Məhkəmə qərarları › İş №2(103)-5449/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5449/2022

11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5449/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 və nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh2 ASC-nə və Cavabdeh1 qarşı “alimentin vaxtına ödənilməməsi nəticəsində hesablanmış faiz məbləğinin və zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC-nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi olaraq 10 000 manatın və aliment məbləğinin vaxtında ödənilməməsinə görə hesablanmış 15 000 manat dəbbə pulunun, habelə 165 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə arasında 14 mart 2009-cu il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuş, nikahlarından doğulmuş 21 dekabr 2009-cu il təvəllüldlü X4 və 12 dekabr 2015-ci il təvəllüdlü X7 ona verilmiş, Cavabdeh1 30 sentyabr 2019-cu il tarixindən başlayarq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilmiş və icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon icra və Probasiya Şöbəsinə göndərilmiş, həmin şöbə tərəfindən 08 iyun 2020ci il tarixində 5386/12Q saylı məktubla Cavabdeh2 ASC-yə göndərilərək xx.xx.2019-cu il tarixindən başlayaraq hesablanmalı və ödənilməli olan aliment məbləğinin icrası məqsədilə Cavabdeh1 əmək haqqından borc qurtarana qədər hər ay 70%, borc qurtardıqdan sonra isə 1/3 hissəsi miqdarında alimentin tutularaq onun "xxxx" ASC-dəki hesabına ödənilməsi üçün baş mühasibə göstəriş verilməsi bildirilmişdir. Məhkəmə qətnaməsinin icrası məqsədi ilə Cavabdeh2 ASC-nin mühasibatlıq şöbəsi tərəfindən borclu Cavabdeh1 əmək haqqından onun bank hesabına 2020-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin fevral ayı da daxil olmaqla 1450 (bir min dörd yüz əlli) manat, 2021ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi isə 682,98 (altı yüz səksən iki manat 98 qəpik) manat aliment məbləği tutulmuşdur ki, tutulmaların həyata keçirilməsi zamanı Cavabdeh2 ASC tərəfindən hərəkətsizlik nümayiş etdirilmiş, aliment məbləğinin tutulması düzgün həyata keçirilməmiş, nəticədə ona maddi zərər vurulmuşdur. Belə ki, borclunun əmək haqqısı və digər gəlirlərindən tutulmaları həyata keçirməli olan “Azərenerji" ASC tərəfindən borclunun gəlirləri barədə hər gün məlumat verilməməklə yanaşı, həmin müddətdə ona ödənilməli olan məbləğin hesablanması da lazımı qaydada həyata keçirilməmişdir. Cavabdeh2 ASC-nin baş müsahibi Q.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqı və digər gəlirlərindən çıxarışdan məlum olur ki, Cavabdeh1 oğunun 2019-cu il oktyabr ayı üzrə 4010,20 manat, 2019-cu ilin noyabr ayı üzrə 4022,07 manat, 2019-cu ilin dekabr ayı üzrə 4016,49 manat, 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayı da daxil olmaqla 4215,95 manat, 2021-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayına kimi 4104,15 manat, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayı da daxil olmaqla 4789,15 manat məbləğində gəlirləri olmuşdur və həmin çıxarışda ayrıca qeyd olunmuşdur ki, 2019-cu ilin oktyabr ayı üçün 1336,73 manat, 2019-cu ilin noyabr ayı üçün 1340,69 manat, 2019-cu il dekabr ayı üçün 1338,83 manat, 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyun ayı da daxil olmaqla hər bir ay üçün 1405,32 manat, 2020- ci ilin iyul ayından 2020-ci ilin dekabr ayı da daxil olmaqla 44,68 manat, 2021-ci ilin yanvar ayından 2021-ci ilin fevray ayı da daxil olmaqla 81.95 manat, 2021-ci ilin mart ayından 2021-ci ilin avqust ayı da daxil olmaqla 685,07 manat, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayı da daxil olmaqla 913, 40 manat tutulma fərqi olmuşdur ki, nəticədə 20 693,59 manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Dəfələrlə aidiyyatı üzrə Xəzər rayon İcra və Probasiya Şöbəsinə, eyni zamanda "xxxx" ASC-yə ünvanlanmış sorğularından sonra Cavabdeh2 ASC tərəfindən 16 fevral 2022-ci il tarixində Bakı şəhəri Xəzər rayon icra şöbəsinə məktub ünvanlanılaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqı və digər gəlirlərindən aliment ödənilməsi üçün 39 806,37 (otuz doqquz min səkkiz yüz altı manat 37 qəpik) manat hesablanmış, 19112,78 (on doqquz min yüz on iki manat 78 qəpik) manat ödənilmiş və borcun qalıq hissəsi 20 693,59 (iyirmi min altıyüz doxsan manat 59 qəpik) manat xx.xx.2022-ci il tarixədək Muradlı (Əliyeva) Aysel Zabit qızının bank hesabına ödənilməsi təmin ediləcəkdir. Həqiqətən də qeyd edilən məbləğ xx.xx.2022-ci il tarixində aliment məbləği üçün müəyyən edilmiş kart hesabında nəğd mədaxil olunsa da, həmin məbləğ vaxtında mədaxil olunmamış, vaxtında mədaxil olunmama isə birbaşa olaraq Cavabdeh2 ASC-nin səlahiyyətli şəxslərinin hərəkətsizliyi ucbatından baş vermişdir. Həmçinin hazırki iddia ərizəsinin tərtib edildiyi tarixə faktiki olaraq Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 əmək haqqından 2022-ci ilin fevral və mart ayları üçün tutulmalı olan aliment məbləği tutulmamış və bank hesabına köçürülməmişdir.Faktiki olaraq cavabdehlər əlbir olaraq bu hərəkətləri həyata keçirərək süründürməçiliyə yol verirlər. Belə ki, aliment üzrə işçinin əmək haqqısından tutulmaları həyata keçirməli olan işçilər öz işlərinə səhlənkar yanaşmaqla bərabər, məhz Cavabdeh1 ilə birlikdə mövcud aylıq gəlirlərinin gizlədilməsinə istiqamətlənmiş hərəkətlər həyata keçirmiş, əmək haqqı məbləğinin tam həcmini bilmələrinə baxmayaraq tutulmalı olan aliment məbləğlərini vaxtında və düzgün qaydada tutmamış, hətta bununla bağlı rəsmi müraciətləri cavabsız qoyaraq ona zərər vurmuş, uşaqların saxlanılması üçün lazım olan məbləğləri gec və natamam şəkildə ödəyərək uşaqların ehtiyaclarının lazımı qaydada təmin olunmasına mane olmuşlar. Məhz xx.xx.2020-ci il tarixində aliment məbləği üzrə tutulma həyata keçirilən zaman Cavabdeh1 əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi deyil, 70% hissəsi tutulmalı idi. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş Cavabdeh1 əmək haqqı və digər gəlirlərinə dair çıxarışdan bəlli olur ki, Cavabdeh1 xx.xx.20220-ci il tarixinə əmək və digər gəlirlərinin ümumi həcmi 4215, 95 (dörd min iki yüz beş manat 95 qəpik) manat təşkil edir. Həmçinin yenə həmin çıxarışdan bəlli olur ki, xx.xx.2020-ci il tarixində iyun 2020-ci il üçün aliment məbləği icra vərəqəsinə uyğun olaraq 70% həcmində deyil, 1/3 hissədə tutulmuşdur. Belə ki, 4215,95 (dörd min ikiyüz on beş manat 95 qəpik) manat məbləğinin 70 %-i 2951,65 (iki min doqquz yüz əlli bir manat 65 qəpik) manat təşkil etsə də, həmin tarix üzrə ödənilən alimentin məbləği yalnız 1450 (bir min dörd yüz əlli) manat təşkil etmişdir ki, aradakı ümumi fərq 1501,65 (bir min beş yüz bir manat 65 qəpik) manatdır. Qeyd edilən hal iyul 2020-ci ildən başlayaraq yanvar 2020-ci il tarixi də daxil olmaqla davam etmişdir ki, mövcud qanunsuzluq yalnız və yalnız tərəfindən müraciətlər etməsindən sonra bəlli olmuşdur. Hətta bundan sonrakı mərhələlərdə də Cavabdeh2 ASC tərəfindən qaydalar pozularaq aliment məbləği 682,98 (altı yüz səksən iki manat 98 qəpik) manat məbləğində tutulmuşdur ki, həmin məbləğ borclunun əmək haqqı məbləğinin 1/3 hissəsinı belə ehtiva etmir. Nəzərə alınması zəruridir ki, tərəfindən "xxxx" ASC-yə bu barədə həm şifahi, həm də yazılı qaydada müraciətlərin edilməsinə baxmayaraq həmin qurum tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilmiş, aliment məbləğinin düzgün hesablandığı bildirilmişdir. Bu müddətdə həmçinin Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən də qanunsuzluqlar edilmiş, mövcud vəziyyətin icrasına nəzarət olunmamışdır. Qeyd edilən hallar bir daha sübut edir ki, məhz Cavabdeh2 ASC və Cavabdeh1 bilərəkdən öz gəlirlərini gizlətmiş, aliment məbləğinin vaxtında ödənilməsinin qarşısını almış, ona həm psixioloji təsir göstərmiş, süründürməçilik hallarına yol verərək himayəsində olan uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin vaxtında və tam şəkildə icra edilməsinə maneçilik törədərək maddi zərər vurulmasına səbəb olmuşlardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, 2414,25 manat məbləğində pul vəsaitinin (dəbbə pulu) və dövlət rüsumunun 85 manat hissəsinin Cavabdeh2 ASC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunan hissəsində - ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmişdir; cavabdeh isə qətnamənin iddianın təmin olunan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. İş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və X5 nikahının pozulması, 21 dekabr 2009-cu il təvəllüdlü X2 və 12 dekabr 2015-ci il təvəllüdlü X3 X5 yanında qalmaları, 30 sentyabr 2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay əmək haqqının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Xəzər rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 28 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh2 ASC-nin 16 fevral 2022-ci il tarixli məktubuna əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqı və digər gəlirlərindən aliment ödənilməsi üçün 39 806,37 manat hesablanmış, 19 112,78 manat ödənilmiş, 20693,59 manat qalıq borc qalmışdır. Cavabdeh2 ASC tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 16 fevral 2022ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqı və digər gəlirlərindən aliment ödənilməsi üçün 39 806,37 manat hesablanmış, 19112,78 manat ödənilmişdir və borcun qalıq hissəsi olan 20 693,59 manatın xx.xx.2022-ci il tarixədək X5 bank hesabına ödənilməsi təmin ediləcəkdir. Cavabdeh2 ASC tərəfindən X6 ünvanlanmış 04 mart 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2019-cu il tarixdən Cavabdeh1 əmək haqqından alimentin tutularaq sizə ödənilməsindəki yanlışlıq aradan qaldırılıb, qalıq borc Cavabdeh1 alınaraq hesabınız ödənilib”. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 20 693,59 manat məbləğində pul vəsaiti X5 hesabına köçürülmüşdür. Beləliklə, iddiaçıya ödənilməli olan aliment məbləğinin ona 2 il 4 ay müddət ərzində natamam ödənilməsi və qalıq borcun yalnız bu müddət keçdikdən sonra ödənildiyi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir; 108.3-cü maddəsinə görə isə, aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-962/2022 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 ASC-nə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar