Məhkəmə qərarları › İş №2(103)-5462/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5462/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5462/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8, Cavabdeh4 nümayəndəsi X4, cavabdehlər X12 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, X17 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən X17 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə X1 arasında bağlanmış 15.01.2014- cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsindən irəli gələn 09.09.2016-cı il tarixinə ödənilməmiş 9258.77 manat əsas borc, 0 manat faiz borcu, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, ümumilikdə 9258.77 manat və 30.40 manat pulun cavabdehlər X17 və Cavabdeh2 iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə X9 arasında bağlanmış 15.01.2014-cü il tarixli, MK01227-16/14A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak məqsədi ilə 36 ay müddətinə, illik 26% ödəmək şərti ilə 15000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Cavabdeh X17 15.01.2014-cü il tarixdə iddiaçıyla MKZ-01227-16/14A saylı zaminlik müqaviləsi bağlayaraq X1nın həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Həmçinin, Cavabdeh2 15.01.2014-cü il tarixdə iddiaçıyla MKEZ-01227-16/14A saylı zaminlik müqaviləsi bağlayaraq X1nın həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. X1 25.07.2014-cü il tarixində vəfat etmişdir və X13 vəfat etdikdən sonra nə onun zaminləri, nə də yaxınları və ehtimal vərəsələri tərəfindən X5 borcunun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. Cavabdehlər X17 və Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Həm borcalan, həm də zaminlər dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı borcalanla arasında olan kredit müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti və mərhum X9 arasında bağlanmış 15.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər X17 və Cavabdeh2 müştərək qaydada, digər cavabdehlərdən onların mirasdakı paylarına mütənasib şəkildə - Cavabdeh3 Göyaş qızından (1/8), Cavabdeh4 (7/8) olmaqla, cəmi 7458.77 manat məbləğində əsas borcun, 30.40 manat məbləğində dövlət rüsumunun və bank xidməti haqqının tutularaq iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. X2 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək onun özlərinə aid hissədə ləğv edilməsini xahiş etmiş, şikayəti belə əsaslandırmışlar ki, əsas borcalan vəfat etdikdən sonra onun vərəsələri miras əmlakı qəbul etmişlər və banka olan borcu da vərəsələr ödəməlidirlər. Belə ki, onlar mərhum Mədətova Tamaranın öhdəlikləri üzrə zamin durmuşlar və onların zaminlik müddəti 13 yanvar 2017-ci il tarixədək olmuşdur. Məhkəmə iclasında iştirak edən X17 və Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Təranə Mədətova da apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, vərəsə olaraq borcu o ödədiyindən zaminlərdən borc məbləği tutulmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “X17 və Cavabdeh2 müştərək qaydada cəmi 7458.77 manat məbləğində əsas borcun, 30.40 manat məbləğində dövlət rüsumunun və bank xidməti haqqının tutularaq iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız X17 və Cavabdeh2 özlərinə aid iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişlər. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bank “xxxx” ASC ilə X9 arasında bağlanmış 15.01.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə Borcverən Bank 15000 manat məbləğində krediti 36 ay müddətinə, 15.01.2014-cü il tarixdən 13.01.2017-ci il tarixinədək illik 26% ödəmək şərti ilə Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən istehlak məqsədi ilə istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Bank “xxxx” ASC, X17 və X9 arasında bağlanmış 15.01.2014-cü il tarixli, MKZ-01227-16/14A nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin X3 qarşısında Borcalanın 15.01.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan Bank “xxxx” ASC, Cavabdeh2 və X9 arasında bağlanmış 15.01.2014-cü il tarixli, MKEZ-01227-16/14A nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin Həsənov X11 qarşısında Borcalanın 15.01.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan 15.01.2014-cü il tarixli xəzinə məxaric orderindən görünür ki, Bank “xxxx” ASC tərəfindən X6 15000 manat məbləğində pul verilmişdir. 15.01.2014-cü il tarixli, MK-16/14A saylı Kredit müqaviləsinə 1 saylı Əlavə olan Ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin 14.02.2014-cü il tarixdən 13.01.2017-ci il tarixədək hər ay 605 manat (sonuncu ay 559.43 manat) olmaqla ödənilməsi tərəflər arasında müəyyən edilmişdir. İş materiallarında olan Bank “xxxx” tərəfindən verilmiş 03.03.2021-ci il tarixli arayışdan görünür ki, 03.03.2021-ci il tarixə 15.01.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsi üzrə Banka ödənilməmiş əsas borc məbləği 7458.77 manat təşkil edir. İş materiallarında olan 11.04.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 15.05.2014-cü ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 39, mənzil 5) vərəsələri: 7/8 hissədə nəvəsi Cavabdeh4, 1/8 hissədə vəfat etmiş oğlunun həyat yoldaşı Cavabdeh3dır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bank “xxxx” ASC ilə X9 arasında 15.01.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank tərəfindən X6 36 ay müddətinə illik 26%-lə 15000 manat məbləğində kredit verilmişdir. X17 və Cavabdeh2 isə bu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. X1 15.05.2014-cü il tarixdə vəfat etmiş, kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən icra edilə bilməmişdir. Bundan sonra, Bank tərəfindən zaminlər X17 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, Bank kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas borcun zaminlərdən tutulmasını xahiş etmişdir. Həmçinin, iş materiallarında görünür ki, iş məhkəmənin icraatında olduğu dövrdə mərhum X5 vəsiyyətnamə üzrə vərəsələri və onların miras əmlakda olan payları müəyyən edilmişdir: Cavabdeh4 – 7/8, Cavabdeh3 – 1/8. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı Bankın razılığı ilə həmin vərəsələr cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi müvafiq borcun həm zaminlərdən, həm də vərəsələrdən tutulmasını xahiş etmiş, zaminlər iddianı özlərinə aid hissədə qəbul etməmiş, vərəsə Cavabdeh3 miras əmlakdakı payından istifadə etməyinə imkan verilmədiyindən əmlakı faktiki qəbul etmədiyini bildirib iddianı qəbul etməmiş, digər vərəsə Cavabdeh4 nümayəndəsi isə iddianı qismən qəbul edərək, borcu hissə-hissə ödəyə biləcəklərini bildirmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, X17 və Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas borcun, habelə məhkəmə xərclərinin onlardan müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli Qərarında qeyd edilir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarından, həmçinin mövcud qanunvericiliyin tələblərindən görünür ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - yəni “X17 və Cavabdeh2 müştərək qaydada pulun tutularaq iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətini verərkən ödədikləri dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar