Məhkəmə qərarları › İş №2(103)-545/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-545/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-545/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 6782.95 (altı min yeddi yüz səksən iki manat 95 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 148.20 (bir yüz qırx səkkiz manat 20 qəpik) manat və 89.32 (səksən doqquz manat 32 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7020.47 (yeddi min iyirmi manat 47 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 198 manat dəymiş zərər, 148,20 manat debitor borc olmaqla, cəmi 346,20 (üç yüz qırx altı manat iyirmi qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumun tutularaq İddiaçı bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cavabdeh qətnaməni mübahisələndirməmişdir, iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı barədə kifayət qədər sübular birinci instansiya məhkəməsi təqdim edilsə də, rayon məhkəməsi iş üzrə düzgün olmayan qənaətə gəlmiş, iddianı qismən təmin etmişdir. Qeyd olunanlara əsasən, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

4. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

5. Mülki işdə olan:

6. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 11/3217 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur.

8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur.

9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən təbii qazdan sayğacdan kənar əlavə xətlə qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

10. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur.

11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur.

12. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

13. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur.

14. Abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 72.40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1251.36 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 990.72 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1883.52 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1036.80 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1036.80 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 529.92 manat zərər hesablanmışdır.

15. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, istehlakçı tərəfindən təbii qazdan istifadə halında İddiaçı İB tərəfindən tərtib edilmiş aktlar üzrə dəymiş ziyanın məbləği 07.04.207-ci il tarixli akt-49,7 manat+ xx.xx.2021-ci il tarixli akt - 308 manat+ xx.xx.2022-ci il tarixli akt-433,5 manat+ xx.xx.2022-ci il tarixli akt- 318,6 manat+ xx.xx.2023-cü il tarixli akt- 453,6 manat+ xx.xx.2023-cü il tarixli akt-233,28 manat+xx.xx.2023-cü il tarixli akt -349,92 manat=2156,6 manat məbləğində müəyyən edilə bilər. Həmin rəydə xx.xx.2021-ci il tarixli akta əsasən borcun cəmi 308 manat olması qeyd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

16. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

18. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin paylayıcısı vurulmuş zərərin ödənilməsini qərarı ilə müəyyən istehlakçıdan edildikdə qaz tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

25. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

26. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

27. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

30. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

31. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

33. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

35. Rayon məhkəməsində müəyyən edilmişdir ki, cavabdeh sayğacdan kənar qeyriqanuni olaraq təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Hazırda mübahisəli məsələ borcun məbləği ilə bağlıdır.

36. Rayon məhkəməsi tələb olunan debitor borca görə 148 manatı təmin etməkdə haqlı olmuşdur.

37. Kollegiya həm də iddia tələbini xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 990.72 manat məbləğində ziyanın cavabdehdən tutulması hissədə təmin etməyən rayon məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qoşulan qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən həmin vaxt tələb edilməmiş, əksinə, qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır.

38. Rayon məhkəməsi iddiaçı tərəfindən cavabdehin barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilməsi əsası ilə həmin aktlara aid hissədə də iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

39. Belə ki, adıçəkilən maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı halda iddiaçı, cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur.

40. Bununla belə, Kollegiya qeyd edir ki, rayon məhkəməsinin yalnız xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən iddianı təmin etməsi əsaslı olsa da, lakin həmin akta əsasən vurulmuş ziyanın məbləğini (198 manat) düzgün müəyyən etməmişdir.

41. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, istehlakçı tərəfindən təbii qazdan istifadə halında İddiaçı İB tərəfindən tərtib edilmiş aktlar üzrə dəymiş ziyanın məbləği 07.04.207-ci il tarixli akt-49,7 manat+ xx.xx.2021-ci il tarixli akt - 308 manat+ xx.xx.2022-ci il tarixli akt-433,5 manat+ xx.xx.2022-ci il tarixli akt- 318,6 manat+ xx.xx.2023-cü il tarixli akt- 453,6 manat+ xx.xx.2023-cü il tarixli akt-233,28 manat+xx.xx.2023-cü il tarixli akt -349,92 manat=2156,6 manat məbləğində müəyyən edilə bilər. Həmin rəydə xx.xx.2021-ci il tarixli akta əsasən borcun cəmi məbləğinin 308 manat olması müəyyən olunmuşdur.

42. Kollegiya hesab edir ki, cavabdehin sayğacdankənar qazdan istifadə etməsi müəyyən edildiyindən, eləcə də sayğacdankənar istifadəyə görə xx.xx.2021-ci il tarixli akta əsasən borcun cəmi məbləğinin 308 manat olması mütəxəssis rəyi ilə təsdiq edildiyindən, iddia tələbi qismən əsaslıdır və təmin edilməli və cavabdehdən sayğacdankənar təbii qazdan istifadəyə görə 308 manat və 148,20 manat debitor borc olmaqla, cəmi 456,2 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, rayon məhkəməsi tərəfindən iddia tələblərinin təmin edilməyən hissəsi rədd edildiyi hallarda və yuxarı instansiya məhkəməsi tərəfindən rədd edilmiş hissədə iddia tələbinin tam və ya qismən təmin edilməsi əsası yarandıqda, prosessual qanunvericiliyin ümumi prinsipləri baxımından məsələnin qətnamənin dəyişdirilməsi qaydasında həll edilməsi mümkün olmur, o səbəbdən ki, iddia tələbinin rədd olunan hissəsinin tam və ya qismən təmin edilməsi üçün ilkin olaraq tələbin rədd edilməsini müəyyən etmiş həmin qətnamənin ləğv edilməsi tələb olunur və yalnız bundan sonra həmin hissəyə münasibətdə yeni qətnamənin çıxarılması imkanı yaranır. Bu səbəbdən də hazırkı mülki işin hallar rayon məhkəməsinin qətnaməsinin dəyişdirilməsini deyil, ləğvini şərtləndirir. Nəticə:

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul ediməli, iddia qismən təmin edilməli, cavabdehdən sayğacdankənar təbii qazdan istifadəyə görə 308 manat və 148,20 manat debitor borc olmaqla, cəmi 456,2 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

47. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manatı və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 44 manat olmaqla, cəmi (30+44=74) 74 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

48. Cavabdehdən tutulmalı məbləğ 456,2 manat olduğundan, MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh sayğacdankənar təbii qazdan istifadəyə görə 308 manat və 148,20 manat isə debitor borc olmaqla, cəmi 456,2 (dörd yüz əlli altı manat iki qəpik) manat və 74 (yetmiş dörd) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar