Məhkəmə qərarları › İş №2(103)-5452/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5452/2022

03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5452/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1026/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 noyabr 2015-ci il təvəllüdlü X3, 06 mart 2019-cu il təvəllüdlü X4 və 10 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə 21 noyabr 2015-ci il təvəllüdlü X3, 06 mart 2019-cu il təvəllüdlü X4 və 10 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır . Səbail Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 21 noyabr 2015-ci il təvəllüdlü X3, 06 mart 2019-cu il təvəllüdlü X4 və 10 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-1524/21 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 110 manat alimentin həcmi artırılaraq, hər uşaq üçün 150 manat sabit pul məbləğində olmaqla ümumilikdə 450 manat məbləğində müəyyən edilməsi və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilməsi, Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və bu qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ilk növbədə onun heç bir yerdə işləməməsini nəzərə almamışdır. Hər ay uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat ödəmək iqtidarında deyildir. Onun maddi vəziyyəti çox ağırdır. Özü 2-ci qrup əlildir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətiniə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin teleqramda qeyd etdikləri hallarla bağlı sübut təqdim olunmadığını nəzərə alaraq işə prosesə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından 21 noyabr 2015-ci il tarixdə X3, 06 mart 2019-cu il tarixdə X4 və 10 oktyabr 2020-ci il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1524/2021 saylı, 11 iyun 2021-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin olunaraq, 21 noyabr 2015-ci il təvəllüdlü X3, 06 mart 2019-cu il təvəllüdlü X4 və 10 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı hər uşaq üçün 110 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini və “Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını artırmışdır. Nəzərə alınmalıdır ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaq iddiaçının himayəsində olduğundan onun saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də iddiaçının üzərinə düşür. Kollegiya apellyasiya şikayətinin cavabdehin heç bir yerdə işləməməklə təyin edilmiş aliment məbləğini ödəyə bilməməsi arqumentinə münasibət bildirərək qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ümumilikdə apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyatorun şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1026/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar