Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5434/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzilin tamamilə boşaldılması və mənzilə hüquqların itirilmiş hesab edilməsi” tələbinə dair 2(004)-3106/2020 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzilin tamamilə boşaldılması və mənzilə hüquqların itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X14, Cavabdeh2, Cavabdeh3, X2, Ş.X16, Cavabdeh6, X3, X4, X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasanal-2 küçəsi, ev 2, 11 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı Aslan oğluna təhvil verilməsi və istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda cavabdehlərin ona məxsus mənzildə yaşaması və qeydiyyatda qalması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehləri onun mülkiyyətində olan mənzilə dair hüquqları itirilmiş hesab edilməli, pasport qeydiyyatından çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı Aslan oğluna təhvil verilməsi, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək mübahisələndirilən məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş araşdırılarkən cavabdehlərin iştirakı təmin edilməmişdir. Bundan başqa iddiaçının hazırki mənzili hansı hüquqi əsasla əldə etməsi, həmin mənzildə qeydiyyatda olan şəxslərin mənzilin özgəninkiləşdirilməsinə dair notariat tərəfindən təsdiq edilmiş razılıq ərizələrinin olub-olmadığı məsələsi araşdırılmamışdır. Onun qardaşı Cavabdeh8 yanında işləmişdir. Həmin vaxt "xxxx" ASC-nin müdiri olan Tofiq adlı şəxs onun qardaşının bacanağıdır. O, qardaşına sənədlərə imza atmaq üçün bir adam tapmağı xahiş etmiş, Emin də sənədlərə baxmadan imza atmış və formal müqavilə bağlanmışdır. Sonradan bankdan kredit götürərkən İddiaçı məlum olmuşdur ki, adında 50000 manat kredit vardır. Mübahisəli mənzil hazırda apellyatorun bacısına məxsusdur, o, ailəsi ilə birlikdə orada yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı və cavabdeh tərəf iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında iş üzrə mübhisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsi üçün tələbin ipoteka predmetini təşkil edən ünvan 1, 11 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq borcun ödənilməsi və 1 ay ərzində mənzilin boşaldılması qət edilmişdir. 28.01.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən həmin mənzil "xxxx" ASC tərəfindən hərracdan alınmışdır. Bundan sonra özlərini maraqlarına toxunan şəxs kimi qeyd edən Cavabdeh3 və digərləri tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin 22.07.2020-ci il tarixli qətnaməsi ilə şikayətləri təmin olunmamış, Beyləqan Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Mübahisəli mənzil hazırda bankın mülkiyyətindədir və İddiaçı həmin mənzilə hüququ yoxdur. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin sözügedən prosessual normasının tələbləri pozulmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 2 saylı evin 11 saylı mənzil ilkin olaraq X5 adına 08.01.1999-cu il tarixdə ilkin hüquqi qeydiyyata alınmışdır. X5 vəfatından sonra 11.02.1999-cu il tarixdə mənzil onun vərəsəsi X6 adına qeydə alınmışdır. 08.12.2006-cı il tarixdə sözügedən mənzil üzərində X7 mülkiyyət hüquqları tanınmışdır. 03.04.2008-ci il tarixdə bəhs edilən ünvan X6 mülkiyyətinə keçmişdir. 13.02.2019-cu il tarixdə qeyd olunan əmlak İddiaçı adına qeydə alınmışdır. ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13.02.2019-cu il tarixdə RX seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(020)-941/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilmiş, İddiaçı 29.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə 42472,02 manat borcun, 26497,26 manat faiz borcunun, cəmi 68969,28 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 64000 (altmış dörd min) manat müəyyən edilməklə ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 2 saylı evin 11 saylı mənzilə yönəldilməklə mənzilin açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 2 saylı evin 11 saylı mənzilin satıldıqdan bir ay sonra cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(106)-1263/2020 saylı qətnaməsi ilə işdə iştirak edilməyə cəb edilməyən, lakin qəbul edilmiş qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər Cavabdeh3 və qeyrilərinin apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(020)-941/2019 saylı qətnaməsi həmin şəxslərə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə 28 yanvar 2020-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 2 saylı evin 11 saylı mənzili ipoteka saxlayan "xxxx" ASC-yə satılmış, həmin müqavilə Beyləqan Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(020)-941/2019 saylı icra vərəqəsi, Yasamal rayon İcra və Probasiya Şöbəsinin 26 noyabr 2019-cu il tarixli, 17/75-153089/3-30836 saylı sifariş məktubu və "xxxx" ASC-nin 27.01.2020-ci il tarixli, 135000/366 saylı məktubu əsasında bağlanmışdır. Apellyasiya instansiya məhkəməsinin soğrusu əsasında məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 iyul 2021-ci il tarixli, **********14 saylı məktubu ilə müəyyən olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 2 saylı evin 11 saylı mənzili "xxxx" ASC-nin mülkiyyətindədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli mənzilin "xxxx" ASC tərəfindən 28 yanvar 2020-ci il tarixli müqavilə əsasında hərracdan əldə edilməsini, iddiaçının iddia etdiyi tələb üzrə subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan, hazırda həmin mənzilin mülkiyyətçisi olan "xxxx" ASC-ni iş üzrə üçüncü şəxs qismində cəlb etmədən iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı mülki icraat çərçivəsində İddiaçı iddia etdiyi tələb üzrə subyektiv hüquqa malik deyildir. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(004)- 3106/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzilin tamamilə boşaldılması və mənzilə hüquqların itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5434/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5434/2021
03.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver