Məhkəmə qərarları › İş №2(103)-5432/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5432/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5432/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC-yə və qeyrisinə qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddiasına, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının “xxxx” MMC-yə qarşı “kreditin və kredit üzrə hesablanmış faizlərin ödənilməsi ilə bağlı ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı, 02 aprel 2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı 20.02.2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının iddiası isə tam təmin edilmişdir. X1 məhkəməyə ərizə ünvanlayaraq, qeyd olunan qətnamənin maraqlarına toxunduğu üçün onun iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmiş və qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş və onun verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən verilmiş şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, qanunvericilik istər şəxsin maraqlarına toxunan şəxs qismində tanınması, istərsə də maraqlarına toxunan şəxs qismində tanınmasıdan imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, şəxsin maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizə üzrə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, MPM-in 264.0.7-ci maddəsinin ziddinə olaraq qəbul etdiyi qərardaddan şikayət verilməsi imkanının nəzərdə tutulduğunu göstərmiş, eləcə də verilmiş şikayətə baxmaqla onu həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də, şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC-yə və qeyrisinə qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiasına, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının “xxxx” MMC-yə qarşı kreditin və kredit üzrə hesablanmış faizlərin ödənilməsi ilə bağlı ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı, 02 aprel 2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar