Məhkəmə qərarları › İş №2(103)-5439/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5439/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5439/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2023-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(004)- 4217/2018) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, onunla cavabdehin birgə nikahından doğulmuş uşağın – xx.xx.2014-cü il təvəllüdlü Aminin yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay cavabdehdən onun xeyrinə tutulan 154 manat sabit pul məbləğində alimentin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş 154 manat məbləğində aliment uşağın saxlanılması üçün artıq kifayət etmir. Belə ki, uşağın böyüməsi, eləcə də bazar qiymətlərinin qalxması övladının xərclərini qarşılamaqda iddiaçıya çətinlik törədir. Bu səbəbdən də iddiaçı hesab edir ki, alimentin miqdarı artırılaraq 220 manat müəyyən edilməlidir b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Cavabdeh iddia tələbinə etiraz edərək, işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, səhhətində problemlər var, astma xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq stasionar qaydada müalicə olunur. Aylıq gəliri azdır. Ayda 220 manat məbləğində aliment ödəyə bilməyəcək. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyil. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Buna görə də, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülərək iddia təmin edilməldir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən cavabdehin məhkəmədə verdiyi izahat nəzərə alınmamış, səhhətində problem olan cavabdehin maddi vəziyyətini ağırlaşdıran qətnamə qəbul edilmişdir. Cavabdeh ilk nikahından olan övladına da aliment verir. Lakin işə baxmış Rayon Məhkəməsi bunun da nəzərə almamışdır. Cavabdehin əmək haqqısından vergilər və birinci nikahdan olan uşağa görə tutulan aliment çıxıldıqdan sonra cavabdehə 282 manat pul qalır. Həmin məbləğdən 220 manat aliment ödəyəcəyi halda isə 60 manat pul qalır ki, həmin vəsait cavabdehin özünün yaşaması və müalicəsi üçün kifayət etmir, hətta aliment üzrə borcun yaranmasına da səbəb olur. Lakin Rayon Məhkəməsi cavabdehin qazancının az olmasını da nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir.

11. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatlardan bəlli olur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə tərəflər arasındakı nikahın pozulması, bu nikahından doğulmuş uşağın – xx.xx.2014-cü il təvəllüdlü Aminin anasının, hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay cavabdehdən iddiaçının xeyrinə tutulan 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi (İş № 2(004)-4217/2018) ilə həmin alimentin miqdarı artırılaraq 154 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırki iş üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti versə də, iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu vaxt cavabdeh apellyasiya şikayətindən imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı (№ İş № 2(103)- 8645/2018) ilə apellyasiya icraatına xitam verilmişdir.

12. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq 220 manat məbləğində müəyyən edilməsini xahiş edir.

13. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə təmin etmişdir

14. İddia tələbi və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, onun xəstəliyi, birinci nikahdan olan övladına aliment ödəməsi, aylıq gəlirinin aşağı olması səbəbindən o, 220 manat məbləğində aliment ödəyə bilmir.

15. “Qaz İxrac” İdarəsi Hacıqabul Magistral X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh, xx.xx.2013-cü il tarixindən həmin Sahədə xətt baxıcısı vəzifəsində işləyir. Cavabdehə son 3 ayda, yəni 2023-cü ilin Yanvar ayı üzrə 630,58 manat gəlirdən ümumi vergilər və məhkəmə qətnamələri ilə tutulan alimentlər çıxılmaqla 289,04 manat; Fevral ayı üzrə 705,12 manat gəlirdən ümumi vergilər və məhkəmə qətnamələri ilə tutulan alimentlər çıxılmaqla 351,37 manat; Mart ayı üzrə 621,24 manat gəlirdən ümumi vergilər və məhkəmə qətnamələri ilə tutulan alimentlər çıxılmaqla 282,84 manat əmək haqqı hesablanmış və ödənilmişdir.

16. Hacıqabul Rayon Mərkəzi X1 Şəxsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdeh, həmin Xəstəxanada “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxial astma” diaqnozu ilə qeydiyyatdadır.

17. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

18. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.

19. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, alimentin məbləğinin artırılmaması barədə cavabdehin təklifi uşağın mənafeyinə ziddir.

20. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar (cavabdehin xəstəliyi, birinci nikahdan olan övladına aliment ödəməsi, aylıq gəlirinin aşağı olması, maliyyə vəziyyətinin ağır olması) cavabdehi uşağını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. g) apellyasiya baxışının nəticəsi

21. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Buna görə də, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

25. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə (220 – 154=) 66 manat x 12 ay = 792 manat) 5.000 manatdan azdır.

26. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-nin 384, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar