi ilə qətnamənin qəbzə imza etməklə əldə etmişdir. İş üzrə vəkili kimi çıxış edən Nümayəndə ona qətnamə barədə məlumat verməmiş və həmin vəkillə hüquqi yardım göstərilməsi haqqında sonra və digər müqavilə imzalanmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4190/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmişdir. Cavabdehin qeyd edilən qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 Məhəməmədəli oğlu və İddiaçı2 Cavabdeh1 qarşı "pul" tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4100 manat pul vəsaiti tutularaq, İddiaçı1 Məhəməmədəli oğluna və 5800 manat pul tutularaq, İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4190/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 4100 (dörd min yüz) manat məbləğində pulun tutularaq İddiaçı1 Məhəməmədəli oğluna, Cavabdeh1 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun isə tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməmiş, yalnız Yasamal rayon İcra və Probasiya şöbəsinə dəvət edilən zaman belə bir qətnamənin icraya yönəlməsindən məlumatı olmuşdur. Bu səbəbdən ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2024- cü il tarixdə nümayəndəsi vasitəsi ilə həmin qətnaməni əldə etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4190/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4190/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardad belə əsaslandırılmışdır ki, "Məhkəmə icraatı dövründə cavabdeh vəkillə təmsil olunmuş, eləcə də müxtəlif vaxtlarda məhkəmənin ünvanına ərizə ünvanlamış və məhkəmədə cavabdeh olduğu işdən məlumatlı olmuşdur. Odur ki, məhkəmə cavabdehin nümayəndəsi və vəkili kimi çıxış edən Nümayəndə məhkəmənin yekun qərarı barədə ona məlumat verməməsi dəlilini ağlabatan hesab etmir." Məhkəmə qərardad qəbul edən zaman nəzərə almamışdır ki, əgər həqiqətən cavabdeh qətnaməni almış olsa idi, bu zaman ondan təkrar məhkəmə qətnaməsinin əldə edilməsi üçün Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən ödənilməli olan 10 manat məbləğində rüsum tələb edilərdi. Bu fakt özü də təsdiq edir ki, cavabdeh məhkəmə qətnaməsini əldə etməmişdir. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh1 elektron məhkəmə kabineti yoxdur və qətnamə MPM-nin tələblərinə uyğun olaraq, ona təqdim edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləyə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarına əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-4190/2023 saylı qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdehin ərizəsi əsasında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4190/2023 saylı qətnaməsi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə isə cavabdehin müddətin bərpasına dair ərizə ilə birgə apellyasiya şikayəti daxil olmuşdur. Ərizədən görünür ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin üzrlü səbəbi kimi nümayəndə-vəkili Nümayəndə qətnamə barədə onu məlumatlandırmamasını, qətnamədən yalnız icra mərhələsində xəbərdar olmasını göstərmişdir. Göstərilən dəlillərlə bağlı kollegiya birinci instansiya məhkəməsinin şərh etdiyi mövqe ilə razılaşır və bildirir ki, iş üzrə müəyyən edilən hallar nəzərə alındıqda cavabdehin üzrlü səbəb kimi göstədirdiyi dəlillər ağlabatan və inandırıcı görünmür. Belə ki, iş materialllarında Cavabdeh1 şəxsən özü tərəfindən imzalanmış məhkəməyə ünvanlanan ərizə və müraciətləri mövcuddur ki, bu da barəsində olan məhkəmə işinə cavabdehin maraq göstərdiyinə, işin gedişatından məlumatlı olduğuna böyük ehtimal yaradır. Belə olan təqdirdə məhkəmədə cavabdehi təmsil edən şəxsin onu qətnamədən xəbərdar etməməsini güman etdikdə belə, cavabdehin mülki işin nəticəsinə maraq göstərməməsi ərizədə irəli sürürlmüş dəlilləri ciddi şübhə altına alır. Cavabdehin müvafiq qətnamadən məhz icra mərhələsində məlumatlı olmasına dair dəlillinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi Yasamal rayon Məhkəməsinin 2(004)-4190/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata Yasamal rayon İcra şöbəsinin 23 yanvar 2024-cü il tarixli qərarı ilə başlanılsa da, cavabdeh qətnamənin surətinin alınması üçün yalnız aprel ayında məhkəməyə müraciət etmişdir. Kollegiya şikayətin digər dəlilləri ilə bağlı nəzərə çatdırır ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxsə göndərildiyi təqdirdə, həmin şəxsin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını, yəni məhkəmə aktından ilkin olaraq hansı tarixdə məlumatlı olunmasına dair araşdırmanın aparılmasını aradan qaldırmır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4190/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar