Məhkəmə qərarları › İş №2(103)-5451/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5451/2020

06.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5451/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsi, 12 saylı evin, 2 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin ünvana pasport qeydiyyatına alınma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinin tələbləri daxilində məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, faktiki yaşadığı Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi C.Cabbarlı küçəsi, 12 saylı evin, 2 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Cavabdeh4 ilə ailə qurmuş, lakin nikahlarını 2014-cü ildə rəsmiləşdirmişlər. Cavabdehlə ailə qurduqdan sonra o, ünvan 1 mənzil 2 ünvanına gəlin köçmüş və hal-hazırda da orada yaşayır. Özünə məxsus bütün əmlakı həmin mənzildə yerləşir. 15 ildir ki, o, həmin mənzildə yaşayır və hesab edir ki, cavabdehlərlə birgə onun da həmin mənzildən istifadə etmək hüququ vardır. Lakin cavabdehlər onun həmin mənzilə istifadə hüququnun tanınmasına etiraz edirlər. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(094)-80/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(094)-80/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qətnamənin “müəyyən etdi” hissəsində işin məhkəmə baxışında iddiaçının Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (sonradan MPM) 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azadılmasına dair ərizə təqdim edərək faktiki yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsi, 12 saylı evin, 2 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etdiyi bildirilir. Lakin məhkəmə baxışında belə bir ərizə təqdim olunmamışdır. Belə bir ərizə təqdim olunsaydı, onda bütün cavabdehlərə də həmin ərizə verilərdi. Beləliklə, bu faktı qeyd etməklə hakim prosessual hüquq normasını pozmuşdur. Qətnamənin 3-cü səhifəsinin 4-cü abzasında hakim məhkəmə iclasında işin araşdırılan hallarına və tədqiq edilən sənədlərə istinad edərək, cavabdehlərin İddiaçı Cavabdeh4 ilə faktiki nikaha girərək həmin ünvanda 2006-cı ildən yaşadığını etiraf etdiklərini bildirmişdir. Lakin iddiaçı həmin tarixdə faktiki nikaha girmədiyindən və cavabdehlər də bunu təsdiq etmədiklərindən hakim belə ifadəni işlətməklə MPM- nin 217.3 "Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərtin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır" və 217.4 " Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır" maddələrinin tələblərini pozmaqla maddi hüquq normasını pozmuşdur. İş materiallarında olan AZ-1 969837 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə İddiaçı xx xxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ona görə də iddiaçının 2006-cı ildən həmin ünvanda yaşamasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı X1 və cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh5, xx.xx.1962ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 Niyazi oğlu ünvan 2 mənzil 2 ünvanında qeydiyyatdadılar.AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ünvan 3 (Xəzər RPİ) ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 3 (Xəzər RPİ) ünvanında qeydiyyatda olmasına baxmayaraq, cavabdehlərin etiraf etdiyi kimi o, 2006-cı ildə Cavabdeh4 ilə faktiki nikaha girərək ünvan 2 mənzil 2 ünvanında davamlı olaraq yaşamış, xx xxxx 2014-cü il tarixdə isə onlar rəsmi nikaha daxil olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxxxxxx 2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsaslanmaqla düzgün qənaətə gəlmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün səbəb ola bilməz. Belə ki, cavabdehlər özləri də birinci instansiya məhkəməsində izahatlarında iddiaçının faktiki olaraq 2006-cı ildə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsi, 12 saylı evin, 2 saylı mənzilinə gəlin köçdüyünü və həmin gündən bu günə kimi orada daimi yaşadığını etiraf etmişlər, bu halı apellyasiya instansiyasinda işə baxılması zamanı iştirak edən cavabdehlər bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı faktiki olaraq həmin mənzilə 2006-cı ildən gəlin köçməsi və orada yaşaması iş materialları və cavabdehlərin izahatları ilə sübut olunduğundan, onun həmin mənzilə istifadə hüququ yarandığına dair Mənzil Məcəlləsinin yuxarıda göstərilən müddəaları şamil edilməlidir. Bundan başqa, iddiaçının qeydiyyatının başqa ünvana olması da onun mübahisəli mənzilə dair istifadə hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(094)-80/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar