Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5452/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçlar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sadiq oğluna qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: qanuni sahiblik, sahiblik hüququndan istifadəyə yaradılan maneələrə son qoyulması, sübutetmə yükü, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh Sadiq oğlunun iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh Sadiq oğluna qarşı “maneələrə və müdaxilələrə qadağa qoyulması, giriş-çıxışın bərpa olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Suraxanı rayonu Bülbülə Bələdiyyəsi (İcarəyə verən) ilə İddiaçı1 (İcarəçi) arasında xx.xx.2005-ci il tarixdə 21 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən “İcarəyə verən” sahəsi 900 m2 olan bağ sahəsini “İcarəçi”yə 32 il müddətinə istifadəyə verməyi, “İcarəçi” isə onu qəbul edib hər kvadratmetr üçün 500 manat (AZM) ödəməyi (ildə 450 000 AZM) öhdəsinə götürmüşdür.
2. Bülbülə Bələdiyyəsi (İcarəyə verən) ilə İddiaçı2 (İcarəçi) arasında xx.xx.2005-ci il tarixdə 35 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən “İcarəyə verən” sahəsi 870 m2 olan bağ sahəsini "İcarəçi”yə 33 il müddətinə istifadəyə verməyi, “İcarəçi” isə onu qəbul edib hər kvadratmetr üçün 500 manat (AZM) ödəməyi (ildə 435 000 AZM) öhdəsinə götürmüşdür.
3. X5 “mülkiyyət hüququnun tanınması” barədə ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35-ə onun mülkiyyət hüququnun tanınması, X8 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsinin verilməsinin Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət olunmuşdur.
4. X2 Çingiz Sadiq oğlunun həyat yoldaşıdır.
5. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yaşadıqları evlərə bitişik olan torpaq sahələrində apardıqları yaşıllaşdırma işlərinin Tural Cəfərov tərəfindən məhv edilməsi ilə bağlı Cavabdeh Sadiq oğlunun, X15 və X6 şikayətləri əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsində araşdırma aparılmış, şikayətdə göstərilən halın təsdiqini tapmadığı əsas göstərilməklə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.
6. Tural Cəfərov, İddiaçı1 və İddiaçı2 övladlarıdır.
7. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsi tərəfindən Cavabdeh Sadiq oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, onun tərəfindən X16 barəsindəki çoxsaylı şikayət ərizələri üzrə araşdırma aparılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-269/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Tural Cəfərovun qeyd olunan torpaq sahəsinə daxil olmasının qadağan olunduğu müəyyən edilmiş, bu səbəblə Tural Cəfərovun torpaq sahəsinə daxil olmaması ilə bağlı izahatı alınaraq, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədi ilə onunla profilaktiki söhbətlər aparılmışdır.
8. X16 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsində verdiyi izahatda göstərmişdir ki, “ünvan 1 ünvanda ona məxsus 30 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə qonşuluqda yaşayan Çingiz adlı şəxs sahib durmaq istəyir. Ona görə də Çingiz adlı şəxslə mübahisə yaranıb. Onun həmin torpaq sahəsinə 2005-ci ildən 40 illik bələdiyyə tərəfindən icarə müqaviləsi sənədi var. Ona məxsus torpaq sahəsinə aid olan bələdiyyə verən sənədini və digər sənədi təqdim etmiyənə qədər daxil olmayacam və qarşı tərəf də daxil olmasın. Əgər bu hallar təkrar olunarsa məsuliyyət daşıyacaq”.
9. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən Bələdiyyələrlə iş mərkəzinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda, Bakı şəhəri Suraxanı Rayon Bələdiyyəsinin İddiaçı2 adına 28 oktyabr 2005-ci il tarixli 35 nömrəli icarə müqaviləsinin, Bülbülə Bələdiyyəsinin İddiaçı1 adına 12 sentyabr 2005-ci il tarixli 21 nömrəli icarə müqaviləsinin və Bülbülə X1 adına 15 may 2007-ci il tarixli 02 nömrəli icarə müqavilələrinin mövcud olmasının araşdırılması, eyni zamanda sözügedən torpaq sahəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2003-cü il tarixli 2- 304/2003 nömrəli qətnaməsinə əsasən X7 adına mülkiyyət hüququnun tanınmasını nəzərə alaraq, faktla əlaqədar araşdırılmanın aparılması və icarə müqavilələrinin ləğv olunmasına göstəriş verilməsi xahiş edilmişdir.
10. X4 X13 qarşı “mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətində olan evinə qanunsuz müdaxilələrin qarşısının alınması və maddi zərərin ödənilməsi” tələbinə dair e- 2(010)-1025/2024 nömrəli mülki iş hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatındadır, həmin işin icraatı dayandırılmışdır.
11. Bakı şəhəri Suraxanı Rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin Bülbülə bələdiyyəsi tərəfindən saxta sənəd əsasında qanunsuz olaraq zəbt edilməsi faktı əsasında Suraxanı RPİ-də 14 may 2024-cü il tarixdə cinayət işi başlanmış, X16 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir.
12. Həmin cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərarında göstərilmişdir ki, X23 2005-2009-cu illər ərzində Suraxanı rayon Bələdiyyəsi vəzifəsində işləməsindən sui-istifadə edərək, qanunsuz olaraq xx.xx.2005-ci il tarixdə 35 nömrəli torpaq sahəsinin İddiaçı2 icarəyə verilməsi və xx.xx.2005-ci il tarixdə 21 nömrəli torpaq sahəsinin İddiaçı1 icarəyə verilməsi barədə saxta müqavilə hazırlayıb həmin müqavilələrə Suraxanı Rayon Bələdiyyəsinin mülkiyyətinə heç bir aidiyyəti olmayan, faktiki olaraq Cavabdeh yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabr 40 illik küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı tərkib hissəsi olan 0,30 ha torpaq sahəsinə dair koordinatların olduğu fotosxemləri əlavə edərək Cavabdeh Sadiq oğluna mühüm ziyan vurmaqla Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
13. X23 başqa cinayət işi üzrə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsindəki cinayət təqibinə xitam verilmişdir.
14. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliağa Ağayev küçəsində (keçmiş Oktyabrın 40 illiyi) yerləşən İddiaçı1 və İddiaçı2 istifadəsində olan torpaq sahəsi Bülbülə Bələdiyyəsinin inzibati ərazisinə daxildir.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı üç torpaq sahəsinin bir hasar daxilində olması, ara sərhədlərinin şərti olması və faktiki sahəsinin 2870 kv.m təşkil etməsi məlum olmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən ərazi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı bazada məlumat yoxdur”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. X16 (iddiaçı) Cavabdeh Sadiq oğluna (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh və onun havadarları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliağa Ağayev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində icarə yolu ilə istifadələrində olan torpaq sahəsinin darvazasından giriş-çıxışa süni surətdə yaradılan maneələrə və müdaxilələrə qadağa qoyulması, cavabdeh tərəfindən onun həyətinə açılmış girişin bağlanılması barədə qətnamə çıxarılmasnı xahiş etmişdir.
17. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliyağa Ağayev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində Bülbülə Bələdiyyəsi ilə ailə üzvləri (atası İddiaçı1 və anası Cəfərova Gülşən) arasında bağlanmış xx.xx.2005-ci il tarixli 21 nömrəli və xx.xx.2005-ci il tarixli 35 nömrəli müqavilələr əsasında istifadələrində olan torpaq sahəsinə qonşuluqda yaşayan və özünü qazi kimi təqdim edən Cavabdeh Sadiq oğlu giriş açaraq darvazasını arxadan bağlayır, onu nalayiq ifadələrlə təhqir edir, onun konstitusion və vətəndaşlıq hüququnu pozur. Bununla bağlı o, Ali orqanlara və ərazi üzrə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh istifadə etdiyi ***-***-**-** mobil nömrədən ona bir neçə dəfə zəng edərək, görüşmək istədiyini və ortaq məxrəcə gəldikdən sonra bu hallara son qoyacağını bildirmişdir. Çingizin sözlərinə məhəl qoymamış və müvafiq qurumlara müraciət edəcəyini bildirsə də, Çingiz nalayiq sözlərlə hər dəfə onu təhqir edir, onu ölümlə hədələyir. Hətta Cavabdeh himayədarlarından tanımadığı biri onun mobil telefonuna zəng edərək onu hədələmiş və təhqir etmişdir. Dəfələrlə belə halların təkrar olunduğunu və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün o, hüquq mühafizə orqanlarına müraciət edərək qazi adından suiistifadə edən və ona hədə-qorxu yolu ilə təzyiq göstərən Cavabdeh və onunla birgə olan şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbir görülməsini xahiş etmişdir. Hər dəfə istifadəsində olan torpaq sahəsinin darvazasını açanda maneələrlə rastlaşmış və arxadan qapının bağlandığını görmüşdür. Bu hal dəfələlərlə olmuşdur və hal-hazırda da darvaza arxa tərəfdən bağlanmış vəziyyətdədir.
18. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək üzərindən maneələrin götürülməsini xahiş etdiyi torpaq sahəsinin atası İddiaçı1 və anası İddiaçı2 məxsus olduğunu bildirməklə özünün əsl iddiaçılar qismində İddiaçı1 və İddiaçı2 ilə (iddiaçılar) əvəz olunmasını istəmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə xahiş təmin edilmişdir.
19. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur.
20. İddiaçıların məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisənin digər qolu məhkəmənin digər hakiminin icraatındadır. Mübahisəli torpaq Bələdiyyə torpağıdır və iddiaçılara 30 illik icarəyə verilmişdir. Cavabdeh tərəf iddia edir ki, onlar guya cavabdehin ümumi sahəsi 207 m2 olan torpaq sahəsinə müdaxilə edirlər, lakin bu heç də belə deyil. Cavabdeh həmin torpağın öz mülkiyyətində olduğunu iddia etsə də, əvvəlki məhkəmələrdə bununla bağlı heç bir sənəd təqdim etməyib. Eyni zamanda cavabdehin adından Tural Cəfərovun telefonuna təhdid mesajları gəlir, zənglər olunur. Amma əmindir ki, cavabdehin heç həmin zənglərdən və mesajlardan xəbəri də yoxdur. Məhkəmə qətnaməsi ilə Çingizin torpağa mülkiyyət hüququ tanınmış ola bilər, lakin nə qədər ki, həmin torpaq dövlət reyestrində qeydiyyata alınmayıb cavabdeh mülkiyyətçi sayılmır. Cavabdehin həmin torpağa dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur.
21. İddiaçıların məhkəmə iclasında iştirak edən digər nümayəndələri Tural Cəfərov da iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçılara heç bir maneə yaratmır, həmin yerdə 2007-ci ilə kimi qonşuların və onun evi olmuşdur. Orada 2007-ci ilə kimi Qızbacının evi olmuşdur. Onda məhkəmənin qətnaməsi və polisdən arayış var. Tural Cəfərov polisdə verdiyi izahatında bildirib ki, həmin torpağa bir daha girib-çıxmayacaq. 5-ci ayda Tural Cəfərov həmin torpağa gəlib su idarəsinin traktorunu saldırıb və onların əkdiyi bütün ağacları kəsdirib və yeri hamarlatdırıb. Oradakı bütün kənd sakinlərindən soruşub maraqlanmaq olar ki, xx.xx.2003-cü ilə kimi orada Turalı heç kim görməyib. Hətta hazırda orada onların evlərinin yerləri də qalıb. Turalın 10 sot torpağın ağaclarını kəsdirib hamarlatması ilə bağlı onların şikayəti əsasında cinayət işi də açılmışdır. Sonra Tural polisə gəldi və iş bağlandı. Onlar da məlumat verdilər ki, Turalı çağırıb profilaktik söhbətlər aparıblar və o, bir daha həmin torpağa girməyəcəyini bildirib. Tural Cəfərov başqasının torpağını zəbt edib. İddiaçılarda icarə müqaviləsi var və həmin müqavilə saxtadır. Faktiki olaraq həmin torpaqda başqa adamlar yaşayıb və onlara məxsus olub. 2023-cü ilə kimi orada nə Tural Cəfərov, nə də onun atasıgil yaşamayıb və olmayıb. 2007-ci ilə kimi orada başqa adamlar yaşayıb və torpaq vergisi veriblər. X26 bilirsə və orada yaşayıblarsa onda desin görək 2005-ci ildə oranın darvazası nə rəngdə olub?. Deyə bilməyəcək, çünki orada nə yaşamayıb, nə də olmayıb. Tural Cəfərov barəsində cinayət işi açılıb və o hazırda axtarışdadır. Bu yaxınlarda onu həbs edəcəklər, onun sənədi saxtadır. Bülbülədə qonşulardan soruşmuşdur ki, iddiaçıların icarə sənədindən onların xəbəri var ya yox? Orda Ramiz, Natiq adlı qonşular var, dedilər ki, həmin sənəddən onların xəbəri yoxdur. Düzdür, həmin torpağı rəsmi qaydada adlarına sənədləşdirməsələr də, onlarda məhkəmə qətnaməsi var. Lakin həmin qətnamə əsasında mülkiyyət hüquqlarını tanıtmamışlar. Buna baxmayaraq onlar orada ağaclara, torpağa qulluq etmişlər.
23. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Bakı şəhəri Bülbülə Bələdiyyəsi nümayəndəsini məhkəməyə göndərməmişdir.
24. Məhkəmə (hakim) tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliyağa Ağayev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində olan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi hasara alınmışdır, dəmir darvazası vardır, darvazadan həyətə daxil olduqda tikili yoxdur, həyətdə olan bəzi ağaclar kəsilib, torpağın bir hissəsi qazılıb, darvazadan içəri daxil olduqdan sonra sağ tərəfə getdikdə hasarda kiçik ölçülü taxta qapı vardır.
25. Birinci instansiya məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
26. Məhkəmə öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
26.1. Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. 26.2. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş Bülbülə Bələdiyyəsi və İddiaçı1 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 21 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin fotosurəti ilə müəyyən olunur ki, 900 m2 olan bağ sahəsi 32 il müddətinə İddiaçı1 istifadəsinə verilmişdir. Həmçinin Bülbülə və İddiaçı2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin fotosurəti ilə müəyyən olunur ki, 870 m2 olan bağ sahəsi 33 il müddətinə İddiaçı2 istifadəsinə verilmişdir. 26.3. İddiaçılar mübahisəli torpaq sahələrinə olan subyektiv hüquqlarını iş mateiallarına əlavə edilmiş icarə müqavilələrinin fotosurətləri ilə (bundan əlavə həmin fotoşəkillərin notarial təsdiq olunmuş surətləri) əsaslandırmışdırlar. 26.4. Lakin nəzərə alınmalıdır ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları, yəni mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla onlara məxsus olması, torpaq sahəsi üzərində hər hansı bir yolla hüquqlarının yaranması barədə mötəbər sübut təqdim etməmişdir. İddiaçıların nümayəndəsi və vəkili mübahisəli torpaq sahələrinə Bülbülə bələdiyyəsi tərəfindən verilmiş icarə müqavilələrinə əsasən iddiaçıların istifadə hüququnun olmasına istinad etsə də, məhkəmə araşdırması zamanı həmin torpaq sahələri üzərində iddiaçıların hüquqlarının qeydə alınmaması, həmçinin mübahisəli torpaq sahələrinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinın məhkəmə sorğusuna cavab məktubundan müəyyən olunur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı üç torpaq sahəsinin bir hasar daxilində olması, ara sərhədlərinin şərti olması və faktiki sahəsinin 2870 kv.m təşkil etməsi məlum olmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən ərazi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı bazada məlumat yoxdur. 26.5. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. 26.6. Sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir.
27. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 139-cu, 139-1-ci, 148-ci, Torpaq Məcəlləsinin 5-ci, 47-ci, 56-cı, 66-cı, 67-ci, 68-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4-cü və 6-cı, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə istinad etmişdir.
28. Həmin qətnamədən iddiaçıların nümayəndələri (vəkilləri) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, mübahisəsi gedən torpaq sahəsinin bələdiyyənin inzibati ərazisində yerləşdiyini və bələdiyyə tərəfindən iddiaçıların icarəsinə verildiyini, həmin sahənin iddiaçıların qanuni istifadəsində olduğunu nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
30. İddiaçıların məhkəmə iclasında (əvvəlki məhkəmə iclasında) iştirak edən nümayəndələri (vəkilləri) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.
31. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Suraxanı Rayon Bülbülə Bələdiyyəsi nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
33. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
38. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
39. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
40. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
41. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
42. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
43. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
44. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
45. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
46. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Torpaq Məcəlləsi
47. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
48. Maddə 5 (2-ci hissə). Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
49. Maddə 47 (1-ci hissə). Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
50. Maddə 47 (2-ci hissə). Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
51. Maddə 47 (4-cü hissə). Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
52. Maddə 66 (1-ci hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
53. Maddə 66 (2-ci hissə). Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
54. Maddə 67 (1-ci hissə). Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
55. Maddə 67 (3-cü hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
56. Maddə 67 (4-cü hissə). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
57. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
58. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
59. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.1.0. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək.
60. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
61. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
64. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
69. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
71. İddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 35-42) tətbiq edilməsi üçün iddiaçıların özlərinin mübahisəsi gedən torpaq sahəsi üzərində sahiblik hüquqlarına malik olub-olmaması müəyyən edilməlidir.
72. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı).
73. Bu kontekstdə qeyd olunmalıdır ki, torpaq üzərində sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması sahibliyi aradan qaldıran hal deyildir.
74. Bununla yanaşı nəzərə alınmalıdır ki, əgər şəxs torpaq sahəsi üzərində sahiblik hüququnun olmasına istinadla həmin hüququnun qorunmasını tələb edirsə, o zaman müvafiq hüququn qanuni olub-olmadığı aydınlaşdırılmalıdır.
75. İddiaçılar mübahisəsini etdikləri torpaq sahəsi üzərində sahiblik hüquqlarının yaranmasının əsası kimi Suraxanı rayonu Bülbülə Bələdiyyəsi ilə bağladıqları icarə müqavilələrinə istinad etsələr də, işin hallarından görünür ki, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır.
76. Başqa sözlə, iddiaçıların həmin torpaq sahəsi üzərində qanunla qorunan sahiblik hüquqları yaranmamışdır və bu o deməkdir ki, onların məhkəmə müdafiəsi hüququ mövcud deyildir.
77. Nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
78. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1050/2024 saylı iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən iddiaçılar tərəfindən, qətnamə onlara təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov