Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5460/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2023-cü il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən vəkili (nümayəndəsi) Vəkil1 vasitəsi ilə xx.xx.2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla apellyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsini, və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılması üçün apellyasiya şikayətini işlə birlikdə Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Həmin qərardaddan cavabdehin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadın dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bundan sonra Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətini, şikayətin prosessual müddətlə verilməsi əsası ilə cavabdehə qaytarılmasını qərara almışdır. Cavabdeh, xx.xx.2023-cü il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin səbəblərini üzürlü hesab etməklə, ötürülmüş prosessual müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. “Apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin qətnamənin ona “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə verilməsindən xəbəri olmamışdır. Qətnamənin surəti cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və o, xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Buna görə də, cavabdeh xahiş edir ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin səbəbi üzürlü hesab edilsin və ötürülmüş prosessual müddət ona münasibətdə bərpa edilsin. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsinin nümayəndəyə (vəkilə) verilməsi və nümayəndənin (vəkilin) həmin qətnamə barədə təmsil etdiyi cavabdehə məlumat verməməsi, cavabdehin qanunla müəyyənləşdirilmiş hüquqlarından, o cümlədən, məhkəmə müdafiəsindən istifadə hüququ və məhkəməyə çatımlılıq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Mövcud prosessual qanunvericilikdə, məhkəmə sənədinin nümayəndəyə çatdırılmasının tərəfə çatdırılması kimi qəbul edildiyi ilə bağlı hər hansı bir norma mövcud deyildir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, göstərilən səbəbdən cavabdeh başqa vəkillə “Hüquqi yardım barədə müqavilə” bağlamaqla faktiki olaraq əvvəlki vəkilinin (nümayəndənin) hüquqi yardımından imtina etmişdir. Bu isə ona dəlalət edir ki, apellyasiya şikayətinin vaxtında verilməməsi əvvəlki vəkilin təqsiri üzündən baş vermişdir. Hüquqi yardımdan imtinanın məhz yazılı qaydada həyata keçirilməsi mütləq şərt deyil. Rayon Məhkəməsinin qeyd edilən məsələlər yanaşması formal olmuş və Rayon Məhkəməsinin bu yanaşması cavabdehin məhkəmə müdafiəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Şikayətin dəlillərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehin vəkili (nümayəndəsi) Vəkil1 Məhəmmədli oğlunun Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti isə elektron kabinet vasitəsi ilə xx.xx.2023cü il tarixdə verilmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (maddə 74.1.). İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2.). İş materiallarında olan etibarnamədən görünür ki, cavabdeh tərəfindən Vəkil1 Məhəmmədli oğluna verdiyi etibarnamədə məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan şikayət vermək səlahiyyətinin də etibar edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin cavabdeh tərəfə xx.xx.2022-ci il tarixdə çatdırılmış, lakin apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülməklə, xx.xx.2023-cü il tarixdə verilmişdir. Cavabdeh, prosessual müddətin ötürülməsini onunla izah edir ki, onun nümayəndəsi (vəkili) qətnamənin “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə qəbul etməsi barədə ona məlumat verməmişdir. Rayon Məhkəməsi isə bu halı nəzərə almamışdır. Məhkəmə, MPM-nin yuxarıda qeyd edilmiş 74-cü maddəsinin tələbindən çıxış edərək cavabdehin bu dəlilini əsassız sayır. Çünki nümayəndə olan vəkil cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında cavabdehin təmsil etmişdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ilə müəyyən edilmişdir ki, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehin vəkili (nümayəndəsi) Vəkil1 Məhəmmədli oğlunun Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Nə qədər ki, qətnamənin surəti rəsmi qaydada çatdırılan şəxs cavabdehin nümayəndəsi, eyni zamanda vəkili olmuşdur, bu halda qətnamə faktiki olaraq cavabdehə çatdırılmış hesab olunur. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən dəlili əsassız hesab etməkdə haqlı olmuşdur. Cavabdehin digər dəlili ondan ibarətdir ki, o, yuxarıda göstərilən səbəbdən başqa vəkillə “Hüquqi yardım barədə müqavilə” bağlamaqla faktiki olaraq əvvəlki vəkilinin (nümayəndənin) hüquqi yardımından imtina etmişdir. Bu isə ona dəlalət edir ki, apellyasiya şikayətinin vaxtında verilməməsi əvvəlki vəkilin təqsiri üzündən baş vermişdir. Hüquqi yardımdan imtinanın məhz yazılı qaydada həyata keçirilməsi mütləq şərt deyil. Lakin Rayon Məhkəməsi isə bu halı nəzərə almamışdır. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, hər bir şəxsin məhkəmədə baxılan iş üzrə bir və ya daha çox vəkili ola bilər. Bir vəkil ilə “Hüquqi yardım barədə müqavilə” bağlandıqdan sonra başqa vəkil ilə bu kimi müqavilənin bağlanması heç də əvvəlki vəkilin hüquqi yardımından bir mənalı imtina kimi qəbul edilə bilməz. Bu halı sübut etmək vəkilin hüquqi yardımından imtina etməsini bildirən şəxsin, hazırki halda iş üzrə cavabdehin üzərinə düşür, lakin o, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin digər vəkil ilə “Hüquqi yardım barədə müqavilə” bağlamasını, digər vəkilin hüquqi yardımından imtina etməsi kimi qiymətləndirməməkdə haqlı olmuşdur. Şikayətin müzakirə edilən bu dəlili də əsassızdır. Göründüyü kimi cavabdeh tərəfin qətnamənin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin məhz üzürlü səbəbdən ötürülməsi müəyyən edilmir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq iş üzrə qəbul etdiyi qərardadla cavabdeh verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin etməməkdə haqlı olmuşdur. Həmin qərardaddan cavabdehin verdiyi şikayətin dəlilləri əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5460/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5460/2023
25.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver