Məhkəmə qərarları › İş №2(103)-5445/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5445/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5445/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Namazov Alim Knyaz oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1281/20 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, 15.000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.650 ABŞ dollarının alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə 43 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı xx xxxx 2019-cu il tarixdə qaytarmaq şərti ilə 5.500 ABŞ dolları, indiki kursda 9.350 manat borc pul almışdır. xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx xxxxx 2019-cu il tarixdə qaytarmaq şərtilə 9.500 ABŞ dolları 16.150 manat məbləğində pul borc vermişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq vorclu Cavabdeh öhdəsinə götürdüyü xx xxxx 2019-cu il və xx xxxxx 2019-cu il tarixlərdə borc götürdüyü pulları qaytarmamışdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 ABŞ dollarının alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin odlunmasını xahiş edən cavabdehi, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçı və nümayəndəsini izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında borc müqavilələsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli kredit müqavilələri bağlanmış, iddiaçı cavabdehə cəmi 15.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən 15.000 ABŞ dolları borcu yaranmışdır, bununla datərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki iddia tələbini təmin edilərək, 15.000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsini qət etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar