Məhkəmə qərarları › İş №2(103)-5457/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5457/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5457/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(010)-61/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) “xxxx” X10 Səhmdar Cəmiyyəti ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 5303,76 ABŞ dolları əsas, 2670,46 ABŞ dolları faiz, 171,83 ABŞ dolları cərimə, cəmi 8146,05 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehlər (bundan sonra-cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” X10 Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə məhkəmə araşdırması apararaq “xxxx” Kommersiya Bankı ASC-dən 2014-cü il tarixdə götürdükləri 9000 ABŞ dolları məbləğində kredit borcunun ödənilmiş hesab edilməklə onlardan tutulması ilk iddia ilə əsassız olaraq həmin ASC tərəfindən tələb edilən 8146,05 ABŞ dolları məbləğində kredit borcunun ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 9000 USD məbləğində kredit verilmişdir. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 02 oktyabr 2019-cu il tarixinə kredit müqaviləsi üzrə “xxxx” KB ASC-yə 5303,76 USD əsas, 2670,46 USD faiz, 171,83 USD cərimə, cəmi 8146,05 USD borcu vardır. Cavabdeh iddiaçının kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri dairəsinə düşmüş və bununla bağlı vətəndaşa çatan hissə 6898,40 manat olmuşdur. Həmin məbləğdən 437,20 dollar, təxminən 748 manat cavabdehin borcuna silinmiş və 6155,15 manat məbləğində cavabdehə kompensasiya verilmişdir. Bununla bağlı Cavabdeh1 kart verilib və həmin karta kompensasiya məbləği köçürülüb. Cavabdeh1 gecikmə günlərinin sayı 207 gün olduğu üçün bank tərəfindən kompensasiya məbləği birbaşa onun borcuna yönəldilməmişdir. Cavabdeh1 isə kompensasiya məbləğini aldıqdan sonra banka heç bir ödəniş etməmişdir, çünki ödəniş aparıldığı təqdirdə, hesabdan çıxarışda həmin fakt mütləq şəkildə öz təsdiqini tapardı. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, 25.08.2014-cü il tarixdə o, Cavabdeh1 ailə vəziyyəti ilə əlaqədar olaraq “xxxx” ASC-dən 60 ay müddətinə illik 26% ödəmək şərti ilə 9000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin tarixdən 28 fevral 2019-cu il tarixədək Banka 19353,64 manat pul ödəmişdir. Dolların manata nisbətdə məzənnəsinin artmasına baxmayaraq, cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ona 6898,4 manat kompensasiya hesablanmışdır. O, həmin kompensasiyanı Bankdan göstərilən məbləğdə deyil, 6150 manat məbləğində rəsmi olaraq qəbul etmişdir. Ona 748 manat kompensasiya verilmişdir. Bundan sonra ona zəng olunaraq, 7600 ABŞ dolları borcu olduğu bildirildikdən sonra, ondan 8146,05 ABŞ dolları borc tələb olunmuşdur. O, 2014-cü ildə 9000 ABŞ dolları götürərkən, dolların manatı olan məzənnəsi 0,78 manat olmaqla, həmin məbləğ 7020 ABŞ dolları təşkil etmişdir. 28 fevral 2019-cu il tarixədək 19353,64 manat ödəniş etmişdir. Bu inkar edilə bilməz. Bu da, Bankdan götürdüyü kreditdən manat hesabı ilə 4203,64 manat təşkil edir. Onda o, Bankdan manatla 7020 manat məbləğində kredit götürmüşdürsə, əvəzində 13203 manat ödəmişdirsə, Fərmanla bağlı 6150 manat Bankın özü tərəfindən kompensasiya edilmişdirsə, onda onun Banka 8145,05 ABŞ dolları borcu necə yarana bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(010)-61/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5303,76 ABŞ dolları əsas borc, 2670,46 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 7994,22 (yeddi min doqquz yüz doxsan dörd dollar iyirmi iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq iddiaçı-cavabdeh “xxxx” X10 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, qarşılıqlı iddianın rədd edilərək, ilkin iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 (iyirmi doqquz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 190 (bir yüz doxsan) manat pulun ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** X12 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(010)-61/2021 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, həmçinin əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25.08.2014-cü il tarixdə Cavabdeh1 ailə vəziyyəti ilə əlaqədar olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” KB ASC-dən 60 ay müddətinə illik 26% ödəmək şərti ilə 9000 (doqquz min) ABŞ dolları məbləğində nəğd pul krediti götürmüşdür. Cavabdeh həmin tarixdən 28 fevral 2019-cu il tarixədək həmin banka 10353,64 manat məbləğində pul ödəmişdir, 2015-ci ilin fevral və dekabr aylarında respublikada dolların manata nisbətdə dəyərinin artması nəticəsində yaranmış məzənnə fərqinə baxmayaraq, Cavabdeh1 götürdüyü öhdəliyi yerinə yetirmişdir, yəni, devalvasiya nəticəsində ona maddi ziyan dəyməsinə baxmayaraq kredit ödənişlərini mütəmadi olaraq həmin banka ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq respublika keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasımı rəsmi internet səhifəsi olan WWW.Fimsa.az saytına daxil olarkən məlum olmuşdur ki, qeyd olunan Fərmanın icrası qaydasında cavabdehə banka artıq ödədiyi kredit borcu ilə əlaqədar 6898,40 manat məbləğində kompensasiya hesablanmışdır və Cavabdeh1 həmin kompensasiyanı bankdan göstərilən məbləğdə deyil, rəsmi olaraq 6150 manat məbləğində qəbul etmişdir. Götürdüyü kredit dollar krediti olduğuna görə ölkə başçısının məlum Fərmanı ilə əlaqədar ona qeyd edilən kimi, 6150 manat məbləğində kompensasiya verilsə də yenə banka ödəmiş olduğu məbləğ 13203,64 manat təşkil edir ki, bu da göstərilən bankdan götürdüyü kredit borcundan (faizlərlə birlikdə) manat hesabı ilə 4203,64 manat artıqdır. Belə olduğu halda araşdırılmalıdır ki, əgər Cavabdeh1 bankdan manatla 7020 manat məbləğində kredit götürdüyü halda əvəzində 13203 manat ödəmişdirsə və ölkə başçısının Fərmanına əsasən dolların manata məzənnəsinin 1,7 qəpik olduğu hazırkı dövrdə ona həmin banka artıq ödədiyi 6150 manat bankın özü tərəfindən kompensasiya edilmişdirsə, onda cavabdeh bu banka əlavə olaraq 8146,05 ABŞ dolları məbləğində necə borclu ola bilər. Bank ilkin iddia ərizəsində Mülki Məcəlləsinin kredit borcundan bəhs edən bir sıra maddələrinə heç bir zərurət olmadan istinad etsə də, Prezidentin adı çəkilən Fərmanının mövcud olduğu bir şəraitdə cavabdehərdən yuxarıda gösərilən məbləğdə kredit borcunu hansı hüquqi əsasla tələb etdiyini əsaslandırdığını göstərməmişdir. Çünki, bank hesab edirdi ki, Cavabdeh1 həmin bankdan götürdüyü krediti tam ödəməmişdir və ona hər hansı məbləğdə borclu qalmışdır, o zaman cavabdehə 6150 manat məbləğində kompensasiyanı niyə vermişdir. Digər bir tərəfdən, Prezidentin Fərmanının icrası qaydasında vaxtilə mövcud olmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri tərəfindən Cavabdeh1 tərəfindən həmin banka ondan götürdüyü kreditdən 6898,40 manat məbləğində artıq pul ödədiyi, manatın devalivasiyası nəticəsində ona həmin məbləğdə maddi ziyan dəydiyi müəyyən edilmişdirsə, bank özü bu Fərmanı icra edərək artıq ödədiyi müəyyən edilmiş həmin məbləği tam olmasa da cavabdehə kompensasiya olaraq qaytarmışdırsa, hazırda hansı hüquqi və məntiqi əsasla yenidən kredit borcu tələb edir. “xxxx” KB ASC-nin 10 saylı Filialının özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi və mülki iş materailarında olan 25.05.2019-cu il tarixli 7 vərəqədən ibarət “Hesab üzrə Çıxarış”ında açıq-aydın göstərilmişdir ki, Cavabdeh1 25.08.2014-cü il tarixdən 08.05.2019-cu il tarixədək banka kredit borcunu hər ay ödəməklə, yəni, kredit öhdəliyini tam yerinə yetirməklə hesabında 08.05.2019-cu il tarixinə cəmi 17877,61 ABŞ dolları mədaxil olmuşdur ki, bu məbləğə bankdan götürdüyü 9000 ABŞ dolları da daxil olmuşdur. Deməli 8877,61 ABŞ dollarını əlavə ödəmişdir. Dolların manata məzənnəsi ilə isə bankdakı hesabında yuxarıda göstərilən tarix vəziyyətinə götürdüyü kredit də daxil olmaqla cəmi 19353,68 AZN məbləğində vəsait olmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(010)-61/2021 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, həmçinin iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(010)-61/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdehin götürdüyü kredit Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri dairəsinə düşmüş və bununla bağlı vətəndaşa çatan hissə 6898,40 manat olmuşdur. Həmin məbləğdən 437,20 dollar, təxminən 748 manat cavabdehin borcuna silinmiş və 6155,15 manat məbləğində cavabdehə kompensasiya verilmişdir. Bununla bağlı Cavabdeh1 kart verilib və həmin karta kompensasiya məbləği köçürülüb. Cavabdeh1 gecikmə günlərinin sayı 207 gün olduğu üçün bank tərəfindən kompensasiya məbləği birbaşa onun borcuna yönəldilməmişdir. Cavabdeh1 isə kompensasiya məbləğini aldıqdan sonra banka heç bir ödəniş etməmişdir, çünki ödəniş aparıldığı təqdirdə, hesabdan çıxarışda həmin fakt mütləq şəkildə öz təsdiqini tapardı. Borc məbləği ekspert rəyi ilə müəyyən olunub. Yenidən araşdırma aparılmasına zərurət yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 25.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 26% ödəmək şərtilə 9000 USD məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarından 31.07.2017-ci il tarixli Sazişdən görünür ki, 25.08.2014-cü il tarixli, 4612nkİNSH/14 saylı kredit müqaviləsinin müddəti 25 sentyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan maliyyə sənədindən görünür ki, Cavabdeh1 adına açılmış kart hesabına 6155,15 manat məbləğində kompensasiya məbləği ödənilmişdir. İş materiallarından hesabdan çıxarışdan görünür ki, 08.05.2019-cu il tarixdə Fərmanla bağlı kompensasiya məbləğindən 437,20 ABŞ dolları Cavabdeh1 kredit borcunun ödənilməsinə yönəldilmişdir. (i/v 36) İş materiallarından 02.10.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka kredit müqaviləsi üzrə 5303,76 ABŞ dolları əsas, 2670,46 ABŞ dolları faiz, 171,83 ABŞ dolları cərimə, cəmi 8146,05 ABŞ dolları borcu vardır. İş materiallarından 30.08.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 3 iş günü müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından 02.10.2019-cu il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, “xxxx” KBASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2020-ci il tarixli, 101 №-li ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən Banka ümumilikdə 08.05.2019cu il tarixədək 8877,61 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 3696,24 ABŞ dolları əsas borca, 5181,37 ABŞ dolları faiz borcuna silinmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən “xxxx” KB ASC-dən alınmış kredit vəsaiti üzrə 02.10.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 5.303,76 ABŞ dolları, faiz borcu üzrə 2.670,46 ABŞ dolları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15fevral 2021-ci il tarixli, 9/4196 №-li ekspert rəyində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanın 3.1. və 3.2. bəndlərinə əsasən kompensasiyaya düşən fiziki şəxslərin siyahısı və hər bir şəxsə ödəniləcək vəsait Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. Ona görə də yuxarıda göstərilənləri nəzərə alaraq “AzərbaycanRespublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlərhaqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı” ilə bağlıekspert qarşısında qoyulan sualda həmin xüsusat üzrə tədqiqat aparılmadı. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, hdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2014-cı il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. 31.07.2017-ci il tarixli Saziş əsasında müqavilə müddəti uzadılmışdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 cavabdeh borcalan Cavabdeh1 məsuliyyətini öz üzərinə götürdüyündən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdehlər tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, kredit və zaminlik müqavilələrinə dair üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədikləri üçün, iddiaçı yaranmış borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında ilk iddianı əsas və faiz borcu hissədə təmin etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 5303,76 ABŞ dolları əsas borc, 2670,46 ABŞ dolları faiz borcu tutmaqla düzgün nəticəyə gəlmişdir. MM-nin 462.1 maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya cavabdehlərdən tutulmalı dəbbə pulu olan 171,83 ABŞ dolları məbləğinə qiymət verərək hesab edir ki, işin halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək olan həmin məbləğ azaldılaraq, cavabdehlərdən 20 ABŞ dolları məbləğində dəbbə pulunun (cərimənin) tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Göründüyü kimi, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “problemli kreditlərin kompensasiyası” barədə məlumatlardan da göründüyü kimi vətəndaşa çatan hissə 6898,40 manat olmuşdur. Həmin məbləğdən 743,25 manat (437,2 ABŞ dolları) cavabdehin borcuna silinmiş və 6155,15 manat məbləğində cavabdehə kompensasiya verilmişdir. Borclunun gecikmə günlərinin sayı yetərli olmadığı üçün bank tərəfindən kompensasiya məbləği birbaşa onun borcuna yönəldilə bilməmiş və Cavabdeh1 kompensasiya məbləğini aldıqdan sonra banka heç bir ödəniş etməmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğunundan rədd edilməlidir. Göründüyü kimi, cavabdehlərin borclarının olmaması ilə bağlı dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh tərəf işdə olan hesabdan çıxarış, maliyyə sənədi və ekspert rəyini şübhə altına ala bilən mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəf işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək sübutlar təqdim etmədiyindən, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair dəlili əsaslı hesab edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və məhkəmə məsrəfi olan ekspertiza xərcləri məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(010)-61/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar