Məhkəmə qərarları › İş №2(103)-5422/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5422/2023

22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5422/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2675/2022 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 10.313 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsinin 10 il ərzində gecikdirilməsinə görə illik 5 faiz olmaqla hesablanmış 5.156 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilsin. İddia onunla əsaslandırılıb ki, iddiaçı 2011-ci ildə cavabdehin xahişi ilə bankdan 15.000 ABŞ doları kredit götürərək cavabdehə verib, cavabdeh isə söz verib ki, həmin krediti və onun faizlərini özü banka ödəyəcək. Cavabdeh bir müddət banka ödəniş etdikdən sonra ödənişləri dayandırdı. Ona görə də iddiaçı cavabdehə verdiyi pulu o geri almaq üçün iddia ilə məhkəməyə müraciət etməyə məcbur oldu. Həmin iddia ərizəsində iddiaçı 10.313 ABŞ dolları pulun və bu məbləğə görə bank uçot dərəcsinə uyğun faizin tutulmasını xahiş edib. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 2358/2019 nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 10.313 ABŞ dollarının tutulması qət olunub. Həmin qətnamə qanuni qüvvəyə minib. Lakin cavabdeh qətnamədə göstərilən pulu bu günə kimi iddiaçıya ödəməyib. Ona görə də 10.313 ABŞ dollarının ödənilməsinin gecikdirilməsinə görə 10 il üçün illik 5 faiz olmaqla 5.156 ABŞ dollarının ödənilməsini tələb edir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya etiraz edib, o cümlədən yazılı etiraz təqdim edib. Etiraz onunla əsaslandırılıb ki, cavabdehdən iddiaçının xeyrinə pul tutulması barədə qanuni qüvvəyə minmiş iki qətnamə var, həmin qətnamələr üzrə tutmanın borcluya məxsus daşınmaz əşyaya (qeyri-yaşayış sahəsinə) yönəldilməsi üçün icra məmuru tərəfindən qanuni tədbirlər görülmüşdür. Lakin həmin əmlakın satılması iddiaçının hərəkətləri nəticəsində mümkün olmur, belə ki, iddiaçı məhkəməyə müraciət edərək əmlakın qiymətləndirilməsi barədə rəyi mübahisələndirib. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 1.546,95 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə dəyişdirilsin, yəni tutulmalı olan pul qətnamədə səhvən manatla göstərildiyinə görə həmin pul dollar ilə göstərilsin, qalan hissədə qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Başqa mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 2358/2019 nömrəli qətnaməsi ilə qət olunub ki, 10.313 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulsun. Həmin qətnamədə digər tələb də həll olunub, lakin qətnamənin yalnız 10.313 ABŞ dolları ilə bağlı hissəsi hazırkı mübahisəyə aiddir. Bu qətnamə xx.xx.2021-ci ildə (həmin iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarının qəbul edildiyi tarixdə) qanuni qüvvəyə minib. Hazırkı işdə iddiaçı 10.313 ABŞ dollarının ödənilməsinin gecikdirilməsinə görə pul tələb edir. İddiaçı gecikdirilmə müddətini 10 il göstərsə də, birinci instansiya məhkəməsi hesab edib ki, həmin pulun ödənilməsinin 3 il müddətində gecikdirilməsinə görə hər il üçün 5 faiz pul tutulmalıdır. Bu məbləğ isə 1.546,95 ABŞ dolları təşkil edir. Lakin birinci instansiya məhkəməsi hesablama apararkən pul məbləğini səhvən dollar ilə deyil, manatla göstərib, yəni 1.546,95 manat tutulmasını qət edib. Cavabdeh qətnaməni mübahisələndirməyib. Ona görə də bu həmin pulun tutulmasının əsaslılığı apellyasiya qaydasında yoxlanıla bilməz. Lakin iddia ərizəsində pul dollar ilə tələb olunub və qətnamədə pulun dollar ilə tutulması əsaslı sayılıb, buna baxmayaraq qətnamə tərtib edilərkən yanlışlıq üzündən pulun məbləği manatla göstərilib. İddiaçı apellyasiya şikayətində bunu mübahisələndirib. Mübahisələndirmə əsaslıdır. Çünki Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, tələbdə isə dollar göstərilib. Ona görə də qətnamə iddianın təmin edilən hissəsində dəyişdirilməli, həmin pul ABŞ dolları ilə tutulmalıdır. Qətnamə iddinın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci mddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. İddianın dəyişdirilməsi barədə ərizədə iddiaçı məhz həmin maddəyə istinad edərək 5 faiz tələb edib. Bu maddədə göstərilən “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır, gecikməyə görə ödənilən pul isə dəbbə pulu sayılır. Belə ki, “dəbbə pulu” anlayışdan görə, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur (Mülki Məcəllə, maddə 462.1). Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər (Mülki Məcəllə, maddə 464.1). “5 faiz” qanunla müəyyənləşdirilmiş dəbbə puludur. Birinci instansiya məhkəməsi həmin dəbbə pulunu 3 il üçün hesablamaqla düzgün nəticəyə gəlib, daha uzun müddətə görə dəbbə pulunun tutulması üçün əsas yoxdur. Belə ki, 10.313 ABŞ dollarının (dəbbə pulunun aid olduğu borcun) tutulması barədə qənamə xx.xx.2019-cu ildə qəbul olunub, cavabdeh həmin tarixdə bilib ki, məhkəmə onun üzərinə bu pulu iddiaçıya ödəmək vəzifəsi qoyub, o, qətnaməni mübahisələndirsə də, son nəticədə uduzub. Odur ki, hüquqi müəyyənlik baxımından qətnamənin qəbul edildiyi tarix dəbbə pulunun hesablanmasının əvvəli kimi qəbul olunmalıdır. Hazırkı iş üzrə qətnamə isə 3 il sonra - xx.xx.2022-ci ildə qəbul olunub. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 2675/2022 nömrəli qətnaməsi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilsin, 1.546,95 (min beş yüz qırx altı tam yüzdə doxan beş) ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar