Məhkəmə qərarları › İş №2(103)-5470/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5470/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5470/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-9889/2012 saylı, 13 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2010-cu il tarixli, NRİK-779 saylı kredit müqaviləsinə əsasən kreditə görə 451,74 ABŞ dolları, faiz borcuna görə 84,67 ABŞ dolları, borcuna görə 298 ABŞ dolları, borcun cəmi 834,41 ABŞ dolları məbləğində, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tululması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-9889/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-9889/2012 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2010-cu il tarixli NRİK-779 saylı kredit müqaviləsi üzrə Milli Bankın ödəniş gününə olan məzənnəsi ilə kreditə görə 451,74 ABŞ dolları, faiz borcuna görə 84,67 ABŞ dolları, cərimə borcuna görə 298 ABŞ dolları olmaqla cəmi 834,41 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Rabitəbank ASC-nin xeyrinə tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin surəti o, xx.xx.2022-ci il tarixdə məhkəmənin arxivindən almış, həmin tarixədək qətnamə ona göndərilməmiş, məhkəmə prosesində onun iştirakı təmin edilməmiş, məhkəmə prosesindən onun xəbəri olmamışdır. O, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin surətini xx.xx.2013-cü il tarixdə poçt bildirişi vasitəsilə almamış, bildirişdə adından olan imza onun tərəfindən icra olunmamışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi barədə Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə ona göndərdiyi bildiriş və icraata başlamaq haqqında qərarın surətini aldıqdan sonra məlumatı olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi çıxarılandan 10 il sonra icraya yönəldilmişdir. Ona görə də, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-9889/2012 saylı qətnaməsindən buraxılmış apellyasiya şikatinin müddətinin bərpa edilməsini xahiş edir. Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(001)-9889/2012 saylı qərardadı ilə həmin məhkəmənin 2(001)-9889/2012 saylı, 26 noyabr 2012-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət verərək ləğv edilməsini və apellyasiya şikayətinin müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). İş materiallarında olan xəbərnamədən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2012-ci il tarixli, 2(001)-9889/2012 saylı qətnaməsi Cavabdeh2 tərəfindən 19 yanvar 2013-cü il tarixdə təhvil alınmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixdə qətnaməni almadığını bildirsə də, ərizəsində Abşeron rayon İcra şöbəsinin ona göndərdiyi bildiriş və icraata başlamaq haqqında qərarını xx.xx.2022-ci il tarixdə alarkən məhkəmə aktından məlumatı olmasını, xx.xx.2022-ci il tarixdə (mülki işdə olan qəbzə asasən isə xx.xx.2022-ci il tarixdə) qətnaməni almasını bildirmiş, xx.xx.2022-ci il tarixdə müddətin bərpa olunmasına dair ərizəsini və apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə rüsumunu ödədikdən sonra müvafiq poçt şöbəsinə təqdim etmiş, həmin sənədlər xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi cavabdeh tərəfindən də qəbul edilərək, müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9889/2012 saylı, 13 iyun 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar