Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5448/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(007)-1324/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, A.Cəlilov-Y.Səfərov küçələrinin kəsişməsində “BMW” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin, “Malibu” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı və “Renault Duster” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində yol – nəqliyyat hadisəsi baş vermişdir.
2. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 04 oktyabr 2022ci il tarixli, 164933 nömrəli hesabata əsasən ** PK *** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər ehtiyat hissələrinə çəkilən xərclər 3404,74 manat, zəhmət haqqı – 1096,75 manat olmaqla, cəmi 4501,349 manat məbləğində təşkil edir.
3. 08 dekabr 2022-ci il tarixli sığorta aktına əsasən 28 sentyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin məbləği və sığorta ödənişinin məbləği 4501,49 manat təşkil edir.
4. 21 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən 28 sentyabr 2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış ** PK *** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 4501,49 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır.
5. X5 tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli, 37 saylı qüsur aktına əsasən “BMW” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilmiş ehtiyat hissələri və xidmətlərə görə cəmi 4501,49 manat məbləğində pul vəsaiti ödənilməldir.
6. 12 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X1 hesabına 4501,49 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. Xətai Rayon DYPŞ tərəfindən tərtib edilmiş 10 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli protokola əsasən Cavabdeh 28 sentyabr 2022-ci il tarixində A.Cəlilov küçəsində “Chevrolet Malibu” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.
8. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 09 yanvar 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh subroqasiya hüququna əsasən ödənilmiş 4501,49 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir.
9. Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsi arasında bağlanmış sığorta müqaviləsinə əsasən buraxılış ili 2006, qara rəngli, ban nömrəsi WBANHN21000DS87411 olan, ** PK *** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtonəqliyyat vasitəsi Paşa Sığorta ASC tərəfindən şərtsiz azadolma 100 manat, sığorta predmetinin dəyəri 20000 manat, sığorta məbləği 20000 manat və sığorta haqqı 500 manat olmaqla sığortalanmışdır.
10. Xətai rayon Polis idarəsinin Təhqiqat şöbəsinin 28 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə materialda cinayət tərkibi olmadığı nəzərə alınaraq cinayət işinin başlanılması rədd edilmiş və “Chevrolet Malibu” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.
11. Xətai rayon Polis idarəsinin Təhqiqat şöbəsinin 20 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi və X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə, Cavabdeh, X8 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Xətai rayon Polis idarəsinin X18 şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 4501,49 manat məbləğində vəsaitin, 65,40 manat dövlət rüsumunun və bank xidməti xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia işin yuxarıda göstərilən halları ilə əsaslandırılmışdır.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2(007)- 1324/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh 2250,745 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42,51 manat məbləğində pul vəsaitinin tututlaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
15. Qətnamənin əsaslarına görə, "xxxx" ASC-nin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən kasko sığorta ilə sığortalanmış avtonəqliyyat vasitəsinə zərər dəyməsi, həmin zərərin dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi olması işin məhkəmə tərəfindən tədqiq edilən mübahisəsiz hallarıdır. 28 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində yalnız Cavabdeh deyil, baş vermiş yol nəqliyyat hadisəsinin digər iştirakçıları olan “Renault Duster” markalı nəqliyyat vasitəsinin sürücüsü X4 və "xxxx" ASC tərəfindən sığortalanan “BMW 730” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X3 da təqsiri olması müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 iyun 2023-cü il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, “Chevrolet Malibru” markalı, ** ED *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Renault Duster” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avyomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “BMW” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Polis idarəsi Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar məhkəmənin 13 may 2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 təqdim edilmiş, lakin iddiaçının nümayəndəsi həmin qərarın hazırki mübahisəyə aidiyyəti olmadığını bildirmişdir. Daha sonra məhkəmənin 21 iyun 2024-cü il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 həmin qərardan məlumatı olmadığını bildirmiş və məhkəmə tərəfindən işə baxılması təxirə salınmışdır. Məhkəmənin 28 iyun 2024-cü il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, onunla sığortalı arasında bağlanmış “Avtonəqliyyat vasitələrinin tam sığortası” qaydalarında sığortalının qəsdən etdiyi hərəkətlər olduqda və ya özünə güvənərək yol hərəkəti haqqında qanunun tələblərini pozduqda sığortalıya sığorta ödəniş verilməkdən imtina edilir. Özünə güvənərək yol hərəkəti qaydalarının pozulması halı isə müvafiq ekspert rəyi ilə müəyyən edilməlidir. Lakin hazırki sənədlər onlara Cavabdeh subroqasiya qaydasında pul tələb etməyə əsas verir. Ekspert rəyi isə onlara sığortalıdan pul tələb etməyə əsas vermir. Məhkəmə tərəfindən tədqiq edilmiş “Avtonəqliyyat vasitələrinin tam sığortası” qaydalarına əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması "xxxx" ASC tərəfindən sığortalıya sığorta ödənişi həyata keçirməkdən imtina etməyə əsas vermir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi yalnız cavabdehin deyil həmçinin həmin avtonəqliyyat vasitəsinin sürücüsünün də təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün birgə məsuliyyət daşıyır, onların bir-birinə vurduğu zərər isə ümumi əsaslarla ödənilir, yəni təqsirkar şəxs digər şəxsə vurduğu ziyanı ödəyir. Cavabdehin avtomobilinə dəymiş ziyanın məbləği, ona dəymiş ziyanın yol-nəqliyyat hadisəsinin baş verməsində həmçinin təqsiri müəyyən edilmiş "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 730” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi tərəfindən ödənilməsi halları müəyyən edilməmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, zərərin Cavabdeh ilə yanaşı iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə olması müəyyən edilmişdir. Tərəflərə məxsus avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi onların hər ikisinin təqsiri üzündən baş vermiş, yəni onların hər ikisinin hərəkətində “Yol hərəkəti haqqında” Qanunun tələblərini uyğunzusluq olmuşdur. Sığorta hadisəsi kimi qiymətləndirilmiş avtomobil qəzasının baş verməsində həm sığortalı, həm də cavabdeh təqsirli olması müəyyən edildiyindən tərəflərin hər birinin vurulmuş ziyana görə əmlak məsuliyyəti 50% müəyyən edilməlidir. Yəni, toqquşmuş avtomobil sahiblərinin hər birinin digər tərəfdən öz əmlakına vurulmuş ziyanın yarısını tələb etmək hüququ olduğundan hazırkı halda iddiaçı tərəfindən sığortalanmış avtomobilə vurulmuş ziyana görə ödənilməli olan məbləğin 50 %-i qarşı tərəfdən tutula bilər.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 922.1, 922.2, 926.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, əsl cavabdehi cəlb etməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə, işə baxan birinci instansiya məhkəməsi qətnamədə “BMW 730” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 da təqsirinin müəyyən edildiyini qeyd etsə də, maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verərək, tərəflərin hər birinin vurulmuş ziyana görə əmlak məsuliyyətinin 50%müəyyən edilməsi qənaətinə gəlmişdir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna o şəxs malik ola bilər ki, ona zərər başqa şəxs tərəfindən vurulsun və bu halda onun təqsiri müəyyən edilməsin. Hazırkı məhkəmə mübahisəsində isə “BMW 730” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 da təqsiri müəyyən edildiyindən dəymiş zərərin birtərəfli qaydada onun tərəfindən ödənilməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, yol - nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi “Chevrolet Malibu” markalı, ** ED *** dövlət qeydiyat nişanlı avtomobilə “BMW 730” markalı. ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 tərəfindən vurulmuş zərərin məbləği 6000 manatdan artıq olmaqla, onun avtomobilinə dəymiş zərərin məbləğindən daha yuxarıdır. Lakin birinci instansiya məhkəməsində bu barədə dəfələrlə məlumat verməyimə baxmayaraq, məhkəmə maddi hüquq normalarının tətbiqində səhv buraxmış, bu isə nəticədə cavabdehin maraqlarını müdafiə edən qeyri-obyektiv və qərəzli qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ödənişi vermiş sığortaçının o zaman subroqasiya hüququ yaranır ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı tələb hüququ yaranmış olsun. Hazırkı işdə isə sığorta ödənişi almış şəxsin özünün də yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri onunla bərabər olduğundan ona qarşı tələb hüququ yaranmır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxişinin hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamə yalnız iddia tələbinin təmin olunan hissəsində mübahisələndirilir, mübahisənin predmeti bölünən olduğu, iddianın təmin olunmadığı hissədə qətnamə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır.
25. İşin mübahisə olunmayan halıdır ki, "xxxx" ASC tərəfindən sığortalıya ödəniş aparılarkən hadisə nəticəsində yalnız Cavabdeh təqsirli olması məlum olmuş və bu əsaslarla da ödəniş aparılmışdır.
26. Ödəniş aparıldıqdan sonra isə Xətai rayon Polis idarəsinin Təhqiqat şöbəsinin 20 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi və X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə, Cavabdeh, X8 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Xətai rayon Polis idarəsinin X18 şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
27. Belə olduğu təqdirdə ilkin olaraq araşdırılmalı hal ondan ibarətdir ki, hadisədə yalnız Cavabdeh deyil, digər şəxslərin, o cümlədən sığortalı avtomobili idarə edən X3 da təqsiri müəyyən olunmuşdur.
28. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, “Avtonəqliyyat vasitələrinin tam sığortası” qaydalarında sığortalının qəsdən etdiyi hərəkətlər olduqda və ya özünə güvənərək yol hərəkəti haqqında qanunun tələblərini pozduqda sığortalıya sığorta ödəniş verilməkdən imtina edilir, özünə güvənərək yol hərəkəti qaydalarının pozulması halı isə müvafiq ekspert rəyi ilə müəyyən edilməlidir, lakin hazırki sənədlər onlara Cavabdeh subroqasiya qaydasında pul tələb etməyə əsas verir. “Avtonəqliyyat vasitələrinin tam sığortası” qaydalarının 7.1-ci bəndində də bu xüsusat öz əksini tapmışdır.
29. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin “özünə güvənərək yol hərəkəti qaydalarının pozulması halı isə müvafiq ekspert rəyi ilə müəyyən edilməlidir” əsası ilə razılaşmır. Belə ki, əməlin qəsdən və ya ehtiyatsızlıqdan (özünə güvənmə və ya etinasızlıq) nəticəsində törədilməsi hüquqi məsələdir və bu halın qyimətləndirilməsi üçün digər sahə üzrə xüsusi bilik olunmur.
30. Hüquqi qyimətləndirimənin aparılması, yəni, hadisənin Abdullayev Ruslan tərəfindən özünə güvənmə nəticəsində baş verməsinin aydınlaşdırılması üçün aşağıdakı məsələlərin araşdırılması zəruridir.
31. X3 təqsirinin müəyyən olunduğu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin dispozisiyası aşağıdakı kimidir: “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması”
32. Xətai rayon Polis idarəsinin Təhqiqat şöbəsinin 20 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında 01 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən qeyd olunmuşdur ki, X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1–ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
33. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1–ci hissəsində qeyd olunur ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.
34. Qeyd olunan normaların məzmunun baxımından işin hallarını qiymətləndirən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, yol –nəqliyyat hadisəsinin baş verməsi yalnız Cavabdeh deyil, X3 da təqsiri nəticəsində baş vermişdir. Təbii ki, təqsirin qəsd forması hazırkı mübahisə üzrə istisna olunur, lakin X7 aidiyyatı olan Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin, Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1–ci hissəsinin dispozisiyaları ilə müəyyən olunur ki, onun törətdiyi əməl məhz özünə güvənmə nəticəsində baş vermişdir və belə olduğu təqdirdə sığorta ödənişinin verilməsindən imtina olunmalı idi. İmtina üçün əsasların olduğu halda, hadisənin digər iştirakçısı Cavabdeh özünün də avtomobilinə zərər dəydiyi bir vəziyyətdə əsassız olaraq ödənilmiş sığorta ödənişinin də sonuncudan tələb olunması qanuna uyğun deyildir və birinci instansiya məhkəməsi iddianı qismən edərkən düzgün nəticəyə gəlməmişdir.
35. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin iddianın təmin edildiyi hissədə ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e--2(009)- 2254/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e--2(009)- 2254/2023 nömrəli qətnaməsi iddianın təmin olunduğu - Cavabdeh 2250,745 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42,51 manat məbləğində pul vəsaitinin tututlaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.