Məhkəmə qərarları › İş №2(103)-5426/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5426/2022

29.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5426/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Nəzirə Altay qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1570/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən «X2» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1570/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, hazırkı mülki kollegiyanın tərkibində olan hakim Anar Tanrıverdiyevin icraatında olan “iddiaçı Cavabdehlər X1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbi barədə mülki iş” üzrə icraat bu işə baxılması ilə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1419/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə dayandırılmışdır. Bu səbədən, hazırkı mülki iş həmin mülki işlə əlaqəli olduğundan bir icraatda baxılması üçün birləşdirilməsini xahiş etdi. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili Vəkil başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar hazırkı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, iddiaçı Cavabdehlər X1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbi barədə mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi A.Tanrıverdiyevin icraatındadır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1419/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdehlər X1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbi barədə mülki iş üzrə icraat, iddiaçı Sadıqlı (Məmmədova) Aida Loğman qızının Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair 2(006)- 1570/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş əlaqəli olan “iddiaçı Cavabdehlər X1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbi barədə mülki iş” ilə bir icraatda baxılması üçün birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair 2(103)-5426/2022 saylı mülki iş, onunla əlaqəli olan “iddiaçı Cavabdehlər X1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbi” üzrə 2(103)-1419/2022 saylı mülki iş” ilə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar