Məhkəmə qərarları › İş №2(103)-5444/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5444/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5444/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4186/2020 saylı, 11 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 002R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2034,52 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4186/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 002R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2034 (iki min otuz dörd) manat, 52 (əlli iki) qəpik məbləğində kredit borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 08.02.2021-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4186/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, borcun birdəfəlik deyil hissə-hissə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4186/2020 saylı, 11 fevral 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh3 şikayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4186/2020 saylı, 11 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, Cavabdeh3 müddəti ötürməklə apellyasiya şikayəti verməsinə baxmayaraq müddətin bərpasını da xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xəbərnamədən (iş vərəq 66) görünür ki, Cavabdeh3 qətnaməni 10.12.2020-ci il tarixdə rəsmi olaraq qəbul etmişdir. Lakin Cavabdeh3 tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti 20 gün müddət keçdikdən sonra, yəni 01.02.2021-ci il tarixdə poçt müəssisəsinə təhvil verilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh3 qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Kollegiya xüsusilə qeyd edir ki, ölkədə karantin rejimi tətbiq edilsə də, poçt xidməti fəaliyyətini dayandırmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4186/2020 saylı, 11 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar