Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5454/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ondan aldığı borcun ödənilməmiş hissəsinin ödənilməsi məqsədi ilə 30.000 manat, borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla 3.000 manat, ümumilikdə 33.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Borc sazişinə” əsasən iddiaçıdan 100.000 manat məbləğində borc almışdır. Cavabdeh həmin sazişlə üzərinə öhdəlik götürmüşdür ki, aldığı borcu 18 ay müddətində, yəni xx.xx.2021-ci il tarixə kimi hissə-hissə iddiaçıya qaytaracaq. Buna baxmayaraq həmin müddət ərzində cavabdeh iddiaçıya 70.000 manat qaytarmış, qalan 30.000 manatı qaytarmamışdır. İddiaçı borcun qaytarılmasını cavabdehdən qaytarılmasını şifahi qaydada dəfələrlə, xx.xx.2024-cü il tarixdə isə cavabdehə rəsmi və yazılı qaydada pretenziya göndərməklə tələb etsə də, borc qaytarılmamışdır. Bu səbəbdən də, 30.000 manat cavabdehdən məhkəmə qaydasında tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, ən geci xx.xx.2021-ci il tarixdə tam həcmdə qaytarılmalı borcun 30.000 manat hissəsi cavabdehdə qanunsuz olaraq qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Göstərilənə əsasən iddiaçı hesab edir ki, borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla (30.000/100x5=1.500 x 2 il =) 3.000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan götürdüyü 100.000 manat borcdan 85.000 manat məbləğində pulu qaytarmış, onun iddiaçıya cəmi 15.000 manat məbləğində borcu qalmışdır. Həmin borcu ödəməkdən imtina etmir. Borcu qısa müddətdə qaytaracaq. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, borcun ödənilməsi məqsədi ilə 30.000 manat, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçımı ilə cavabdehin arasında “Borc sazişinin” bağlanması, saziş əsasında cavabdehin iddiaçıdan 100.000 manat məbləğində borc alması, borcun tam deyil, qismən qaytarılması işin mübahisəsiz halıdır. İddiaya qismən etiraz edən cavabdeh iddiaçıya olan borcunun 30.000 manat deyil, 15.000 manat məbləğində olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Hal bu ki, qeyd edilən vəziyyətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Buna görə də, hesab edilməlidir ki, iddianın “borcun ödənilməmiş hissəsinin qaytarılması məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 30.000 manat məbləğində pulun tutulması barədə” hissəsi əsaslı hesab edilməli və həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. İddianın “faiz məbləğinin tutulması barədə” hissəsi isə əsassız hesab edilərək, həmin tələb rədd edilməlidir. Çünki borc xx.xx.2021-ci il tarixə kimi iddiaçıya qaytarılmalı idi, lakin işin materiallarından göründüyü kimi iddiaçı, pulun geri alınması ilə bağlı ağlabatan müddətdə tədbir görməmiş, yalnız iki ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla bağlı əlavə faizlərin tutulmasını tələb etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və həqiqətə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin iddiaçıdan götürdüyü borcdan cəmi 15.000 manat hissəsinin qaytarılmamasını təsdiq edə biləcək “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajları və səs yazılarını nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişlər.
9. Cavabdeh və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi mübahisələndirməmişdir.
13. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Borc sazişindən” və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, cavabdeh, sazişə əsasən iddiaçıdan 100.000 manat məbləğində pulu, 18 ay müddətində, yəni xx.xx.2021-ci il tarixə kimi hissə-hissə qaytarmaq şərti ilə iddiaçıdan borc almışdır.
17. İddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubundan görünür ki, o, qeyd edilən həmin saziş üzrə ödənilməmiş qalan 30.000 manat məbləğində borcunu 3 gün ərzində ödənilməsini tələb etmişdir.
18. Pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcu ödəməmiş, bu səbəbdən də iddiaçı hazırkı iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir.
19. İddia tələbinə qismən etiraz edən cavabdeh isə bildirir ki, onun iddiaçıya olan borcu 15.000 manat məbləğindədir.
20. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (maddə 739.2.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci tarixli qərarında göstərilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
22. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).
23. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflər arasında mübahisə doğuran hal borcun qalıq məbləği ilə bağlıdır. Hazırki halda iddiaçıya 85.000 manat qaytarılmasını, bununla da onun borcunun 15.000 manat məbləğində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bununla bağlı səs yazısının və “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajların olduğunu bildirir.
24. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş səs yazısı apellyasiya icraatı zamanı dinlənsə də, cavabdehin bildirdiyi xüsusat öz təsdiqini tapmamışdır.
25. Cavabdeh “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajların olduğunu bildirsə də, iş materiallarından görünür ki, cavabdeh həmin mesajları nə Rayon Məhkəməsinə, nə də ki, apellyasiya icraatı zamanı Məhkəməyə təqdim etməmişdir.
26. Beləliklə də, müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. h) apellyasiya baxışının nəticəsi
27. Göründüyü kimi apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Odur ki, MPM-in 384.0.1 və 119.1-ci maddələrində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
30. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin olunması ilə bağlı apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
31. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
32. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.