Məhkəmə qərarları › İş №2(103)-545/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-545/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-545/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-211/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddaçı) Cavabdeh (bundan sonra,cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17500 manat əsas borcun, 2625 manat faiz borcunun, cəmi 20125 (iyirmi min yüz iyirmi beş) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 və X7 qarşı 19000 manat pul tələbi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehlər ondan aldiqları pulu Cavabdeh verdiklərini bildirmiş, sonuncu xx.xx.2021-ci il tarixdə 17500 manat pulu aldığına dair qəbz vermişdir. Ona gora də Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1920/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdehlərdən cəmi 1500 manat əsas borcun və 225 manat faiz borcun tutulması baradə qətnamə qəbul edilmişdir. O, 17500 manat pulu Cavabdeh tələb etsə də, nəticəsi olmamış, bu səbəbdən də məhkəməyə müraciat etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd edir ki, 17500 manatın bir illik faizi 875 (17500x5%) manat, üç illik faizi isə 2625 (875x3=2625) manat təşkil edir. Belə olan halda cavabdehin ona olan borcu faiz dərəcəsi ilə birlikdə ən azından beş faizlə götürdükdə 20125 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-211/2023 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) iddia qismən təmin olunmuş, cavabdehdən iddiaçının xeyrinə 17500 manat əsas borcun, gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1167 faiz borcunun, cəmi 18667 (on səkkiz min altı yüz altmış yeddi) manat pulun tutulması qət olunmuşdur.. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cəmi 5000 manat borc pul alması, məcburiyyət qarşısında şalaraq 17500 manat borcunun olmasını göstərməsi, sübutlara düzgün hüquqi qiymət verilməməsi, birinci instansiya məhkəməsində iddianı 5000 manat hissədə etiraf etməsi, lakin nəzərə alınmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, şikayət formal xarakterlidir. Qarşı tərəf qəbzin guya təsir altında bağlanmasını, cavabdehə təsir olunmasını bildirsə də, bu yalandır. Cavabdehə heç bir təsir olmamış, o verməli oldğu borcu qəbzdə göstərməklə onu imzalamışdır. Həmçinin, şikayət əsasında polisdə araşdırma da aparılmış və həmin materiallar da təsdiq edir ki, cavabdeh həqiqətən borc almış və həmin borcunu qaytarmamışdır. Belə olan halda cavabdehin apellyasiya şikayəti verərək, süni süründürməçilik yaratmasının heç bir əsası yoxdur. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan, xx.xx.2021-ci il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzdən görünür ki, cavabdeh etiraf etmişdir ki, həqiəqtən 2019-cu il may ayında iddiaçıdan Vəliyev Tahirə vasitəsi ilə 17500 manat borc pul almış və həmin borcu qaytaracaqdır. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, 2018-ci ildə Tahirə Vəliyevadan borc götürmüş, 2020-ci ilə qədər də 1500 manat pul ödəmişdir. Bununla bağlı prokurorluqda iş açılmış, sonra da bağlanmış, razılaşmışdır ki, Tahirəyə 14500 manat qaytaracaq. Etiraf edir ki, 17500 manatlıq qəbzə qolu şəxsən çəkmiş, lakin o qədər pul almamışdır. Bu səbəbdən də iddia tələbinin 5000 manatlıq hissəsinə razıdır. İddiaçıdan 17500 manat məbləğində pul borc alması barədə razılaşmanı şəxsən öz iradəsi ilə imzalasa da, o pul faizlə hesablanan məbləğdir, əslində isə məbləğ 5000 manat təşkil edir. Bununla yanaşı, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı 21 fevral 2023-cü il tarixli ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini 5000 manat borc pula dair hissədə etiraf edir . Birinci instansiya məhkəməsi iddianı əsas borca dair hissədə təmin edərkən, müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli razılaşma ilə (cavabdeh tərəfindən şəxsən imzalanmış) və tərəflərin izahatları müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə üçüncü şəxs vasitəsi ilə 17500 manat məbləğində pul borc verilməsi barədə yazılı razılaşma mövcuddur. Cavabdeh iddia tələbini 5000 manat hissəsində qəbul edərək, bildirir ki, cavabdehdən yalnız 5000 manat pul almışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda həmçinin bildirmişdir ki, iddiaçıdan 17500 manat məbləğində pul borc alması barədə razılaşmanı imzalasa da, o pul faizlə hesablanan məbləğdir, əslində isə məbləğ 5000 manat təşkil edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 17500 manat pul tutulması hissəsində əsaslıdır. Tərəflər arasında 17500 manat məbləğində borc olması barədə cavabdeh tərəfindən şəxsən imzalanmış razılaşma mövcuddur, cavabdeh tərəfindən məhkəməyə borc məbləğinin 17500 manat deyil, 5000 manat olması barədə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya 17500 manat borcunun olması barədə şəxsən yazdığı və imzaladığı 25 iyul 2021-ci il tarixli qəbzi iradəsinə zidd, təzyiq və məcburiyyət qarşısında qalaraq tərtib etdiyi, iddiaçıya həqiqətdə yalnız 5000 manat borcunun olduğunu bildirmişdir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər aralarında borc münasibətlərinin yaranmasını mübahisələndirmirlər. Həmçinin qeyd edilməlidir ki, borcun yaranmasında tərəflər bilavasitə bir-biri ilə təmasda olmasalar da, bu hal vəziyyəti dəyişdirmir. Çünki, işin mübahisə olunmayan digər hallarına əsasən cavabdeh iddiaçıya məxsus pulu üçüncü şəxsdən (Tahirə Vəliyeva) almış, həmin pulun iddiaçıya məxsus olmasını, onu qaytarmalı olmasını qəbul etmişdir. Bu halı iddiaçı da mübahisələndirmir. Mübahisəli hal – borcun məbləği ilə bağlıdır. Belə ki, cavabdeh pulun 5000 manat olmasını, iddiaçı isə 17500 təşkil etməsini bildirir. İddiaçı hazırki tələbində cavabdeh tərəfindən şəxsən yazılaraq imzalanmış, borcun etirafı barədə sadə yazılı qəbzə və s. sübutlara əsaslanaraq, hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh qeyd edilən sadə yazılı formada tərtib edilmiş qəbzin mövcudluğunu (tərəfindən yazılaraq, imzalanmasını) mübahisələndirməmiş, lakin apellyasiya şikayətində göstərmişdir ki, iddiaçıdan 17500 manat məbləğində pul borc alması barədə etirafı təzyiq və məcburiyyət qarşısında imzalamışdır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh birinci instansiya məhkəməsində həmin pulun faizlə hesablanan məbləğ olmasını, əsas pulun 5000 manat təşkil etməsini göstərmiş, məhkəməyə qəbzin təzyiq və məcburetmə qarşısında tərtib etməsini barədə hər hansı yazılı etiraz verməmişdir. Cavabdeh ən azından birinci instansiya məhkəməsinə təqdim etdiyi iddianın qismən, yəni 5000 manat hissədə etirafı barədə ərizəsində, müvafiq qəbzi təzyiq və məcburiyyət qarşısında qalaraq imzalamasını da göstərə bilərdi, lakin bütün bu hallarda bağlı etirazını bildirməmişdir. Buna baxmayaraq, hər bir halda iddianın qanuni həlli baxımından ilkin olaraq cavabdehin iddiaçıya 17500 manat borcunun mövcudluğu ilə bağlı tərtib etdiyi 25 iyul 2021-ci il tarixli əqdin etibarlılığı yoxlanılmalı olan məsələdir. Çünki, cavabdeh həmin qəbzin etibarlılığını istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətində şübhə altına almışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadındakı hüquqi mövqeyə görə, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Göründüyü kimi, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4) Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc (kredit) müqaviləsidir. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir İşdə olan, xx.xx.2021-ci il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzdən görünür ki, cavabdeh etiraf etmişdir ki, həqiəqtən 2019-cu il may ayında iddiaçıdan Vəliyev Tahirə vasitəsi ilə 17500 manat borc pul almış və həmin borcu qaytaracaqdır. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). MM-nin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Cavabdeh borcun etirafı barədə qəbzi məcburetmə (zorakılıq, hədələmə və s.) nəticəsində imzalamasını göstərsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut (məcburetmənin nədən ibarət olması, hansı formada həyata keçrilməsi və s.) təqdim edə bilməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Qanunvericiliyin qeyd olunan normasından da göründüyü kimi, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Eyni zamanda, iddiaçının şikayəti əsasında Bakı şəhəri Qaradağ RPİ-də toplanmış 776/22 saylı rədd materiallında olan izahatlardan da iddiaçıya məxsus müvafiq pul vəsaitinin cavabdehdə olması açıq-aşkar müəyyən edilmişdir. Belə ki, vətəndaş X5 izahatında göstərmişdir ki, o, iddiaçıdan borca pullar almış, həmin pulların bir hissəsini borc olaraq cavabdehə vermiş, sonuncu həmin pulların iddiaçıya məxsus olmasını bilmiş, qaytaracağına vəd vermişdir. Eyni zamanda, iddiaçı da izahatında X3 və onun oğluna hissə-hissə verdiyi təqribən 19000 manat pulların, həmin şəxslər tərəfindən sonradan cavabdehə faizlə borc verilməsini bilməsini göstərmişdir. Həmçinin, cavabdeh polisdə verdiyi izahatında X5 tərəfindən ona verilmiş pulların iddiaya məxsus olmasını bilməsini, həmin pulları iddiaçıya ödəyəcəyini göstərmişdir. Bununla yanaşı, işdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(002)-1920/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 və X8 qarşı “pul tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər X2 və X4 müştərək qaydada 1500 manat əsas borc, 225 manat faiz borcu, 12 manat dövlət rüsumu olmaqla, cəmi 1737 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 2019-cu ildə cavabdehlərə 19000 manat məbləğində pul verilmiş, həmin pulun müəyyən hissəsinin Cavabdeh verilməsinə iddiaçının özünün məlumatı və razılığı olmuş, nəticədə həmin pulun 17500 manat hissəsinin 25 iyul 2021-ci il tarixli qəbzə əsasən Cavabdeh olması təsdiq edilmişdir. Bu səbəbdən də iddia cavabdehlərə münasibətdə əsas borcla bağlı 1500 manat hissədə əsaslıdır. Həmçinin qeyd edilməlidir ki, MM-nin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Göründüyü kmi, cavabdeh sözügedən borc sənədini (borcun etirafı barədə qəbzi) imzalamaqla iddiaçıya 25 iyul 2021-ci il tarixə olan borcunu 17500 manat həcmində etiraf etdiyi üçün həmin borcun yaranma əsasını mübahisə edə bilməz. Yəni, cavabdehin iddiaçıdan ilkin olaraq, birbaşa 17500 manat borc pul alması zəruri deyildir. Yuxarıda qeyd edildiyi kimi, rədd materialında olan izahatlardan da müəyyən olunur ki, pul vəsaitləri hissə-hissə verilmiş, sonda tərəflər öz aralarında olan mübahisəni, bütün qeyri-müəyyənlikləri qarşılıqlı razılaşma əsasında həll etmiş, cavabdeh iddiaçıya olan borcunun məhz 17500 manat olmasını, həmin pul vəsaitini Tahirə Vəliyeva vasitəsilə almasını, borcu qaytaracağına vəd verməsini 25 iyul 2021-ci il tarixli “Razılaşma müqaviləsi borca görə” başlıqlı qəbzdə öz xətti ilə yazaraq imzalamışdır. Bununla yanaşı, cavabdeh həqiqətən həmin razılaşmanı təzyiq və məcburetmə nəticəsində yazmışdırsa, o zaman keçən uzun müddət ərzində həmin razılaşmanın mübahisələndirilməsi istiqamətində addım atmamış, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, cavabdehin iddiaçıya 17500 manat borcu vardır və sonuncunun tələb etməsinə baxmayaraq həmin pul vəsaiti qaytarılmamışdır. Belə ki, MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-in 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. MM-in 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Cavabdeh isə öhdəliyi icra etməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdehin özünün izahatı isə iddianın əsassız olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya instansiyasına ünvanladığı ərizəsində göstərmişdir ki, borcun etirafı barədə müqavilə notariat qaydasında təsdiq olunmamışdır. Məhkəmə kollegiyası qeyd edilən dəlillə də razılaşmayaraq qeyd edir ki, istər borc müqaviləsinin, istərsə də borcun etirafı barədə mücərrəd müqavilənin notariat qaydasında təsdiq olunması mülki qanunvericilikdə zəruri şərt kimi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia “cavabdehdən iddiaçının xeyrinə 17500 manat əsas borcun” tutulması hissədə əsaslı olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə qanuni və əsaslıdır. Bununla yanaşı, məhkəmə gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1167 faiz borcunu da cavabdehdən tutmaqda haqlı olmuşdur. Çünki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin hallarından göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən etiraf etdiyi müvafiq pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini daşımışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı tələb hüququ xx.xx.2021-ci il tarixdən yarandığından və iddia ərizəsi xx.xx.2022-ci il tarixində verildiyindən, gecikdirilmiş vaxt üçün illik beş faiz 1 il 4 ay üçün hesablanaraq, gecikdirilmiş vaxt üçün faiz 1167 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MM-in 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-211/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 211/2023 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar