Məhkəmə qərarları › İş №2(103)-5454/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5454/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5454/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X10 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun vərəsədən tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı “X10 Azərbaycan” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(001)-3348/2023 saylı qətnaməsindən iddiaçı “X10 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X8 Kərəm oğlunun “X10 Azərbaycan” QSC qarşısında maliyyə arayışına əsasən icra edilməmiş kredit öhdəliyi olmuş və borclu Nağıyev Alı Kərəm oğlu kredit öhdəliyi bitmədən xx.xx.2017-ci il tarixində vəfat etmişdir. 2.Bu səbəbdən iddiaçı “X10 Azərbaycan” QSC məhkəməyə müraciət edərək ödənilməmiş borcun Nağıyev Alı Kərəm oğlunun mirasını qəbul etmiş Cavabdeh tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı “X10 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nağıyev Alı Kərəm oğlunun qanun üzrə vərəsəsi olan, Cavabdeh əsas məbləğ üzrə borc: 1,310,22 AZN hesablanmış faiz borcu: 147,80 AZN cərimə borcu: 4,162,55 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 8,00 AZN bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 1,30 AZN olmaqla, cəmi borc: 5,629.87 AZN məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 76,30 AZN manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci ildə "xxxx" QSC və Nağıyev Alı Kərəm oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən X8 Kərəm oğluna istehlak yönümlü 1200 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Nağıyev Alı Kərəm oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. DİN-nin maps arayışına əsasən Nağıyev Alı Kərəm oğlunun xx.xx.2017-ci il tarixdə vəfat etməsi müəyyən edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Bakı şəhəri 27 saylı notariat ofisinə sorğu verilərək cavabdeh/borclu Nağıyev Alı Kərəm oğlunun vərəsələri barədə məlumat alınmış və Nağıyev Alı Kərəm oğlunun vərəsəsi olaraq, Cavabdeh qanun üzrə vərəsəlik hüququnun xx.xx.2017-ci il tarixdə əldə etməsi haqqında Şəhədətnamə verilməsi barədə rəsmi məlumat əldə edilmişdir. 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, maliyyə arayışında hesablanan həcmdə pulun tutulmasını tələb edir. Mərhum borcalanla müqavilə xx.xx.2015-ci il tarixində bağlanıb. Borcun ödənilməsi ilə bağlı pretenziya isə 2017-ci ildə göndərilib. Lakin sonradan məlum olmuşdur ki, borcalan ölmüşdür. Ona görə də, vərəsəsini cavabdeh kimi cəlb etmişlər. Müqavilə müddəti 2020-ci ildə bitib, ona görə də, bu məsələyə iddia müddəti tətbiq edilə bilməz. Ehtimal oluna bilər ki, kredit müqaviləsi müvafiq fərmanın təsir dairəsinə düşsün. Lakin bununla bağlı banka müraciət olunmayıb. Borcalanın vərəsəsinin olubolmaması banka məlum olmayıb. Bu istiqamətda apardıqları araşdırmalardan sonra borcalananın vərəsəsinin olduğu məlum olub. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əri 6 ildir ki, vəfat edib. Həmin müddət ərzində bank tərəfindən ona borcun ödənilməsi ilə bağlı müraciət edilməyib. Ərinin banka kredit müqaviləsi üzrə borcunun olduğunu bilsə də, əri öləndən sonra da, həmin borcun qaldığından məlumatsız olmuşdur. Əgər bu barədə məlumatı olsaydı, borcundan hissə-hissə ödənişlər edə bilərdi. Qanun üzrə vərəsə kimi ərindən ona sadəcə 351 manat pul və 132 manat dəfn üçün vəsait verilmişdir. Hal-hazırda tələb edilən borcu ödəmək üçün maddi durumu yoxdur. 7.Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, kredit borcu həyat yoldaşı Nağıyev Alı Kərəm oğluna aid olmuşdur. Həyat yoldaşı xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Əri vəfat edəndən sonra qızı banka ərinin ölüm haqqında şəhadətnaməsini təqdim etmiş, bankın əməkdaşları isə qızına ərinin borcunun silinəcəyini bildirmişlər. Ailə başçısını itirdiyinə görə 327 manat pensiya alır. İddiaçı ərinin vərəsəsi kimi ona qarşı 6 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Qeyd edilənləri nəzərə alaraq iddia müddəti ötürüldüyü üçün iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş edir. 8.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 iyul 2023-cü il tarixli, 2(001)-3348/2023 saylı qətnaməsi ilə (sədrlik edən-İlkin Əliyev)iddia qismən təmin edilərək, 14 iyul 2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə 351 (üç yüz əlli bir) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı “X10 Azərbaycan” QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə münasibətdə 15 (on beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “X10 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 9.“X10 Azərbaycan” QSC ilə X8 Kərəm oğlu arasında bağlanmış 14 iyul 2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, bank borcalana istehlak məqsədləri üçün 5 il müddətinə, 1200 manat kartı limiti ayrılmış, borcalan isə verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada qaytarmağı barədə öhdəlik götürmüşdür. 10.“X10 Azərbaycan” QSC tərəfindən verilən xx.xx.2023-cü il tarixlinə olan maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2023-cü il tarixinə əsas məbləğ üzrə 1.310,22 AZN, hesablanmış faiz borcu üzrə 147,80 AZN, cərimə borcu üzrə 4.162,55 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 8,00 AZN,bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 1,30 AZN olmaqla, cəmi borc 5.629,87 AZN məbləğində kredit kartı borcu vardır. 11.“X10 Azərbaycan” QSC tərəfindən borclu Nağıyev Alı Kərəm oğluna xx.xx.2017-ci il tarixində ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya banka olan borcu icra etmədiyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdarlıq olunmuşdur. 12.İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 76,30 manat məbləğində dövlət rüsumu ödəmişdir. 13.Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Nağıyev Alı Kərəm oğlu xx.xx.2017-ci il tarixində vəfat etimşdir. 14.Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən verilən xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ölmüş X6 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsindən verilmiş 952 saylı, xx.xx.2017-ci il tarixli məktuba əsasən 3 aylıq 351 manat müavinət pulundan və 132 manat dəfn pulundan ibarətdir. 15.Cavabdeh tərəfindən 27 saylı notariat kontoruna yazılan ərizənin surətindən görünür ki, Cavabdeh əri X4 miras qalan müavinət puluna dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 16.“X10 Azərbaycan” QSC ilə X8 Kərəm oğlu arasında 14 iyul 2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, bank borcalana istehlak məqsədləri üçün 5 il müddətinə 1200 manat kart limiti ayırmış, borcalan isə verilmiş krediti qəbul etmişdir. 17.X8 Kərəm oğlu xx.xx.2017-ci il tarixində ölmüş, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında Cavabdeh əri X4 miras kimi qalan 351 manat muavinət pulunu və 132 manat dəfn pulunu qəbul etmişdir. 18.Hazırda iddiaçı isə borcalanın kredit müqaviləsi ilə banka borclu əsas məbləğ üzrə 1.310,22 AZN, faiz borcu üzrə 147,80 AZN, cərimə borcu üzrə 4.162,55 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 8,00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,30 AZN olmaqla, cəmi 5.629,87 AZN məbləğində kredit kartı borcunun tutulmasını xahiş edir. 19.Cavabdeh isə mərhum ərinin banka olan borcundan xəbərdar olsa da, bank əməkdaşlarının qızına ərinin ölümündün sonra borcun olmaması barədə verdiyi yanlış məlumata görə bu borcla maraqlanmadığını, ümumiyyətlə bankın ərinin ölümündən 6 il sonra ona qarşı iddia qaldırmaqla iddia müddətini ötürdüyünü, ərindən miras əmlak kimi 3 aylıq 351 manat müavinət pulun və 132 manat dəfn pulunu aldığını bildirməklə, iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. 20.Məhkəmə qeyd etmişdir ki, X8 Kərəm oğlunun “X10 Azərbaycan” QSC qarşısında mötəbər sübut kimi qəbul edilən maliyyə arayışına əsasən icra edilməmiş kredit öhdəliyi olmuş və borclu Nağıyev Alı Kərəm oğlu kredit öhdəliyi bitmədən xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün arvadı Cavabdeh xx.xx.2017-ci il tarixində Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və miras əmlak mərhumun işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsindən verilmiş 351 manat müavinət pulu və 132 manat dəfn xərcindən ibarət olmuşdur. 21.Bu səbəbdən də məhkəmə iddiaçının tələbini qismən əsaslı hesab etmiş və qeyd etmişdir ki, Cavabdeh borcalanın 351 manat həcmində miras aktivini qəbul etdiyindən onun məsuliyyətinin ölçüsü də həmin məbləğlə əhatə olunmalıdır. Dəfn xərcləri isə Mülki Məcəllənin 1155-ci maddəsinin tələbi baxımından miras aktivinə daxil olmadığından cavabdehin həmin ölçüdə məsuliyyəti istisna edilməlidir. 22.Cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməli olması ilə bağlı etirazına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mübahisənin əsasını təşkil edən kredit müqaviləsi 14 iyul 2015-ci il tarixdə 5 il müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. Belə olan halda müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olması nəzərə alınarsa, xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə dəlilləri əsassız hesab edilməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739, 743, 1151.1, 1155.1, 1155.2, 1146, 1243.2, 1255, 1306.1, 372.1, 372.2-ci maddələrinə: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 24.Qətnamədən iddiaçı “X10 Azərbaycan” QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Nağıyev Alı Kərəm oğlunun qanun üzrə vərəsəsi - Cavabdeh 1.310,22 ( min üç yüz on manat iyirmi iki qəpik ) manat əsas, 147,80 ( yüz qırx yeddi manat səksən qəpik ) manat hesablanmış faiz, 4.162,55 ( dörd min yüz altmış iki manat əlli beş qəpik ) manat cərimə, 8,00 ( səkkiz manat ) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar, 1,30 ( bir manat otuz qəpik ) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 5.629,87 ( beş min altı yüz iyirmi doqquz manat səksən yeddi qəpik ) manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 76,30 (yetmiş altı manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Cavabdehin vəfat edənin borcu barədə Banka müraciət etməsini, Bank əməkdaşının borcunun olmaması ilə bağlı cavabdehin verdiyi izahla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdehin borcla bağlı Banka müraciət etməsini, Bank əməkdaşının borcunun olmaması ilə bağlı verdiyi izahla bağlı sübut edən dəlil məhkəməyə təqdim edilməməsinə və məhkəmənin də bu halla bağlı sübut təqdim etməsini cavabdehdən tələb etməməsinə baxmayaraq, məhkəmə bunun işin faktiki halı kimi qiymətləndirmişdir.Cavabdeh miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edə bilməmiş, məhkəmə isə bu hissədə də lazımi araşdırma aparmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkəmə kollegiyasının iclasında iddiaçı “X10 Azərbaycan” QSC-nin nümayəndəsi X3pellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, onlarda olan məlumata görə cavabdeh başqa bir miras əmlakı da qəbul etmişdir. Lakin bu barədə təqdim olunası sübutu yoxdur. 28.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 29.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 30.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 33.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 34.Maddə442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 35.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 36.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 37.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 38.Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 39.Maddə 1155.1.Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. 40.Maddə 1155.2.Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır. 41.Maddə 1146.Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 42.Maddə 1243.2.Mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 43.Maddə 1255.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 44.Maddə 1306.1.Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 51.Belə ki, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, X8 Kərəm oğlunun “X10 Azərbaycan” QSC qarşısında mötəbər sübut kimi qəbul edilən maliyyə arayışına əsasən icra edilməmiş kredit öhdəliyi olmuş və borclu Nağıyev Alı Kərəm oğlu kredit öhdəliyi bitmədən xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün arvadı Cavabdeh xx.xx.2017-ci il tarixində Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və miras əmlak mərhumun işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsindən verilmiş 351 manat müavinət pulu və 132 manat dəfn xərcindən ibarət olmuşdur. 52.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh borcalanın 351 manat həcmində miras aktivini qəbul etdiyindən onun məsuliyyətinin ölçüsü də həmin məbləğlə əhatə olunaraq, iddia tələbi də həmin məbləğdə düzgün olaraq qismən təmin edilmişdir. 53.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 54.Dəfn xərcləri isə Mülki Məcəllənin 1155-ci maddəsinin tələbi baxımından miras aktivinə daxil olmadığından cavabdehin həmin ölçüdə məsuliyyəti istisna edilməlidir. 55.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tədqiq edilmiş sübutlar əsasında cavabdehin 351 manat həcmində miras aktivi qəbul etdiyi müəyyən olunmuşdur. Cavabdehin digər miras əmlak qəbul etməsi iş materialları ilə müəyyən olunmur. 56.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 59.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “X10 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(001)-3348/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar