Məhkəmə qərarları › İş №2(103)-546/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-546/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-546/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı Kreditor Aşıq Səhmdar Cəmiyyətinin cavabdehlər Borclu1 və “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xxxxxxxxxxxxxxxxx üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019 il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 15XK №-li “xxxxxxxxxxxxxxxxx” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.196,24 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 669,74 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 921,05 manat, cəmi isə 6.787,03 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq Banka ödənilməsi; tutmanın ipoteka predmetinə - cavabdeh Borclu1 məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsində yerləşən 11 №-li binanın 6-cı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh MMC-dən tutulması, satıldığı halda mənzilin 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2012-ci tarixli “xxxxxxxxxxxxxxxxxxx” əsasən Bank tərəfindən MMC-yə illik 20 faiz dərəcəsi ilə, 36 ay müddətinə 22.500 manat məbləğində kredit verilmişdir. MMC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat olaraq iş üzrə digər cavabdeh Borclu1 mülkiyyətindəki mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə tərəflər arasında xx.xx.2012-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxx” bağlanmışdır. Bunlara baxmayaraq, MMC, “xxxxxxxxxxxxxxxxx” üzrə Bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə MMC-nin Banka xx.xx.2012-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) 5.196,24 manat məbləğində əsas borcu, 669,74 manat məbləğində faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı Bank tərəfindən MMC-yə illik 5% olmaqla 921,05 manat məbləğində faiz borcu hesablanmışdır. Bank, tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman cəmi 60 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2012-ci il tarixli “xxxxxxxxxxxxxxxxx” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.251,51 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% olmaqla hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 486 manat, cəmi isə 2.737,51 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçı Banka ödənilməsini; tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini; mənzilin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satılmasını; satışdan əldə olunmuş vəsait hesabına MMC-nin Banka olan borcunun ödənilməsini; satıldığı halda mənzilin bir aydan gec olmayaraq boşaldılmasını; iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsinin və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsinin cavabdeh MMC-yə aid edilməsini; qalan hissədə iddianın təmin edilməməsini; ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın 60 manat hissəsini cavabdeh MMC-dən, 85 manat hissəsinin isə iddiaçı Bankdan tutularaq dövlət büdcəsinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət edilmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni əsas və faiz borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmi 2.737,51 manat məbləğində pulun cavabdeh MMC-dən tutulması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2019-cu il tarixli rəyinə əsaslanmışdır. Lakin həmin rəy əsassızdır, çünki ekspert tərəfindən əsas və faiz borcun məbləği tərəflər arasında bağlanmış “xxxxxxxxxxxxxxxxxxxx” şərtlərinə uyğun hesablanmamış, MMC tərəfindən ödəmələrin qrafik üzrə deyil, gecikmələrlə aparılması nəzərə alınmamışdır. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətlə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, cavabdeh MMC-nin nümayəndəsi və cavabdeh Borclu1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, MPM-nin 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbinin bir hissəsi təmin edilsə də, cavabdehlər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən iddiaçı Bank apellyasiya şikayəti vermişdir. Bank apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin yalnız cavabdeh MMC-dən tutulmalı olan əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsini mübahisələndirir, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% olmaqla hesablanmış faiz borcunun məbləğinin müəyyən edilməsi və tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirməmişdir. Odur ki, Məhkəmə MPM-nin 372.6-cı maddəsinin tələblərinə əsasən, Rayon Məhkəməsinin qətnaməsini yalnız iddiaçı Bank tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməlidir. Belə ki, Bank ilə cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxndən” və digər sənədlərdən görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən MMC-yə, kreditdən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 22.500 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, cavabdeh MMC, iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, tərəflər arasında razılaşdırılmış qrafik üzrə ödənişlər aparmamış, borcunu tam ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli “xxxxxxxxx” görünür ki, cavabdeh MMC-nin, müqavilə müddətinin bitdiyi tarixə Banka 5.196,24 manat məbləğində əsas, 669,74 manat məbləğində isə faiz borcu vardır. İşdə olan məktublardan görünür ki, Bank tərəfindən borcun ödənilməsi barədə cavabdeh MMC-yə xəbərdarlıq edilmiş, lakin borc ödənilməmiş qalmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, xxxxxxxxxxxxxxxxx adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə işin mübahisəsiz halları kimi müəyyən edir ki, tərəflər arasında bağlanmış “xxxxxxxxxxxxxxxxx” üzrə cavabdeh MMC-nin Bank qarşısında icra edilməmiş öhdəliyi vardır və bu öhdəliyə görə o, məsuliyyət daşıyır. Rayon Məhkəməsi, həmin öhdəliyin həcminin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 9090 nömrəli rəyindən görünür ki, cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixə Banka olan əsas borcunun məbləği 3.244,30 manat, faiz borcunun məbləği isə 7.21 manat təşkil edir. Həmin rəydə əlavə olaraq qeyd edilir ki, MMC tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 1.000 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında borc məbləğinin yalnız xx.xx.2015-ci il tarixə müəyyən edilməsi barədə sual qoyulduğuna görə, borcun hesablanması zaman həmin məbləğ nəzərə alınmamışdır. İddiaçı Bank, verdiyi apellyasiya şikayətində bildirir ki, cavabdeh MMC-nin Banka olan borcu ekspert tərəfindən düzgün müəyyən edilməmiş, işə baxmış Rayon Məhkəməsi isə bu rəyi mötəbər sübut kimi qəbul edərək, borcun məbləğini azaltmışdır. Bununla bağlı Məhkəmə bildirir ki, apellyasiya şikayətində ifadə edilmiş həmin dəlilin araşdırılması məqsədi ilə Məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş 06.03.020-ci il tarixli, 3471 №-li rəydən görünür ki, hesabdan çıxarış məlumatları, habelə tərəflər arasında bağlanmış “xxxxxxxxxxxxxxxxx”nin şərtləri nəzərə alınmaqla MMC-nin xx.xx.2019-cu il tarixə (iddianın həcminin azaldılması barədə ərizənin verildiyi tarix) müqavilə müddətindən sonra illik 5 % hesablanmaqla) Banka olan borcu 2.645,87 manat, o cümlədən əsas borc üzrə 2.299,93 manat, faiz borcu üzrə 345,95 manat məbləğində müəyyən olunur. Məhkəmə, verilmiş bu rəyin əsaslılığına hər hansı bir şübhə yaranmadığına, bununla bağlı iş üzrə tərəflər Məhkəməyə sübut təqdim etmədiklərinə görə, həmin rəyi mötəbər sübut kimi qəbul edir və bildirir ki, MMC-nin Banka olan əsas borcu 2.299,93 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin Banka faiz borcu yoxdur. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi cavabdeh MMC-nin Banka faiz borcunun olmaması barədə iş üzrə düzgün nəticəyə gəlsə də, MMC-nin əsas borcunun məbləğini düzgün müəyyən etməmişdir. xx.xx.2012-ci il tarixli “xxxxxxxxxxxxxxxxx” üzrə cavabdeh MMC-dən Bankın xeyrinə tutulacaq əsas borc 2.251,51 manat deyil, 2.299,93 manat məbləğindədir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehdən Bankın xeyrinə xx.xx.2012-ci il tarixli “xxxxxxxxxxxxxxxxx” üzrə əsas borca görə 2.299,93 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni yalnız əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, tərəflər arasında bağlanmış “xxxxxxxxxxxxxxxxx” üzrə faiz borcunun ödənilməsi məqsədi ilə 2.299,93 manat məbləğində pul cavabdeh MMC-dən iddiaçı Bankın xeyrinə tutulmalı, qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində dəyişdırmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Kreditor-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilsin. İddiaçı Kreditor və cavabdeh “X4 Təsərrüfatı” MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 15XK №-li “xxxxxxxxxxxxxxxxx” üzrə yaranmış əsas kredit borcu 2.299 (iki min iki yüz doxsan doqquz) manat 93 (doxsan üç) qəpik məbləğində müəyyən edilsin. Apellyasiya baxışının predmeti olan digər hissədə, yəni əsas borca hesablanmış faiz borcunun tutulması barədə iddianın təmin edilməməsi hissəsində qətnamə dəyişdirlmədən saxlanılsın. Müəyyən edilsin ki, xx.xx.2012-ci il tarixli “xxxxxxxxxxxxxxxxx” üzrə borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% olmaqla hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 486 (dörd yüz səksən altı) manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçı Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 45.000 (qırx beş min) manat müəyyən edilməklə, açıq hərracdan satılması; satışdan əldə olunmuş vəsait hesabına MMC-nin Banka olan borcunun ödənilməsi; mənzil satıldıqdan sonra mənzilin bir ay ərzində boşaldılması; iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsi və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsinin cavabdeh MMC-yə aid edilməsi; qalan hissədə iddianın təmin edilməsi; ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın 60 manat hissəsinin cavabdeh MMC-dən, 85 manat hissəsinin isə iddiaçı Bankdan tutularaq dövlət büdcəsinə ödənilməsi hissələri hazırki apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat iddiaçı Kreditor ilə cavabdeh “X4 Təsərrüfatı” MMC-yə bərabər hissələr ilə aid edilsin. Bu məqsədlə iddiaçı Kreditor-də və cavabdeh “X4 Təsərrüfatı” MMC-dən hər birindən 100 (yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar