Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5474/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyul 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Banka qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, əmək haqqından qanunsuz olaraq iki dəfə tutulmuş (327,95 manat x 2=) 655,90 manat məbləğində pulun cavabdeh Bankdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən hazırki iş üzrə iddiaçıdan, onunla hazırki iş üzrə cavabdeh olan Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə ümumilikdə 2.412,33 ABŞ dolları məbləğində pul tutularaq Banka ödənilməlidir. Məhkəmə əmri icra edilməsi üçün Şamaxı Rayon İcra Şöbəsinə göndərilmişdir. İddiaçı həmin məbləğin xeyli hissəsini Banka ödəmişdir. Hazırda iddiaçının cavabdeh Banka 424,32 ABŞ dolları məbləğində borcu var. Bank, qalıq borcun tutulması məqsədi ilə xx.xx.2022-ci il tarixində İcra Şöbəsinə məktub göndərmiş və həmin məktub əsasında İcra Şöbəsi tərəfindən iddiaçının işlədiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixində müraciət olunaraq iddiaçının aylıq əmək haqqının 50 faizinin tutularaq Bankın hesabına köçürülməsi xahiş ounmuşdur. İddiaçı, qalıq borc məbləğinin onun tərəfindən Banka hissə-hissə ödənilməsi məqsədi ilə yeni “Kredit müqaviləsinin” bağlanmasını xahiş etmiş, lakin Bankdan iddiaçıya məlumat verilmişdir ki, onun qalıq borcunun məbləği 424,32 ABŞ dolları deyil, 969,02 ABŞ dolları təşkil edir. İddiaçı, ona 544,70 ABŞ dolları məbləğində artıq borcla razılaşmamış və Bankın qanunsuz hərəkəti ilə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə “qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı, Nəsimi Rayon Məhkəməsinin “iddianın icraata qəbul edilməsi və işin baxılması barədə” məhkəmə bildirişini İcra Şöbəsinə təqdim edərək, yuxarıda qeyd edilən məhkəmə əmri üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edil məsinə nail olmuşdur. Buna baxmayaraq cavabdeh Bank onun 2 aylıq əmək haqqısından, hər dəfə 327,95 manat olmaqla cəmi 655,90 manat məbləğində pulun tutulmasına nail olmuşdur. Bankın bu kimi hərəkəti qanunsuz olmuşdur. Çünki məhkəmə əmri üzrə icra icraatı dayandırılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla mülki iş üzrə icraata xitam verilməsini qərara almışdır. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, hazırki məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və müzakirə edilən məsələyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia ərizəsindən göründüyü kimi iddiaçının iddiası Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin icrasını həyata keçirən Şamaxı Rayon İcra Şöbəsinə qarşı deyil, həmin məhkəmə əmri üzrə tələbkar olan (hazırki iş üzrə cavabdeh) Banka qarşı yönəlmiş və iddia, Bankın iddiaçının əmək haqqısından tutduğu pul məbləğinin qaytarılmasına yönəlmişdir. İddiaçı hesab edir ki, Bankın həmin hərəkəti qanunsuz olmuş və onun hüquqlarını pozmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh Bank arasında yaranmış mübahisə, qeyd edilən məhkəmə əmrinin icrasından deyil, Bankın, iddiaçının qanunsuz hesab etdiyi hərəkətdən qaynaqlanır. Lakin barəsində şikayət verilmiş qərardaddan görünür ki, Rayon Məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən iddianın İcra Şöbəsinə qarşı deyil, yuxarıda qeyd edilən məhkəmə əmri üzrə tələbkar olan (hazırki iş üzrə cavabdeh) Banka qarşı yönəlməsini və iddianın cavabdeh Bankın iddiaçının qanunsuz hesab etdiyi hərəkətlə bağlı verilməsi halını, bununla da iddia ərizəsində qeyd edilən məsələnin icra icraatı qaydasında həll edilməli olan məsələ olub-olmamasını müzakirə etməmiş, hüquqiqiymət verməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad əsaslı, qərardaddan isə verilmiş şikayət əsassız hesab edilə bilməz. Odur ki göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyul 2023-cü il tarixli qərardad ləğv edilsin və İddiaçı cavabdeh “X1” ASC-yə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilib-verilməməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5474/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5474/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver