Məhkəmə qərarları › İş №2(103)-5451/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5451/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5451/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi Elmira Vəliyevanın iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin arasında kredit münasibəti olub. İddiaçı (kredit alan) İddiaçı ilə cavabdeh (kredit verən) Cavabdeh QSC-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsinə əsasən kredit alana 12.450 manat kredit verilib. Kreditdən istifadəyə görə illik faiz dərəcəsi 22 faiz, kredit müddəti isə 48 ay, yəni xx.xx.2024-cü ilədək müəyyən edilib. Kredit alan kredit öhdəliyini vaxtından əvvəl – xx.xx.2023-cü il tarixdə tam yerinə yetirib. İddiaçı bildirir ki, krediti vaxtından əvvəl qaytarsa da, ondan 2 ay gələcəyin faizi – 563,61 manat tutulub. O, hesab edir ki, həmin 2 ayda kreditdən istifadə etmədiyinə görə kredit faizinin hesablanması qanunvericiliyə uyğun deyil. İddiaçı göstərilən məbləğdə pulun ondan tutulduğunu təsdiq edən ödəniş sənədlərini məhkəməyə təqdim edib. Cavabdeh həmin məbləğdə pulun iddiaçıdan tutulduğunu inkar etmir, lakin bildirir ki, kredit vaxtından əvvəl qaytarıldığına görə həmin pulun tutulması “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə uyğundur. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, kredit öhdəliyini vaxtından əvvəl tam icra edildiyi günə, yəni xx.xx.2023-cü il tarixə əlavə olaraq tələb edilən 563,61 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Elmira Vəliyeva apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.16də bəndinə görə, kredit vaxtından əvvəl tam qaytarıldıqda bank müştəridən göstrilən məbləğlərdən daha az olanınının banka ödənilməsini tələb etmək hüququna malikdir: ödəniş planında göstərilmiş və ödənilməmiş bütün kredit faizləri və ya vaxtından əvvəl ödənişin edildiyi tarixə olan kredit qalığı üzrə iki aylıq kredit faizi. İddiaçıdan həmin şərtə uyğun olaraq iki aylıq kredit faizi məbləğində pul tutulub. Bankın tutduğu həmin pul kredit faizi deyil, kreditin vaxtından əvvəl qayarılmasına görə kompensasiyadır. Kompensasiya hesablanarkən “kredit faizi” ifadəsindən istifadə olunsa da, hesablamanın qaydası tutmanın təyinatını dəyişmir. Kredit faizi – başqasının pul vəsaitindən istifadəyə görə haqdır, kompensasiya – başqasının hüququnun əvəzləşdirilməsidir. Belə ki, kredit verərkən bankın həm verdiyi pulu geri almaq hüququ, həm də kredit faizi (həmin puldan başqasının istifadə etməsinə görə haqq) almaq hüququ yaranıb və o, ümid edib ki, həmin hüquq (2-ci hüquq) kredit müddətinin sonuna qədər (48 ay) mövcud olacaq. Lakin kredit vaxtından əvvəl qaytarıldığına görə bank bu hüququnu (2-ci hüququ) qalan müddət üçün itirib, çünki puldan başqası tərəfindən istifadə olunmursa, puldan istifadəyə görə haqq (kredit faizi) tələb oluna bilməz. İddiaçı bildirir ki, o, kredit borcunu vaxtından əvvəl qaytarmaqla nəinki öz xeyrinə, həm də bankın xeyrinə hərəkət edib, yəni bank onun geri qaytardığı pulu yenidən başqa müştəriyə verərək faizlər əldə edə biləcək. Məhkəmə qeyd edir ki, bankın başqa müştəriyə kredit vermək üçün kifayət qədər maliyyə vəsaiti var. Vaxtından əvvəl banka qaytarılan pul iddiaçının pulu deyil, bankın puludur. Əgər iddiaçı öz pulunu banka əmanət (depozit) kimi qoysayıdı, bu, bankın xeyrinə hərəkət hesab oluna bilərdi, lakin bankın faizlə verdiyi pulun vaxtından əvvəl onun özünə qaytarılması bankın xeyrinə hərəkət hesab olunmur. Çünki banklar kredit vermək üçün daha çox müştəri cəlb etmək sahəsində də rəqabət aparırlar (daha münasib şərtlərlə kredit təklif edirlər və s.). Daha çox müştəri cəlb edən bank daha çox kredit faizi (puldan istifadəyə görə haqq) əldə edə bilir. Müştərilərdən birinin bankdan aldığı pulu vaxtından əvvəl qaytarması, həmin müştərinin vaxtından əvvəl itirilməsi hesab olunur, buna müvafiq olaraq bankın müqavilə bağlanarkən əldə etməyə ümid etdiyi maliyyə (kredit faizi) itirilmiş sayılır. İddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində Mülki Məcəllənin 419.2-ci maddəsinin göstərişinə istinad edib. Həmin maddəyə görə, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Lakin 7.16-cı bənddəki şərtdə qeyri-müəyyənlik yoxdur, ona görə də 419.2-ci maddə tətbiq oluna bilməz. Bundan başqa, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində Mülki Məcəllənin 420.2-ci maddəsinin göstərişinə istinad edib. Həmin maddəyə görə, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Maddədə daha sonra qeyd olunub: “Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”. Göründüyü kimi, “qarşılıqlı maraqlar” ifadəsindən istifadə olunub. Odur ki, 7.16-cı bənddəki şərt həm də bankın maraqları nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə qiymətləndirmə aparılıqda müəyyən olunur ki, həmin şərt etimad və vicdanlılıq prinsiplərinə zidd deyil. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar