Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5441/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinə qarşı “kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)- 516/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" (Cavabdeh1) ASC-dən onun xeyrinə 41175 manat məbləğində kompensasiyanın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci il tarixdə Ağdaş rayonunun Şıxlı kəndində qanuni yolla, yəni kolxoz üzvlərinin qərarı ilə həyatyanı torpaq sahəsi almış və həmin ərazidə 1995-ci il tarixdə tikintisini başa çatdıraraq fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır, torpaq islahatı zamanı Ağdaş rayon Aqrar islahat komissiyasının 30 iyun 1998-ci il tarixli, 12 saylı qərarı ilə onun və digər bir nəfər ailə üzvünün mülkiyyətinə Ağdaş rayonunun Şıxlı kəndi ərazisində 1.22 hektar heyyətini torpaq sahəsi verilmişdir, bu barədə 2003-cü ilin aprel ayında 2119 №il qeydə alınmış torpaq mülkiyyətinə verilməsinə dair JN-036A saylı şəhadətnamə (kod ********) verilmişdir, Mingəçevir-Bakı-Abşeron yüksək gərginlikli elektrik xəttinin dirəkləri yenidən qurulan zaman yeni çəkilən dirəklər onun yaşayış evinin 8-10 metrliyindən keçir, həmin xətt onun evinin çox yaxınlığından keçdiyinə görə xəttin yerinin dəyişdirilməsini tikinti həyata keçirən cavabdeh təşkilatın məsul şəxslərinə bildirmiş, onlar isə layihədə xəttin həmin ərazidən keçməsi göstərildiyindən xəttin yerinin dəyişdirilməsinin mümkün olmayacağını söyləmişlər, həmin xəttin yerinin yaşayış evi və ailəsi üçün təhlükə mənbəyi olduğundan xəttin yerinin dəyişdirilməsi xahişi və tələbi ilə bir neçə müvafiq icra orqanlarına müraciət etmişdir, yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X1 Yanğın Nəzarəti İdarəsindən onun müraciətinə münasibət bildirmiş, bu idarənin əməkdaşları onun həyəti və yaşayış evini müayinə ediblər, onun fərdi yaşayış evinin cənubqərb tərəfindən 8-10 metr məsafədən, yer səthindən 40 metr hündürlükdə 220 kv-330 kvluq Mingəçevir-Bakı-Abşeron elektrik xətləri keçdiyini müəyyən etmişlər, normativ tələblərə görə obyektin yüksək gərginlikli hava elektrik xətləri ilə ara məsafəsi 220 kv-luq və xətlər üçün 25 metr, 330 kv-luq və onlar yüksək gərginliklə xətlər üçün 30 metr olmalıdır, onların rəyinə əsasən onun yaşayış evi ilə həmin xəttin ara məsafəsi 25 metr olmalıdır, göründüyü kimi cavabdeh orqan elektrik xəttinin ara məsafəsi normativ tələbləri pozaraq onun və ailə üzvlərinin təhlükə altında qoyaraq daha az məsafədə inşa etmişdir, yüksək gərginlikli elektrik xəttinin onlar üçün daima təhlükəli olduğundan həyətdə və evdə rahat yaşaya bilmirlər, güclü külək əsəndə, yağış yağanda qohumlarının evində qalmalı olurlar, o, "xxxx" ASC (AZENCO)-ya qanunsuz quraşdırılmış elektrik xəttinin sökülməsi barəsində dəfələrlə xəbərdarlıq etmişdir, həmin təşkilat isə adı çəkilən qanunsuz elektrik xətti ilə bağlı olan qanuni tələbin icrasından imtina etmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2015-cxi il tarixli, 12376 №-li rəyindən də onun Ağdaş rayonunun Şıxlı kəndində yerləşən və mülkiyyətində olan 1.22 hektar həyatyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv-300 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edildiyi görünür, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2004-cü il tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan elektrik şəbəklərinin mühafizəsi qaydaları»nın 5ci bəndinə əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətdə hər iki tərəfdən şaquli müstəvilərə məhdudlaşan torpaq sahəsi və hava fazası şəkilində 220 kilovoltluq elektrik naqilləri üçün 25 metr məsafədə elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilir, həmin qaydanın 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizəsi zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların, qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır, bundan başqa, yüksək gərginlikli elektrik hava xətlərinin keçməsini, xətlərin istiqamətini inşa olunmuş yaşayış evinin plan yerləşməsini, elektrik xətlərinin həmin yaşayış evindən 15.0 metr aralıdan keçməsini və həmin xətlərin mühafizəsi zolağının müvafiq qaydaların tələblərindən 25.0 metr məsafədə müəyyən olunduğunu nəzərə alaraq tətbiq olunan ünvanda yerləşən fərdi yaşayış evinin yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında inşa olunduğu müəyyən edilir, Ağdaş rayonunun Şıxlı kəndində evinin təhlükəsizlik zonasında yüksək gərginlikli elektrik xətti çəkdirdiyinə görə, yuxarıda göstərilən Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozaraq, bu yüksək gərginlikli elektrik xəttinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Ağdaş rayon Məhkəməsinin 2(014)-1008/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir, 220 kv-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1,22 hektar torpaq sahəsinin 15,0 metrliyindən keçən naqil hissəsi sökülməsi qət edilmişdir, Şəki Apellyasiya Məhkəməsinin 27.03.2017-ci il tarixli 2(107)- 33/2017 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Ağdaş rayon Məhkəməsinin 2(014)- 294/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 13.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozaraq, quraşdırılmış yüksək gərginlikli elektrik xəttinin sökülməsi ilə bağlı icra vəziyyətində çətinlik yaranmışdır, belə ki, həmin elektrik xətlərin sökülməsi üçün bir neçə rayona gedən elektrikin dayandırılması nəzərdə tutulduğundan, bununla əlaqədar Xətai rayon İcra və Probasiya Şöbəsi məhkəməyə icra üsulunun dəyişdirilməsi ilə əlaqədar təqdimatla müraciət etmiş, məhkəmənin 30.08.2019-cu il tarixli qərardadına əsasən qətnamənin icra üsulu dəyişdirilərək cavabdehdən onun xeyrinə 41.175 manat məbləğində kompensasiya alınıb verilməsi qərara alınmışdır, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 12.07.2019-cu il tarixli 13102 saylı rəyindən də, Ağdaş rayon Şıxlı kəndində yerləşən 1,2206 ha həyətyani torpaq sahəsində tikilmiş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin tikilməsi üçün aparılmış təmir-tikinti işlərinin ümumi dəyəri hazırki bazar qiymətinə uyğun olaraq təqribən 41.175 manat məbləğində müəyyən olunduğu görünür, cavabdeh öz hərəkətləri ilə ona 41.175 manat məbləğində maddi ziyan vurmuşdur, belə ki, o, öz xüsusi mülkiyyətindən, ailəsi ilə birlikdə təhlükəsiz yaşayışından istifadə edə bilmir, o, İİ qrup əlildir, yaranmış mübahisədən sonra cavabdeh tərəf onu işdən azad etmişdir, ekspert evi obyektiv qiymətləndirib və o həmin məbləğdə kompensasiyanı cavabdehin hesabına evi sökülənədək almaq istəyir, kompensasiyanın ödənilməsi cavabdeh üçün yaranmış mübahisədən çıxmaq üçün yeganə çıxış yoludur, əks halda cavabdeh yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasından götürülməsinə məcburdur. O, həmçinin izahatında bildirdi ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə Ağdaş Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli qətnaməsinin icrasından imtina olunmasına razıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ekspert rəyində evin hazırki bazar dəyərinin 45000 manat müəyyən olunduğundan, özünə və ailəsinə dəymiş ziyana görə 45000 manat kompensasiyanın cavabdeh "xxxx" ASC (AZENCO)-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-516/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi zərərə görə 45000 (qırx beş min) manat məbləğində pul (kompensasiya) alınaraq İddiaçı ödənilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə ümumiyyətlə cavabdeh düzgün müəyyən olunmamış, əsl cavabdeh Azərenerji ASC olduğu halda iddia Azenco ASC-yə qarşı qaldırılmışdır. Halbuki Azenco ASC yalnız podratçı təşkilat olaraq sifarişçi təşkilat Azərenerji ASC ilə bağlanmış 06.11.2009-cu il tarixli müqavilə və digər sazişlər, o cümlədən sifarişçi tərəfindən müəyyən olunmuş layihə əsasında elektrik xəttinin tikintisini yerinə yetirmişdir. Tikintisi başa çatdırlmış və hazırki mülki iş üzrə mübahisə predmeti olan 220 Kv-luq Mingəçevir-Bakı-Abşeron hava elektrik xəttinin də mülkiyyətçisi və istismarçısı sifarişçi təşkilat Azərenerji ASC-dir. Qeyd olunanlardan da göründüyü kimi hazırki iddia Azenco ASC-yə deyil, əsl cavabdeh olan Azərnerji ASC-yə qarşı qaldırılmalı və ya MPM-nin 54-cü maddəsinə əsasən cavabdeh əsl cavabdeh ilə əvəz olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etməklə yanaşı bildirmişdir ki, Cavabdeh1 ASC Cavabdeh2 ASC-nin tabeliyində olan "xxxx" MMC-nin çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1008/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi təmin edilmiş, 220-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsinin 15.0 metrliyindən keçən naqil hissəsinin sökülməsi qət edilmişdir. Həmin Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, "xxxx" ASC (AZENCO) tərəfindən quraşdırılmış Ağdaş rayonunun, Şıxlı kəndi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmin Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.22 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-33/2017 saylı, 27.03.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC (AZENCO) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli, 2(014)-294/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 2(102)-5684/17 saylı, 25.08.2017-ci il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 27.03.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-129/2019 saylı 30.08.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsi və İddiaçı Ağdaş Rayon Məhkəməsinin 2(014)-294/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş icra qaydası və üsulunun dəyişdirilərək kompensasiya ilə əvəz edilməsi barədə ərizə təmin edilmiş, 220-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsinin 15.0 metrliyindən keçən naqil hissəsinin sökülməsi hərəkətləri borclu "xxxx" ASC (AZENCO) tərəfindən tələbkar İddiaçı xeyrinə 41175 manat məbləğində kompensasiya ödənilməsi ilə əvəz edilmiş, yuxarıda qeyd edilən 41175 manat pul borclu "xxxx" ASC (AZENCO)-dan tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 21.10.2019-cu il tarixli, 8(107)- 89/2019 saylı qərardadından görünür ki, Cavabdeh1 ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 8(014)-129/2019 saylı 30.08.2019-cu il tarixli qərardadı tam ləğv edilmiş, bu qərardadla bağlı 8(014)-129/2019 saylı 19.09.2019-cu il tarixli qərardadı qismən -“şikayət təmin edilməməsi” hissəsində ləğv edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-294/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş icra qaydası və üsulunun dəyişdirilərək kompensasiya ilə əvəz edilməsi barədə ərizə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 07.04.2020-ci il tarixli, N04/11-3060 saylı məktubun surətindən görünür ki, borclu tərəfindən kompensasiya ödənilməsi barədə əlavə iddia qaydasında məhkəməyə müraciət etmək hüququ vətəndaşa izah edilmişdir. İş materiallarında olan 05.06.2020-ci il tarixli **********2 saylı arayışdan görünür ki, İddiaçı ikinci qrup əlildir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsindən 410307 saylı pensiya işinə əsasən hər ay 233.20 manat pensiya alır. İş materiallarında olan "xxxx" MMC-nin 14.10.2020-ci il tarixli rəyindən görünür ki, Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.2206 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun olaraq satış məbləği təqribən 45000 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 28.12.2019-cu il tarixli “icra sənədinin icrasının mümkün olmaması” barədə qərarının surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli, 2(014)-294/2015 saylı icra sənədi İcra haqqında Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmadığından geri qaytarılmışdır. İş materialları ilə müəyyən edilir ki, Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.22 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi iddiaçıya məxsusdur, mənzilin hazırkı bazar qiyməti 45000 manatdır, iddiaçı ikinci qrup əlildir, 220 kv- 330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xətti podrat müqaviləsi əsasında cavabdeh tərəfindən inşa edilmişdir, podrat müqaviləsi üzrə layihə yerinə yetirilərkən iddiaçıya məxsus 1.22 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi cavabdeh tərəfindən quraşdırılmış cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv- 330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin mühafizə zonasına düşmüşdür, İddiaçı "xxxx" ASC (AZENCO)-ya qarşı “Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.22 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv- 330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttlərinin cavabdeh "xxxx" ASC (AZENCO) tərəfindən öz hesabına sökülməsinə” dair iddia tələbi üzrə mübahisəyə məhkəmədə baxılmış və Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh tərəfindən öz hesabına iddiaçıya məxsus əmlakın 15.0 metrliyində inşa edilmiş elektrik xəttinin naqil hissəsinin sökülməsi qət edilmişdir, həmin qətnamənin icrasının mümkün olmaması səbəbindən 28.12.2019-cu il tarixdə icra sənədi məhkəməyə qaytarılmış, həmçinin həmin qətnamənin icra üsulunun və qaydasının kompensasiya verilməsi ilə əvəz edilməsindən məhkəmə qaydasında imtina olunmuşdur, iddiaçı onun idda tələbi təmin ediləcəyi təqdirdə elektrik xəttinin cavabdehin hesabına sökülməsi barədə qətnaməsinin icrasından imtina olunmasına razıdır, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, iş materiallarından cavabdehin məsuliyyətini istisna edən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinə əsasən, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 220-330 kv-luq elektrik naqilləri üçün 25 m məsafədə elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilir. Göründüyü kimi elektrik xəttinin mühafizə zonası qaydalarına əməl edilmədən inşa edilmiş yüksək gərginlikli elektrik xəttinin iddiaçıya məxsus əmlakdan 15 metr məsafədə yerləşən naqil hissəsinin sökülməsi barədə qətnamənin icra edilməsi mümkün olmadığından, həmin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən təmin olunmadığından, iddiaçı ona məxsus əmlaka dəymiş ziyanın əvəzi qismində cavabdehdən kompensasiyanın alınaraq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə haqlı olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş "xxxx" MMC-nin 14.10.2020-ci il tarixli rəyindən görünür ki, Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.2206 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun olaraq satış məbləği təqribən 45000 manat təşkil edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi təmin edilməsi, "xxxx" (AZENCO) ASC-dən vurulmuş maddi zərərə (kompensasiya) görə 45000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində yeganə dəlil kimi onun əsl cavabdeh olmamasını qeyd etsə də, cavabdehin izahatı və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 ASC Cavabdeh2 ASC-nin tabeliyində olan "xxxx" MMC-nin çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir, həmçinin cavabdeh podratçı olaraq sifarişçi tərəfindən müəyyən olunmuş layihə əsasında elektrik xəttinin tikintisini yerinə yetirmişdir ki, elektrik xəttinin mühafizə zonası qaydalarına əməl edilməməsi məhz hazırki iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 768.1.3-cü maddəsinə əsasən, podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-516/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5441/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5441/2021
15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver