Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5454/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(010)-22/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh 850,72 (səkkiz yüz əlli dollar yetmiş iki sent) ABŞ dolları əsas borc, 481,67 (dörd yüz səksən bir dollar altmış yeddi sent) ABŞ dolları faiz borcu və 74,94 (yetmiş dörd dollar doxsan dört sent) ABŞ dolları cərimə olmaqla, cəmi 1407,33 (bir min dörd yüz yeddi dollar otuz üç sent) ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Cavabdeh etiraz verərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, məhkəmənin 26.10.2020-ci il tarixli qərardadı ilə 17 may 2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı” ASC məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02 aprel 2015- ci il tarixli kredit müqaviləsi üzrə banka 729,19 ABŞ dolları əsas, 451,49 ABŞ dolları faiz, 70,24 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.04.2016-cı il tarixdən 11.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 190 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1440,92 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 02.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 1000 ABŞ dolları kredit verilmişdir. 11 noyabr 2020-ci l tarixli maliyyə arayışına əsasən Cavabdeh 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 729,19 ABŞ dolları əsas, 451,49 ABŞ dolları faiz, 70,24 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.04.2016-cı il tarixdən 11.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 190 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1440,92 ABŞ dolları borcu vardır. 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il, tarixli 2(010)-22/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 02.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 729,19 ABŞ dolları əsas, kredit müqaviləsinin müddətinin bitmə tarixinə hesablanmış 98,62 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 02.04.2016-cı il tarixdən 11.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 190 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1022,81 (bir min iyirmi iki dollar səksən bir sent) ABŞ dolları kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulçası, dövlət rüsumunun çatışmayan 10 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-22/2021 saylı iş üzrə 05.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Suraxanı rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(010)-22/2021 saylı iş üzrə qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, məhkəmə prosesi zamanı bildirmiş ki, İddiaçıdan belə bir kredit götürməmişdir. Bu İddiaçı-ın əməkdaşlarının ona qarşı törədilmiş dəluduzluğudur. Onlar cavabdehin savadsızlığından istifadə edərək kreditin götürülməsi ilə bağlı müqaviləyə imza etdirmişlər. Buna sübut kimi həmin kredit kartı ilə heç bir zaman alış veriş etmədiyini qeyd etmişdir. Çünki ona heç bir kredit kartının verilmədiyin bildirmişdir. Məhkəmədən həmin faktların dəqiq araşdırılmasını xahiş etmişdir. Məhkəmə əvvəlcə onun tələbinə diqqət yetirsə də və iddiaçının nümayəndəsin həmin faktları sübuta yetirilməsi üçün kamera fotoşəkillərini təqdim etməyi tələb etsədə sonrakı məhkəmə iclasında onun tələb etdiyi faktları iddiaçının təqdim edə bilməməsininə heç bir əhəmiyyət verməmişdir. Onun məhkəmə iclasındakı çıxışlarında tələb etdiyi sübutların iddiaçı tərəfindən qəsdən məhkəməyə təqdim etməməsinə heç bir hüquqi qiymət verməmişdir. Əgər həmin sübutlar məhkəməyə iddiaçı tərəfindən təqdim olunsaydı burada onun haqlı olduğu və ona qarşı bank əməkdaşlarının törətdikləri dələduzluq faktı birmənalı şəkildə sübut edildiyini bildirmişdir. Sonradan məhkəmənin bu faktla bağlı araşdırmanı aparmaması onu daha da çıxılmaz vəziyyətə saldığını, məhz buna görə də həmin qətnamədə qeyd edilmiş borc məbləğinin gələcəkdə zorla ondan alınacağını qeyd etmişdir. Məhkəmə işin hallarını düzgün araşdırmamış və həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mühsibatlıq ekspertizasının təyin edilməsini təmin etməmişdir. Məhkəmə faiz borcunu, cərimə borcunu azaltmasına baxmayaraq ümumilikdə qəbul etdiyi qətnamənin onun mənafeinə heç cür uyğun olmadığını bildirmişdir. Suraxanı rayon Məhkəməsi tərəfindən işə baxarkən qətnamə maddi və prosessual hüquq normalarının pozulması, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələr isə işin hallarına uyğun olmadığına görə qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: İş materiallarında olan 02 aprel 2015-ci il tarixli 21-Y-3-0-134-15 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx Bank” ASC tərəfindən Cavabdeh illik 28 % olmaqla 12 ay müddətinə 1000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. İş materiallarında olan 11.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin İddiaçı ASC-yə 729,19 ABŞ dolları məbləğində əsas, 451,49 ABŞ dolları faiz borcu, 70,24 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 02.04.2016-cı il tarixdən 11.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 190 ABŞ dolları, məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1440,92 ABŞ dolları məbləğində kredit borcu vardır. Kreditin bitmə tarixinə faiz borcu üzrə qalıq 98,62 ABŞ dollarıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 17.04.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, bieinci instansiya məhkəməsinin iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində tam əsaslıdır. Tələb olunan faiz məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həcminin artırılması barədə ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, 02.04.2016-cı il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh faiz borcu 98,62 ABŞ dolları olmuşdur. Məhkəmə kollegiyası bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 729,19 ABŞ dolları, faiz borcu üzrə isə 98,62 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. İddia tələbinin cərimə borcunun tələbi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 70,24 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 5 ABŞ dollarına endirilməlidir. İddia tələbinin kredit müqaviləsi üzrə 02.04.2016-cı il tarixdən 11.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 190 ABŞ dollarının tələb edilməsi hissəsini məhkəmə kollegiyası əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 02.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 729,19 ABŞ dolları əsas, kredit müqaviləsinin müddətinin bitmə tarixinə hesablanmış 98,62 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 02.04.2016-cı il tarixdən 11.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 190 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1022,81 (bir min iyirmi iki dollar səksən bir sent) ABŞ dolları kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, dövlət rüsumunun çatışmayan 10 manat hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiyanın dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı İddiaçıASC-nin əməkdaşlarının onu aldatmalarını qeyd etsə də bunla bağlı hər hansı sübutu təqdim edə bilməmiş, iş materiallarından görünür ki, kredit kartının qəbul edilməsi ilə bağlı qəbzə imza etmiş, belə kartın ona verilməməsi ilə bağlı iddiaçı banka qarşı heç vaxt tələb irəli sürməmişdir.Həmçinin, cavabdeh mühasibatlıq ekspertizası təyin olunmadan ona faiz və cərimə məbləği artıq hesablandığını bildirsə də,1-ci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, 451,49 ABŞ dolları faiz borcu, 70,24 ABŞ dolları cərimə borcu müvafiq olaraq 98,62 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu olmaqla qət olunmuşdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(010)-22/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5454/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5454/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver