Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5429/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh X1rşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, əmək funksiyasının icrası zamanı aldığı xəsarət səbəbi ilə işləyə bilmədiyi xx.xx.2021-ci il tarixdən bu günə kimi hər ay əldən çıxmış 700 manat əmək haqqı olmaqla ümumilikdə 6.000 manat, müalicəsi üçün bu günədək çəkmiş olduğu 1.000 manat məbləğində xərcin, əməliyyat olunmağı və əmək qabiliyyətinin tam bərpası üçün tələb olunan 3.000 manat məbləğində pulun və 2.000 manat mənəvi zərər olmaqla ümumilikdə 12.000 manat məbləğində pulun cavabdeh Firmadan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Firmaya məxsus məzar daşı düzəldilən emalatxanada təxminən 1 il işləmişdir. Sexdə gündəlik 20 manat əmək haqqına işləmiş, iş rejimi hər gün saat 08:00-dan saat 19:00-dək olmuşdur. xx.xx.2021-ci il tarixdə əmək funksiyası icra edərkən mərmər daşı onun ayağına düşmüş və nəticədə iddiaçı xəsarət almışdır. İş yerində xəsarət aldığı üçün Respublika Travmatologiya və Ortopediya İnstitutundan prokurorluğa məlumat verilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh Firma iddiaçını və onun kimi digər işçiləri “Əmək müqaviləsi” bağlamadan işlətmiş, bununla da vergidən və sosial ödənişlərdən yayınmışdır. Bu fakt məhkəmə qərarı ilə də öz təsdiqini tapmışdır. Belə ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Firma Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli, 17/877 saylı ekspert rəyinə əsasən iddiaçının müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər - sağ ayaq pəncəsinin İİ-İİİ-İV daraq sümüklərinin yerdəyişmiş sınıqları bərk küt əşyanın təsirindən təxminən xx.xx.2021-ci il tarixdə törənmiş və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Bundan əlavə X9 X5 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, iddiaçıya sağ pəncənin İİ-İİİ-İV barmaqlarının diafızinin qeyri düzgün bitişmiş sınığı, deformasiyası, ağrı sindromu, axsama, yerişin və əmək qabiliyyətinin pozulması diaqnozu qoyulmuşdur. Həkimə müraciət edilən zaman ayağının sındığını və müalicəsi üçün əməliyyat lazım olduğunu və uzun müddət heç bir ağır işdə işləməməsi bildirilmişdir. Bu vaxta kimi cavabdeh Firmanın rəhbəri iddiaçının vəziyyəti ilə maraqlanmamış, əməliyyatı üçün gərəkli ödənişi edib onun əvvəlki sağlığına qayıtmasına cəhd göstərməmişdir. İddiaçı işlədiyi zaman aylıq təxminən 600-700 manat əmək haqqı alırdı. Cavabdeh Firmanın iddiaçı ilə “Əmək müqaviləsi” bağlamaması və sıra ödənişlərdən yayınmaq məqsədi ilə iddiaçını qanunsuz olaraq müqaviləsiz işlətməsi bu gün iddiaçını çox ciddi problemlərlə üz-üzə qoymuşdur. İddiaçı, ailəsi ilə yataqxanada yaşayır. İddiaçının arvadı xəstədir, o da əməliyyat olunub, onların əlavə hər hansı qazanc yeri yoxdur, hal-hazırda evdə əmək fəaliyyəti ilə məşğul olan yoxdur. Bu günə kimi dərmanlara, həkimlərə müalicəsi üçün 2.000 manata yaxın xərc çəkmişdir. Cavabdeh Firma iddiaçı ilə “Əmək müqaviləsini” rəsmiləşdirmədiyi, elektron informasiya sisteminə əlavə etmədiyi üçün bu günə iddiaçı qanunvericiliyin ona vermiş olduğu imkanlardan yararlana bilmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.000 manat məbləğində pul vəsaitinin cavabdeh Firmasından alınaraq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddianın tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməyərək maddi hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Cavabdeh Firma işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Fondun nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh Firma iddia tələbinin bir hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti iddiaçı tərəfindən verilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirir. Odur ki, bu halı və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan – iddianın bir qisminin təmin edilməməsi barədə hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələblər başqa əsasla təmin edilməməlidir. Belə ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 1957-ci il təvəllüdlü iddiaçıya “sağ pəncənin İİ-İİİ-İV barmaqlarının diafizinin qeyri düzgün bitişmiş sınığı, deformasiyası, ağrı sindromu, axsama, yerişin və əmək qabiliyyətinin pozulması” diaqnozu qoyulmuşdur. Həmin tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçıya “sağ pəncənin İİ-İİİ-İV barmaqlarının diafizinin profiksimal 1/3-nin qeyri düzgün bitişmiş sınığı, deformasiyası, ağrı sindromu, axsama, yerişin və əmək qabiliyyətinin pozulması” diaqnozu qoyulmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından (İş № 3(010)-1378/2021) görünür ki, hazırki iş üzrə cavabdeh olan Firma Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan həmçinin görünür ki, Firma tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X4 və hazırki iş üzrə iddiaçı olan İddiaçı onlar ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Qeyd olunanlara əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı, apellyasiya baxışının predmeti olan hissədə iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları, yəni əmək haqqısının 700 manat məbləğində olmasını, müalicəsi üçün bu günədək 1.000 manat məbləğində xərc çəkməsini, əməliyyat olunmaq və əmək qabiliyyətinin tam bərpası üçün 3.000 manat məbləğində pul vəsaitinin lazım olduğunu, vurulmuş mənəvi zərərin daha aşağı (1.000 manat) deyil məhz 2.000 manat məbləğində olmasını sübut edə bilmir. Məhkəmə, Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və gəldiyi nəticəni aşağıda göstərilənlər ilə əsaslandırır: Belə ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçı əmək funksiyasının icrası zamanı aldığı xəsarət nəticəsində ona vurulmuş ziyanı tələb edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Mülki Məcəllənin 1118.1-ci maddəsinə görə, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məcəllənin 1119-ci maddəsinə görə, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir (maddə 1119.1.). Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır (maddə 1119.3.). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh Firmaya məxsus emalatxanada onunla əmək müqaviləsi bağlanmadan işləməsi, emalatxanada işlərin görülməsi zamanı xəsarət alması işin mübahisəsiz hallarıdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi (yuxarıda qeyd edilən) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən edilmir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının xəsarət alması məhz cavabdeh Firmanın təqsiri üzündən baş vermişdir. Əksinə həmin qərardan görünür ki, bu hadisə iddiaçının özünün ağır əşya ilə düzgün davranmaması nəticəsində baş vermişdir. Başqa sözlə Firmanın iddiaçıya, iddia ərizəsində qeyd edilən xəsarətin yetirilməsində təqsiri olması (delikt törətməsi) sübuta yetmir. Lakin işə baxmış Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan tələbləri bu əsasla deyil, başqa (yuxarıda qeyd edilən) əsasla təmin etməmişdir. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir. MPM-nin 385-ci maddəsinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələblər təmin edilməsin. Müəyyən edilsin ki, Rayon Məhkəməsi qətnaməsinin vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin Cavabdeh X2 alınaraq İddiaçı xeyrinə ödənilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5429/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5429/2022
05.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver