Məhkəmə qərarları › İş №2(103)-545/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-545/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-545/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2138/2021 saylı, 13.08.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8259,56 manat əsas borc, 2437,64 manat faiz borcu olmaqla ümumilikdə 10697,20 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2138/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.10.2019-cu il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 8259,56 manat əsas borc, 2437,64 manat faiz borcu olmaqla, ümumilikdə 10697,20 manat məbləğində pul vəsaiti və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək bildirmişlər ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, onların banka etdiyi ödənişlərin çox hissəsi nəzərə alınmamış və nəticə olaraq iddia ərizəsində yüksək məbləğ tələb edilmiş, rayon məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirmədən iddia tələbində göstərilən məbləği tutmuşdur. Bu səbəbdən, iş üzrə ekspertiza keçirilərək borcun məbləğinin obyektiv müəyyən edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 101842-782502/1 saylı 11.10.2019-cu il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 10,000 AZN məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 24 faiz ödəməyi öhdəsinə götürür. Kredit 15 ay müddətinə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11.10.2019- cu il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC-nin 07.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin İddiaçı ASC qarşısında 8259,56 manat əsas borc, 2437,64 manat faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2022-ci il tarixli 9/8913 saylı ekspert rəyinə əsasən Cavabdeh1 11.01.2021-ci il tarixinə (müqavilənin bitmə tarixinə) olan borcu 10.021,48 manat məbləğində, o cümlədən: əsas borc üzrə: 8351,23 manat, faiz borcu üzrə: 1670,25 manat. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə faiz borcu hissədə dəyişdirilməli, qətnamə cavabdehlərin apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2022-ci il tarixli 9/8913 saylı ekspert rəyinə əsasən Cavabdeh1 11.01.2021-ci il tarixinə (müqavilənin bitmə tarixinə) olan borcu 10.021,48 manat məbləğində, o cümlədən: əsas borc üzrə: 8351,23 manat, faiz borcu üzrə: 1670,25 manat. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlərdən faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə faiz borcuna görə 1670,25 manat tutulmalıdır. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlərdən faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə faiz borcuna görə 1670,25 (min altı yüz yetmiş manat, iyirmi beş qəpik) manat tutulmalı və qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-2138/2021 saylı, 13.08.2021-ci il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC- nin xeyrinə 1670,25 (min altı yüz yetmiş manat, iyirmi beş qəpik) manat faiz borcu tutulsun. Qətnamə cavabdehlərin apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz ) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə cavabdehlər tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar