Məhkəmə qərarları › İş №2(103)-5443/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5443/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5443/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, zaminlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(007)-166/2024 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin Həyat filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2010-cu il tarixli, № AK-035 saylı kredit müqaviləsinə əsasən sonuncuya 221 ay müddətinə illik 12%lə 22379,25 manat məbləğində pul vəsaiti verilmişdir. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə faziləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Borcverən İddiaçı ASC, borclu Cavabdeh1 və zamin “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış 08 iyul 2010-cu il tarixli, zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış 08 iyul 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 221 müddətinə borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasını təminatı kimi zamin borclunun öz üzərinə götürdüyü öhdəliyi tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bu müqavilə ilə müəyyən edilmiş kredit öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zamının öz üzərinə götürdüyü sübsidar məsuliyyətdir. Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür.

3. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2007-ci il tarixli 4310 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən ASC-satıcı Bakı şəhəri, Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 7 saylı binanın, 1 blok, 92a saylı 1 otaqdan ibarət, ümumi sahəsi 51,22 kv.m olan mənzili cavabdeh-alıcı Cavabdeh1 satmağı, cavabdeh-alıcı isə mənzilin dəyərini 240 ay müddətində müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılığı ilə mənzilin qiyməti 64810 manat müəyyən edilmişdir.

4. 16 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 iyul 2010-cu il tarixli AK-035 nömrəli kredit müqaviləsi üzrə 12 iyun 2023-cü il tarixinə 20884,84 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış 23391,55 manat faiz borcu olmaqla, cəmi 44276,39 manat borcu vardır.

5. 11 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 iyul 2010-cu il tarixli AK-035 nömrəli kredit müqaviləsi üzrə 09 yanvar 2024-cü il tarixinə 20884,84 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış 24832,55 manat faiz borcu olmaqla, cəmi 45717,39 manat borcu vardır.

6. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2023-ci il tarixli xəbərdarlıqdan görünür ki, 02 may 2023-cü il tarixinə olan borcu 43997,91 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2010-cu il tarixli AK-035 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 45717,39 manat, bundan 20884,84 manat əsas, 24832,55 manat faiz borcunun və iş üzrə ödənilmiş 223 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 08 iyul 2010-cu il tarixli Ak-035 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 221 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 22379,25 manat məbləğində kredit verilib. Kreditorun borcluya zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və zaminin kreditor qarşısında borclunun müqavilə üzrə öz öhdəliyini təmamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanıb. Zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməyib və banka olan kredit üzrə borcunu ödəməyib. Kredit müqaviləsinin 13-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 08 iyul 2010-cu il tarixli “Zaminlik” müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki: “Zamin bu müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır”. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 08 may 2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilib, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməyib. Bank tərəfindən 16 may 2023-cü il tarixli xəbərdarlıq məktubu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə göndərilib, cavabdehlər banka heç bir cavab verməyib və kredit borcunun banka qaytarılmasını təmin etməyiblər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyiblər. Nəticədə, 12 iyun 2023-cü il tarixə cavabdehlərin banka hesablanmış 20884,84 manat əsas, 23391,55 manat faiz, cəmi 44276,39 manat borcu yaranıb. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

9. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin etirazı onunla əsaslandırılmışdır ki, iddianı cavabdeh Akkorda aid hissədə aşağıdakı səbəblərə görə tamamilə əsassız və qanunsuz hesab edirlər. Kreditor İddiaçı ASC-nin “Həyat” filialı ilə borcalan Cavabdeh1 arasında 08 iyul 2010-cu il tarixli, AK-035 saylı kredit müqaviləsi bağlanılıb. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana 221 ay müddətinə 22379,25 manat məbləğində kredit verib. Eyni zamanda, 19 iyul 2010-cu il taxdə Kredidor İddiaçı ASC, Zamin "xxxx" ASC və borcalan Cavabdeh1 arasında üçtərəfli Zaminlik müqaviləsi bağlanılıb. 08 iyul 2010-cu il tarixli Zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunur ki, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Hesab edirlər ki, Zaminlik müqaviləsinə əsasən Akkordun məsuliyyəti subsidiar məsuliyyət olduğu üçün İddiaçı əvvəlcə əsas borcluya, Cavabdeh1 qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürülə bilər. Qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirib: birgə məsuliyyət və subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.” Beləliklə yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə və Cavabdeh1 qarşı iddia tələbi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

10. İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən təqdim edilmiş etirazla bağlı mülahizələrini məhkəməyə təqdim edərək qeyd etmişdir ki, Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanıb. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən, Bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində Kreditora ödəməyi öz öhdəsinə götürür. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ünvanlanmış 16 may 2023-ci il tarixli **********560 saylı xəbərdarlıq məktubu ilə 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin yuxarıda qeyd edilmiş bəndinə əsaslanaraq, zamin kimi öhdəliklərinin verinə yetirməsi tələb edilib. Göründüyü kimi iddiaçı tərəfindən həmçinin zaminin subsidiar məsuliyyəti ilə bağlı qavdalara da riayət edilərək, borcludan borcun ödənilməsi tələb edilib, borclu öhdəliyi icra etmədikdən sonra borclu və zaminə qarsı iddia qaldırılıb. Məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə Ali Məhkəmənin Mülki Kollegiyasının 03 oktyabr 2022-ci tarixli. 2(102)-3925/2022 saylı qərarı mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənlərə əsasən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

11. Cavabdeh1 etirazı onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddia tələbi ilə razı deyil. O, xəstə olduğu günə kimi krediti vaxtlı-vaxtında ödəyib. Xəstə olmağı barədə şifahi banka məlumat verib, sonra uzun müddət işsiz olduğu üçün kredit ödənişin icra edə bilmədiyini bildirib. Daha sonra qalıq kredit borucunun ödənişini davam etdirilməsini bildirsə də, iddiaçı tərəfindən ona kredit ödənişi ilə bağlı şərait yaradılmayıb. O, hazırda işləyir, əvvəlki məbləğdə, yəni hər ay 250 manat həcmdə kredit ödəniş etməyə hazırdır. Amma kredit üzrə qanunsuz və əsassız hesablanmış cərimə faizləri silinməlidir. Çünki cərimə faizləri süni şəkildə şişirdiblər, əsas məbləğdən daha çoxdur. Belə olan halda, mülki qanunvericiliyin tələbləri pozulub. İddiaçı tərəf hüquqdan sui-istifadə edərək, onun vəziyyətini kəskin şəkildə pislədirən hərəkətlər edib. Qeyd edilələrə əsasən hazırki iddia tələbini qəbul etmir və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 15 dekabr2023-cü il tarixli 9/8664 nömrəli rəyindən görünür ki, hazırkı ekspertiza tətqiqatı zamanı, iş materiallarında olan hesabdab çıxarış məlumatları və 08 iyul 2010-cu il tarixli, AK-035 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 12 iyun 2023-cü il tarixinə (maliyyə arayışı üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 43664,82 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 20486,18 manat, faiz borcu üzrə 23178,64 manat təşkil edir.

13. Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən keçirilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 14 may 2024-cü il tarixli 9/2817 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və 08 iyul 2010-cu il tarixli, AK-035 saylı kredit müqaviəsinin şərtlərini əsas götürməklə Cavabdeh1 10 may 2023-cü il tariədək (sualda göstərilən tarixədək) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən əsas borc üzrə 20486,18 manat, faiz borcu üzrə 22960,12 manat təşkil edir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)- 94/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” ASC-dən müştərək qaydada 20486,18 manat əsas borc, 22960,12 manat faiz borcu, cəmi 43446,3 məbləğində kredit borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 216,50 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 11,33 manatı iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 245 manat məbləğində pulun 12 manatı ləğv prosesində olan İddiaçı ASC-dən və 233 manatı Cavabdeh1 və “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə isə iddianın təmin olunmaması qət edilmişdir.

15. Qətnamənin əsaslarına görə müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixli, № AK-035 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 22379,25 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 221 ay müddətinə, illik 12 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. Cavabdeh1 "Texnikabank” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2010-cu il tarixli, AK-035 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Hazırda cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC müqavilənin həmin bəndinə əsasən onların subsidar məsuliyyət daşıdığını və iddianın onlara aid hissədə əsassız olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin etirazını əsassız hesab edərək, qeyd edir ki, həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 (on iki) ay ərzində 3 (üç) dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 (beş) gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 (iyirmi) iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki, Zamin bu müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır. Belə ki, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq ünvanlanmış, bu hal Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh1 müqavilənin 4.2-ci bəndinin tələblərinə uyğun müəyyən edilmiş müddətlərdə borcu ödəməmişdir. Bununla bağlı LPO "Texnikabank” ASN-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCyə xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq xx.xx.2010-cu il tarixli müqavilənin 4.2-ci bəndinə uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi tələb olunmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehlər müştərək qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iddiaçının “08 iyul 2010-cu il tarixli AK-035 saylı kredit müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, qeyd edildiyii kimi kredit müqaviləsinə əsasən Cavabdeh1 221 ay müddətinə, xx.xx.2028-ci il tarixinədək, illik 12 faiz ödəmək şərtilə 22379,25 manat məbləğində kredit verilib. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh1 müraciət edərək, borcun ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv ediləcəyi və borcun tutulması barədə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehi xəbərdar etmişdir. Bununla da, iddiaçı öz iradə ifadəsini cavabdehə Cavabdeh1 bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi kredit müqavilənin ləğv edilməsi hissəsində təmin edilməməli, kredit müqaviləsi artıq ləğv edilmiş hesab edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.1, 421, 425.1, 442, 448.1, 470, 472-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın cavabdehə aid hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Şikayətin dəlillərinə görə, onunla “AkkordSənayə Tikinti İnvestisiya Korporasiyası” ASC arasında xx.xx.2007-ci il tarixli, 4310 nömrəli mənzilin alqı-satqısına dair bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonun, 2595 saylı məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş 51,22 kvm sahəsindən və 1 otaqdan ibarət olan, 7 saylı binanın İ blok, 92a saylı mənzil ona satılmışdır, 240 ay müddətinə hər ay 251,71 manat pulu satıcıya ödəməyə öhdəmə götürmüşdür, ümumilikdə 64810 manat pul ödəməli idi. Uzun müddət həmin kredit müqaviləsi üzrə öhdəliklərimi tam icra etmişdir. Lakin xəstə olduğu günə kimi krediti vaxtı-vaxtında ödəmiş, xəstə olmağım barədə şifahi banka məlumat vermişdir. Sonra uzun müddət işsiz olduğum üçün kredit ödənişin icra edə bilmədiyini banka bildirmişdir. Daha sonra banka qalıq kredit borucunun ödənişini davam etdirilməsini bildirsə də, bank tərəfindən ona kredit ödənişi ilə bağlı şərait yaradılmamışdır. Savadı olmadığı üçün banka yazılı məlumat verə bilməmişdir. Bundan başqa hər kəsə məlumdur ki, 2019-cu ilin əvvəllindən 2021-ciilin ilin sonuna kimi Covid 19 virusu ilə bağlı dünyadan, eləcə də ölkəmizdə işləmək və ya iş yeri tapmaq çətin idi. Amma hazırda iş yeri tapdığı üçün krediti qrafik üzrə ödəməyə hazırdır. Buna baxmayaraq iddiaçı təşkilat süni maneə yaradaraq kredit ödənişlərini həyata keçirməyə imkan vermir. Qeyd edilən hallara baxmayaraq məhkəmə bu faktları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

Apellyasiya baxışının hədləri

24. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız Cavabdeh1 münasibətdə iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etsə də, əvvəl xəstəliyi, işsiz olması ilə öhdəliklərini icra edə bilməmiş, bununla bağlı banka şifahi məlumat vermişdir, hal – hazırda borcunu kredit qrafiki üzrə ödəməyə hazır olsa da, bank bununla razılaşmır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan dəlillər qətnamənin ləğvi və ya dəiyşdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddianın əsaslandırıldığı hal – kredit müqaviləsi üzrə öhdəliyin icra olunmaması apellyasiya şikayətində qeyd olunan xüsusatlarla da təsdiqini tapır və mübahisələndirilmir.

27. Müxtəlif səbəblərdən öhdəliklərini icra edə bilməməsi barədə banka məlumat verilməsi hazırkı mübahisə üzrə hər hansı bir əhəmiyyət kəsb etmir. Uzun müddət kredit borcunu ödəmədikdən sonra yeni qrafik üzrə ödəniş aparmağı təklif etməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır, bu barədə sübut olsa belə, nə qanuna, nə də müqavilə şərtlərinə əsasən bankın bu təklifi qəbul etmək kimi bir öhdəliyi mövcud deyildir.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(007)-166/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(007)-166/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar