Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5466/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(008)-8903/2017 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı” İKB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1717.60 ABŞ dolları əsas, 516.88 ABŞ dolları faiz borcu və 598.55 ABŞ dolları cərimə, cəmi 2833.03 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(008)-8903/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1717.6 ABŞ dolları əsas, 516.88 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları cərimə, cəmi 2264.48 ABŞ dolları ödəniş gününə uyğun olaraq manatın məzənnəsi ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onun hissəsində zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bank tərəfindən əsas, faiz və cərimə borcları həddindən artıq şişirdilmiş və məhkəmə bu məbləğlərin yenidən hesablanması üçün heç bir hərəkət etmədən cərimə məbləğini azaldılmaqla kifayətlənmişdir. Bundan başqa məhkəmə iş ekspertiza mərkəzindən qayıtdıqdan sonra onu rəylə tanış etmədən müvafiq araşdırma aparmadan onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Onun ümumiyyətlə məhkəmə iclaslarından və məhkəmə qətnaməsindən məlumatı olmayıb. Həmçinin onunla bank arasında bağlanmış kredit müqaviləsinin müddəti 29.06.2016-cı il tarixdə bitməsinə baxmayaraq məhkəmə qətnaməsi ilə faiz borcu 01.08.2017-ci il tarixədək tutulmaqla əsassız olaraq onun maddi vəziyyəti çətinləşmiş, icra edə bilmədiyi öhdəlik daha da mümkünsüz vəziyyətə salınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbini göstərməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 18 ay müddətinə illik 26 faiz olmaqla 3000 ABŞ dolları kredit verilmiş, Cavabdeh1 və Cavabdeh2 isə bu müqavilə üzrə zamin olmuşlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, Cavabdeh3 şikayətində əsas, faiz və borc məbləğinin şişirdildiyini qeyd etsə də bu dəlillər əsaslı ola bilməz. Çünki, o, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara dair heç bir sübut təqdim etməmişdir. Göstərdiyi bu halları sübut etmək yükü isə onun üzərinə düşür. İkincisi, iş üzrə hər hansı bir ekspertiza keçirilməmişdir. Ona görə də mülki iş hansısa ekspertiza mərkəzindən qayda bilməzdi və rəy olmadığı üçün onunla tanış edilməsi də mümkünsüzdür. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsi üçün də əsaslar mövcud deyildir. Cavabdeh3 məhkəmə iclaslarından xəbəri olmadığını göstərsə də bu dəlil də əsassızdır. Çünki, onun yaşadığı və qeydə alındığı ünvana sifarişli poçtla məhkəmə bildirişi göndərilmiş, eləcə də SMS bildirişlə də məlumatlandırılmışdır. Üçüncüsü, kredit müqaviləsinin müddəti 29.06.2016-cı il tarixdə bitsə də faiz borcu 01.08.2017-ci il tarixədək hesablanmamışdır. Sonuncu tarixə işdə maliyyə arayışı olsa da, eyni zamanda 29.11.2016-cı il tarixə də işdə maliyyə arayışı mövcuddur. Hər iki tarixdə olan maliyyə arayışında faiz məbləğləri cüzi fərqlə, demək olar ki, eynidir. Bu halda faiz məbləğinin müqavilə müddətinə hesablandığını təsdiq edir. Dördüncüsü, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşlar. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(008)-8903/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5466/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5466/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver