Məhkəmə qərarları › İş №2(103)-5473/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5473/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5473/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilənin ləğvi, öhdəliyə xitam verilməsi, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müaviləsinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli İ-234 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı istehlak məqsədilə 60 (altmış) ay müddətinə, illik 24% ödəməsi şərtilə 30 000 manat kredit verilmiş, İddiaçı götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2015-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" ASC-nin İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, İddiaçı 28 600 manat əsas, 11 430 manat faiz borcu olmaqla cəmi 40 030 manat borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, xx.xx.2010-cu il tarixli İ-234 nömrəli kredit müqaviləsinin ləğv edilməsi qət olunmuşdur.

3. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək "xxxx" ASC-nin iddia tələbi rədd edilmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC müvafiq iddia tələbinin irəli sürülməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddətini ötürmüşdür.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır.

6. "xxxx" ASC-nin ləğvedicisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 28 600 manat, 38 313 manat faiz, 13 480 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 12751 manat, cəmi 93 144 manat borc vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, İ-234 nömrəli xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin ləğv olunması və həmin müqavilə üzrə aktiv öhdəlik kimi göstərilmiş 28 600 manat əsas, 23 193,34 manat məbləğdə faiz borcunun, ümumilikdə 51 793,34 manat borcun sıfırlanması (silinməsi) və bunun icrasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ləğv prosesindəki "xxxx" ASCnin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2010-cu il tarixli İ- 234 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 28 600 manat, faiz borcu kimi 11 430 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın ondan alınaraq Əmanətlərin Sığortalanması Fonduna verilməsinə dair məhkəmə qarşısında qaldırılmış iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Lakin "xxxx" MMC tərəfindən verilmiş SF25851 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan da göründüyü kimi, həmin kredit müqaviləsi hazırki dövrə qədər "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv edilməmiş, kredit müqaviləsi üzrə 28 600 manat məbləğdə əsas borcu və 51 793,34 manat məbləğdə faiz borcunun olması göstərilmişdir. Bu hal onun hüquqlarını kobud surətdə pozur. xx.xx.2010-cu il tarixli İ-234 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə aktiv öhdəlik kimi göstərilmiş 28 600 manat məbləğdə əsas borcun və 51 793,34 manat məbləğdə faiz borcunun sıfırlanması məqsədilə cavabdehə dəfələrlə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Ona görə də hesab edir ki, xx.xx.2010-cu il tarixli İ-234 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə aktiv öhdəlik kimi göstərilmiş 28 600 manat məbləğdə əsas borcun və 51 793,34 manat məbləğdə faiz borcunun sıfırlanması (silinməsi) mütləq və zəruridir.

9. Tərəflər (nümayəndələr) məhkəmə iclasında iştirak etməmiş, bununla belə cavabdehin nümayəndəsi yazılı ərizə göndərərək iddianın rədd olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

11.1. İddiaçı, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin ləğvini tələb etsə də, iş materiallarından müəyyən olunur ki, həmin müqavilənin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Odur ki, qeyd edilən hissədə iddia tamamilə əsassız olmaqla rədd edilməlidir. 11.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. 11.3. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 11.4. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. 11.5. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). 11.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında: "...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən "şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.” 11.7. İddia müddətinin keçməsi öhdəliyin xitamı üçün əsas olmamaqla, borcun sıfırlanması (silinməsi) barədə iddia tələbi də əsassız olmaqla təmin edilməməlidir.

12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 385.1-ci və 739.1-ci maddələrinə istinad etmişdir.

13. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, müəyyən etdiyi hallar üzrə səhv nəticəyə gəldiyini, borc öhdəliyinə müddətin keçməsinə görə xitam verilməsi barədə mülki qanunvericilik normasını nəzərə almadığını, işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq onun ədalətli məhkəmə araşdırmasına olan hüququnu pozduğunu, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

14. "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin qüvvədə saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

18. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

31. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

32. Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Həmin norma ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü təsbit edir.

33. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.

34. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər.

35. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

36. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həmçinin aşağıdakıları qeyd etmişdir: “Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

37. İşin hallarından aydın olur ki, iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinin müddəti başa çatmışdır və həmin müqavilənin məhkəmə qaydasında ləğv olunması üçün zəruri olan hal – şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi – baş verməmişdir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi vurğulamışdır ki, "...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2504/2024 saylı iş üzrə 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar