Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5436/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5436/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1646/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 Rəhim oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-ci il tarixli, nzazl3178 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7371,15 manat, faiz borcuna görə 464,34 manat, dəbbə borcuna görə 99,62 manat, borcun cəmi məbləği 7935,11 manat məbləğində pulun və 99.36 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cii il tarixli, nzazl3178 saylı kredit müqaviləsinə əsasən illik 20% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10.000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 9 Fevral 2023-cü il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2023-cii il tarixli, nzazl3178 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair Öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 9-dan gec olmayaraq hər ay 508,96 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-ci il tarixli, nzazl3178 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7371,15 manat, faiz borcuna görə 464,34 manat, dəbbə borcuna görə 99,62 manat, borcun cəmi məbləği 7935,11 manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cii il tarixli, nzazl3178 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7371,15 manat, faiz borcuna görə 464,34 manat, dəbbə borcuna görə 99,62 manat, borcun cəmi məbləği 7935,11 manat pul tutulmalıdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1646/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cii il tarixli, nzazl3178 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7371,15 manat, faiz borcuna görə 464,34 manat, cərimə borcuna görə 99,62 manat və ödənilmiş dövlət rüsumuna görə 99,36 manat olmaqla, cəmi 8034,47 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 443.1, 448.2, 465.2, 470.1, 472.2 və 739-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 185.5, 217.3, 217.4 və 222.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qismən, yəni qanunsuz hesablanmış faiz borcu və cərimə borcu hissəsində ləğv edilməsi və kredit məbləğinin aylara bölünərək qrafik üzrə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən yekun məhkəmə aktı çıxarıldığı zaman cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş üzrə qərar qəbul edilən zaman iddiaçı tərəfindən göstərilən sübutlarla kifayətlənərək, iş üzrə zəruri ekspertiza təyin etməmiş, bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbinin cərimə məbləği hissəsini faktiki məbləğdən tənasübsüz surətdə yüksək olmasına baxmayaraq təmin etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iş üzrə qəbul edilmiş, məhkəmə aktı ləğv edilməli və kredit məbləği qrafik üzrə aylara bölünərək icra edilməlidir. Məhkəmə Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə yol vermişdir. Belə ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Nəticədə isə borc düzgün hesablanmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər;
13. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
14. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
15. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə, otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
22. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
23. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsin üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Cavabdehlərdən yalnız biri tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, yəni qanunsuz hesablanmış faiz və cərimə borcu hissəsində ləğv edilməsi və kredit məbləğinin aylara bölünərək qrafik üzrə ödənilməsi xahiş edildiyindən, qətnamə yalnız həmin cavabdehə münasibətdə və qeyd edilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
31. Belə ki, işin faktiki hallarından da göründüyü kimi borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
32. xx.xx.2023-cii il tarixli, nzazl3178 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 20% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.
33. xx.xx.2023-ci il tarixli, nzazl3178 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır.
34. İddiaçı ASC-nın cavabdehlərə ünvanladığı bildirişdən görünür ki, cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.
35. Maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka əsas borcuna görə 7371,15 manat, faiz borcuna görə 464,34 manat, dəbbə borcuna görə 99,62 manat olmaqla, borcun cəmi məbləği 7935,11 manat məbləğində borcu vardır.
36. Beləliklə, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəmələrində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan cavabdehin faizlərin silinməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan əsas borcdan əlavə 464,34 manat faiz borcunu tutmaqda haqlı olmuşdur.
37. Kollegiya apelyasiya şikayətində qeyd olunan məhkəmə ekspertizasının təyin edilməməsi, eləcə də tənasübsüz qaydada yüksək hesablanan dəbbə pulunun azaldılması barədə dəlillərə münasibətdə isə bildirir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da aydın olduğu kimi, məhkəmə orqanlarının ekspertiza təyini və yaxud dəbbə pulu azaldılmasına dair səlahiyyətləri dispozitiv həddə müəyyən edilmişdir.
38. Bundan əlavə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən hesablanmış faiz və cərimə məbləğləri ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini də əsassız hesab edir.
40. Kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə zəruri məlumat verilməsinə baxmayaraq, onlar tərəfindən iclasda iştirak təmin edilməmiş, buna görə də müvafiq nəticələrə dair hər hansı məsuliyyətin məhkəməyə aid edilməsi istisna olunmuşdur.
41. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən və həmin öhdəliyin dairəsinin dəyişdirilməsinə hər hansı qanuni əsas mövcud olmadığından iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
42. Apelyasiya şikayətinin müqavilə şərtlərinin faiz və ödənişlərin yeni qrafik üzrə yenidən müəyyənləşdirilməklə dəyişdirilməsinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə pretenziya bildirişi göndərilmiş və bununla da, iddiaçı tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə artıq ləğv edilmiş hesab edilir və ləğvetmənin ümumi formasıdır.
44. Buna görə də artıq həmin müqavilə üzrə ödənişin yeni qrafiklə müəyyənləşdirilməsi mümkün olmamaqla birlikdə hazırki iş üzrə məhkəmə araşdırmasının predmetini kredit müqaviləsi üzrə yaranmış borcların cavabdehlərdən tələb edilməsi təşkil edir.
45. Lakin qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan dəlil borcun hissəhissə ödənilməsi ilə əlaqədar olduğu təqdirdə də göstərilən tələblə icra mərhələsi çərçivəsində məhkəməyə aidiyyəti qaydasında müraciət etmək hüququ istisna edilmir.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1646/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova