Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5433/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin faktiki yaşayış yeri göstərilməmiş, cavabdehin qeydiyyat ünvanının isə Suraxanı rayon Polis İsarəsinin ünvanı olduğu məlum olmuşdur. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatla bağlı ərizənin forma və məzmununu tənzimləyən Mülki Prosessual Məcəllənin 149-cu və 284-3.2.2-ci maddələrində cavabdehin həm faktiki yaşayış yerinin, həm də rəsmi qeydə alındığı yerin ünvanının göstərilməli olduğu nəzərdə tutulsa da, bu tələbə mexaniki yanaşılmamalı, əgər cavabdehin faktiki yaşayış yeri barədə məlumat varsa iddiaçıdan həmin məlumat tələb olunmalıdır. Qaldı ki, iddia ərizəsində cavabdehin faktiki yaşayış yeri kimi Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Sovxoz 2 ünvanı göstərilmişdir və belə olan halda məhkəmənin müvafiq hala istinad etməsinin əsası mövcud deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; iddia ərizəsinə əlavə edilmiş cavabdehə məxsus şəxsiyyət vəsiqəsinin surətindən isə görünür ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 3lə oranın cavabdehin faktiki yaşayış yeri olub-olmamasının prosessual qanunvericiliyin tələbləri baxımından heç bir əhəmiyyəti mövcud deyildir. O da nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytardığı zaman prosessual qanunvericiliyin tələbini pozmuş və əsassız nəticəyə gəlmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı, cavabdeh qismində göstərdiyi şəxsin ünvanını Suraxanı Rayon Məhkəməsinin yurisdiksiyasında olan ünvan olaraq göstərmişdir və gələcəkdə cavabdehin ünvanının başqa ərazidə olduğu müəyyən edilərsə işin ərazi aidiyyatının dəyişməsi mümkündür. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4096/2024 saylı iş üzrə 08 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5433/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5433/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver