Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-546/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı (X4 üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(011)-76/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (X4 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı – "xxxx" ASC ilə cavabdeh X1 arasında bağlanmış 09.10.2009-cu il tarixli, 100/ZB saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 03.06.2021-ci il tarixinə olan 30517,29 manat əsas borc, 1495,2 manat faiz borcu, ümumilikdə 32012,49 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 alınaraq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh ilə bağlanan 09.10.2009-cu il tarixli, 100/ZB/1 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri Xətai rayonu M,Rüstəmov küçəsi 31 saylı evin 134 saylı mənzilinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (tələb dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.10.2009-cu il tarixli 100/ZB saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 216 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 09.10.2009cu il tarixdə "xxxx" ASC ilə və satıcı Cavabdeh2 ilə 100/ZB/1 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlamışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25.09.2009-cu il tarixli 1 nömrəli arayışa (Çıxış nömrəsi 11/19847) əsasən 2 otaqlı yaşayış sahəsi 28,81 m2 olan, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli, 5 bloklu binanın 5-ci blokunda, 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19.09.2009-cu il tarixli MH ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Mənzilin satış qiyməti 59000 manatdır, mənzilin dəyərinin 9000 manatı alıcı-ipotekaya qoyanın özü tərəfindən, 50000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 09.10.2009-cu il tarixli 100/ZB/1 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan mənzili (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 09.10.2009-cu il tarixli 100/ZB/1 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 437,48 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 09.10.2009-cu il tarixli 100/ZB/1 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər, ipoteka predmeti kredit müqaviləsi üzrə kreditoripoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 05.12.2019-cu il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 31608,96 manat, faiz borcu 349,15 manat təşkil edir. Beləliklə cavabdehin 05.12.2019-cu il tarixinə ümumi borcu 31958,11 manat təşkil edir. 22.07.2016cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASCnin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23.05.2011- ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25.07.2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASCnin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(011)-76/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2009-cu il tarixli 100/ZB saylı kredit müqaviləsinin ləğv edilməsi, 30.517,29 (otuz min beş yüz on yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 1495,2 (min dörd yüz doxsan beş manat iyirmi qəpik) manat məbləğində faiz olmaqla, cəmi 32012,49 (otuz iki min on iki manat qırx doqquz qəpik) manat məbləğində kredit borcunun, 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı və 30 (otuz) manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq Bank "xxxx" ASC-nə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanda yerləşən 134 saylı mənzilə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən 134 saylı mənzilin likvid qiyməti 70000 (yetmiş min) manat məbləğində olmaqla, mənzilin açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 32012,49 (otuz iki min on iki manat qırx doqquz qəpik) manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı və 30 (otuz) manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin Bank "xxxx" ASC-nə ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğin Cavabdeh1 qaytarılması, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanda yerləşən 134 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(011)-76/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə 30.517,29 (otuz min beş yüz on yeddi manat iyirmi doqquz qəpik) manat kredit borcuna görə 1.495,20 (min dörd yüz doxsan beş manat iyirmi qəpik) manat faiz borcu tutmuşdur. Bununla bağlı bildirilir ki, dünyada baş verən koronovirus pandemiyası səbəbindən ailənin maddi vəziyyəti çətinləşmiş, bu səbəbdən də banka olan kredit borcuna görə ödənişlərdə gecikmələr olmuşdur. Kredit müqaviləsindən də görünür ki, kredit müqaviləsi 18 il müddətinə bağlanmışdır. 10 il müddətində banka kredit borcuna görə ödəmələr vaxtlı-vaxtında olmuşdur. Kredit borcunun ödənməsində olan gecikmələr cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Dəfələrlə bankda səlahiyyətli şəxslərin qəbulunda olub koronavirus pandemiyası dövründə olan gecikmələrin nəzərə alınması xahiş edilsə də, bank tərəfindən nəzərə alınmamışdır və kredit borcunun hamısının birdəfəlik ödənilməsi tələb edilmişdir. Mülki iş birinci instansiya məhkəməsinin icraatında olan zaman da kredit borcuna görə banka ödənişlər edilmişdir. Lakin birinci instansiya məhkəməsi işi yekunlaşdıra bilməyəcəyini deyərək, cavabdehdən ödəmələrin dayandırılmasını tələb etmişdir. Həmçinin, cavabdeh bankdan kredit götürən zaman ilkin ödəniş olaraq 10.000 (on min) manat məbləğində pul ödənilmiş, hər il sığorta üçün 270 manat pul ödəniş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X2 elektron kabinet vasitəsilə məhkəməyə ərizəyə ünvanlayaraq, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında № 100/ZB saylı 09.10.2009-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 216 ay müddətinə illik 8% faiz hesablanmaqla 50.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında 09.10.2009-cu il tarixdə ünvan 2 ünvanda yerləşən 134 saylı mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 134 saylı mənzili "xxxx" ASCnin xeyrinə 18 il müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarından görünür ki, ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14.06.2021-ci il tarixinə 30517,29 manat məbləğində əsas, 1495,2 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 22.10.2020-ci il tarixli 9/3234 saylı rəyindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 05.12.2019-cu il tarixinə (iddiaçının tələb etdiyi vaxta) 49.588,55 manat məbləğində əsas və 5122,75 manat məbləğində faiz borcu olmuşdur. İş materiallarından olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 167/BTB/21 saylı, 03.05.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanda 9 mərtəbəli köhnə tikili binanın 6-cı mərtəbəsində yerləşən 2 otaqlı, 134 nömrəli mənzilin bazar dəyəri 76.000 manat, likvid dəyəri 70.000 manat müəyyən olunmuşdur. İş materiallarında olan və apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/9498 nömrəli ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 09.10.2009-cu il tarixli, 100/ZB saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 25.11.2021ci il tarixə (qərardadın tarixi) əsas borc üzrə 49 588, 55 manat, faiz borcu üzrə 12.946, 72 manat; 28.03.2022-ci il tarixə (ekspertizanın aparıldığı tarixə) əsas borc üzrə 49 588, 55 manat, faiz borcu üzrə 14.302,14 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını qanunvericiliyin sadalanan tələbləri əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, birinci instasniya məhkəməsinin tərəflər arasında bağlanmış 09 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun məbləğinin müəyyən edilməsi və bu məbləğin iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin likvid qiymətinin müəyyən edilməsi, mənzil satıldıqdan 1 bir ay sonra cavabdehlərin öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması ilə bağlı gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmuş, iddia tələbi göstərilən hissələrdə təmin edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək onları əsassız hesab edir. Belə ki, cavabdeh öz apellyasiya şikayətində qətnamə qəbul edilərkən birinci instansiyası tərəfindən yol verilmiş pozuntuların nədən ibarət olmasını göstərməmiş, yalnız pandemiya ilə əlaqədar maddi imkansızlıq ucbatından ödənişlərdə gecikmələr olması, bank tərəfindən borcun ödənilməsində ona güzəşt edilməməsi kimi hallara istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin göstərilən dəlilləri qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına almır və həmin qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(011)-76/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-546/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-546/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver