Məhkəmə qərarları › İş №2(103)-5443/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5443/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5443/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 1892/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş N 2(011)-1892/20) İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-2801/2013 nömrəli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-3282/2013 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləğinin artırılması, xx.xx.2003-cü il təvəllüdlü Əliyeva Şövkət Şamxal qızı, xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuş və xx.xx.2013-cü il tarixli məhkəmə qətnaməsinə əsasən həmin nikah pozulmuşdur. Hələ nikah rəsmiləşdirilənədək tərəflərin faktiki nikah münasibətindən üç uşaqları olmuşdur:xx.xx.2003-cü il təvəllüdlü Əliyeva Şövkət Şamxal qızı, xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X4. Uşaqlardan X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, Əliyeva Şövkət Şamxal qızının və X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa görə 93 manatın tutulması isə həmin məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı xx.xx.20120-ci il tarixdə Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən məhkəmə qətnaməsinə əsasən tutulan alimentin miqdarının artırılmasını və hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində müəyyən olunmasını xahiş etmişdir. İddiaçı tələbini maddi cəhətdən korluq çəkməsi, uşaqlar böyüdüklərinə görə tələbatlarının artması və məhkəmə qətnamələri ilə müəyyən edilmiş cəmi 286 manatın bu tələbatı ödəmədiyi ilə əsaslandırmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi bildirişinə və “X8” MMC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixindən bugünə kimi “X9” MMC-də dəmirçi vəzifəsində işləyir. Onun hazırkı aylıq vəzifə maaşı 260 manat təşkil edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti Azərbaycan Respublikasında uşaqlara görə yaşayış minimumunun 2020-ci il üçün 170 manat müəyyən edilməsi ilə əsaslandırılmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdeh apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, iddiaçı qətnaməni yalnız iddianın rədd olunan hissəsində mübahisələndirmişdir. İddianın təmin edilən hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız iddiaçının apelyasiya şikayətinə münasibətdə və apelyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməyən hissəsində yoxlayır və qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə münasibətdə daha az təminatlı olduğu qənaətinə gələrək iddianı qismən təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasıın 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və eləcə də “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2019-cu il tarixli Qanunla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edildiyindən iddia tam təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, alimentin miqdarının iddiaçının tələb etdiyi həcmdə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləməlidir. İddiaçı cavabdehdən cəmi 510 manat aliment tələb etsə də, cavabdehin həmin məbləği ödəmək qabiliyyətinə malik olmasını, yəni aylıq daha yüksək qazanca malik olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh 260 manat gəlirə malik olduğunu təsdiq etmiş, iddiaçı tərəf isə bunu təkzib edən, yəni alimentin göstərilən şəkildə artırılmasına əsas ola biləcək hər hansı bir halla bağlı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi məhz qeyd olunan halları nəzərə alaraq alimentin iddiada göstərilən şəkildə artırılmasını mümkün saymamış və tələbi qismən təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apelyasiya qaydasında mübahisələndirilən hissədə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar