Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5464/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əlizadə X1 Tacirə Həmid qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə tərəfindən aparılan 50 000 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 19 avqust 2020-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizəsi qismən təmin olunmuş, ünvan 2 ünvanda yerləşən 22 nömrəli mənzil üzərinə həbs qoyulmuşdur. Məhkəmənin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmiş, eyni tarixli qərardadla 19.08.2020-ci il tarixli qərardad əsasında görülmüş iddianı təmin etmə tədbiri ləğv olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə əmlakın üzərindən həbsi götürməklə iddiaçının hüquqlarını pozmuş, 19.08.2020-ci il tarixli qərardadın Bakı Apellyasiya Məhkəməsi tərəfindən yoxlanıldığını və qüvvədə saxlanıldığını nəzərə almamış, əmlakın özgəninkiləşdirilməsinə və yeni məhkəmə mübahisəsinin ortaya çıxmasına şərait yaratmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirməklə təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddianı təmin tədbiri institutu məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olmaqla, məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. İddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq 19.08.2020-ci il tarixli qərardadla əmlakın üzərinə həbs qoymuşdur. Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Kollegiya hesab edir ki, qanunvericilik iddianın rədd edilməsi halında iddianı təmin etmə tədbirini ləğv edib-etməmək məsələsində məhkəməyə (hakimə) mülahizə sərbəstliyi versə də, bu səlahiyyətdən istifadə olunarkən işin halları nəzərə alınmalı, iddianı təmin etmə tədbiri institutunun mahiyyətinə zidd qərar qəbul edilməməlidir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi 19.08.2020-ci il tarixli qərardadını ləğv etməkdə haqlı olmamışdır; çünkü əmlakın üzərindən həbsin götürülməsi mübahisənin dairəsinin genişlənməsinə və digər şəxslərin hüquqlarının xələl görməsinə səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bununla yanaşı kollegiya qeyd edir ki, hazırkı apellyasiya icraatı iddianı təmin etmə tədbirinə dair qərardadın ləğvi barədə qərardaddan verilən şikayət əsasında başladığından, şikayət predmeti olan qərardadın ləğvi 19.08.2020-ci il tarixli qərardadın qüvvədə qalması mənasına gəlir və bu səbəblə də iddiaçının müvafiq ərizəsinin təkrarən təmin edilməsinə zərurət olmamaqla göstərilən nəticənin vurğulanması kifayət hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-416/2021 saylı iş üzrə 19 aprel 2021-ci il tarixli qərardadı ləğv olunsun və həmin məhkəmənin 19 avqust 2020-ci il tarixli qərardadı qüvvəsində saxlanılsın. Qərardad, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2394/2020 saylı iş üzrə 19 avqust 2020-ci il tarixli qərardadının icrası tədbirlərinin davam etdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayon icra (probasiya) şöbəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5464/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5464/2021
27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver