Məhkəmə qərarları › İş №2(103)-5459/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5459/2021

08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5459/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(010)-1176/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.12.2014-cü il tarixli, 2(010)-8003/2014 nömrəli qətnaməsinə əsasən Cavabdeh 04.03.2010-cu il təvəllüdlü X1 və 01.09.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 175 manat olmaqla, hər ay cəmi 350 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 04.03.2010-cu il tarixdə qızları X3 və 01.09.2011-ci il tarixdə oğulları X7 doğulmuşlar. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.12.2014-cü il tarixli, 2(010)-8003/2014 nömrəli qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş uşaqları 04.03.2010-cu il təvəllüdlü X1 və 01.09.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.03.2015-ci il tarixli, 2(103)-1868/2015 saylı qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.12.2014-cü il tarixli, 2(010)-8003/2014 nömrəli qətnaməsi alimentin tutulması vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iki uşaq üçün 206 manat aliment ödəyir. Bu onun üçün çox çətindir. Buna baxmayaraq, hələ iddiaçı X8 aliment artımına dair müraciət etmişdir. Həmçinin onun iş qabiliyyəti yoxdur, gözdən əlildir, yəni gəlir yeri yoxdur, yalnız pensiya ilə dolanır. Alimentin bir hissəsini pensiyasından ödəyir, qalan hissəsini də valdeyinlərinin köməyi ilə ödəyir. Bundan əlavə o, 3-cü qrup əlildir, yalnız pensiya ilə dolanır həmin pensiyanın yarısınıda alimentə ödəyir. Hazırda ağır işlərdə işləyə bilmir. Heç bir iş fəaliyyətimdə yoxdur. Ümumiyyətlə heç bir gəlir yeri yoxdur. Rəsmi iş yeri yoxdur. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, tərəflər 29 iyul 2011-ci il tarixdə rəsmi nikah bağlamışlar və onların birgə nikahdan 04.03.2010-cu il tarixdə təvəllüdlü X3 və 01.09.2011-ci il tarixdə təvəllüdlü X7 anadan olmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 avqust 2013-cü il tarixli, 2(010)- 1586/2013 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 29 iyul 2011-ci il tarixində Tovuz rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabındakı 593 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahdan olan 04.03.2010-cu il təvəllüdlü X1 və 01.09.2011-ci il təvəllüdlü X5 İddiaçı yanında qalmasının müəyyən edilməsi, tərəflərin birgə nikahından olan 04.03.2010-cu il təvəllüdlü X1 və 01.09.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29.03.2013-cü il tarixindən başlayaraq hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 2(010)- 8003/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1586/2013 saylı, 22 avqust 2013-cü il tarixli qətnaməsi ilə 04 mart 2010-cu il təvəllüdlü VəliyevaNarmcxatın Rəşad qızının və 01 sentyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün müəyyən edilmiş cəmi 100 (bir yüz) manat aliment miqdarı artırılmış, 04 mart 2010-cu il təvəllüdlü X2 və 01 sentyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün 31 oktyabr 2014-cü il tarixdən başlayaraq X4 hər uşağa görə 103 manat, cəmi 206 (iki yüz altı) manat aliment sabit pul məbləğində hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.03.2015-ci il tarixli 2(103)- 1868/2015 saylı qətnaməsinin surətində görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 2(010)-8003/2014 saylı qətnaməsi alimentin 31.10.2014-cü il tarixdən tutulmalı olduğu hissəsində dəyişdirilmiş və alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən stənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28.03.2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, tutulmalı olan aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında mövcud qanunvericiliklə 2021-ci il üçün ölkə üzrə uşaqlara görə yaşayış minimumu 175 manat müəyyən edildiyindən iş üzrə diqqətəlayiq olan hallar nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(010)-1176/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar