Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5474/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Həsənov Elnur Məmmədsaat oğlu oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(001)- 2597/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2023-cü il tarixli, RGTK3001122B126 saylı “Kredit müqaviləsi”ndən görünür ki, bank tərəfindən Cavabdeh illik 15 faiz olmaqla 83 ay müddətinə 20913.60 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli 2024/104/5466 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 14 avqust 2023-cü il tarixli, RGTK3001122B126 saylı kredit müqaviləsi üzrə 27 fevral 2024-cü il tarixə 20913.60 manat əsas, 1727.68 manat faiz borcu olmaqla, cəmi 22641.28 manat məbləğində borcu vardır. Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə borc məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20913.60 manat əsas, 1727.68 manat faiz borcu olmaqla, cəmi 22641.28 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 157.92 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tələblərinin əsaslandırdıqları sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə Cavabdeh xx.xx.2024 cü il tarixə İddiaçı ASC-yə 20913.60 manat əsas, 1727.68 manat faiz borcu olmaqla, cəmi 22641.28 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(001)- 2597/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 14 avqust 2023-cü il tarixli, RGTK3001122B126 saylı kredit müqaviləsi üzrə 20913.60 manat əsas, 1727.68 manat məbləğində faiz borcu olmaqla, cəmi 22641.28 (iyirmi iki min altı yüz qırx bir manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 157.92 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, Cavabdeh 14 avqust 2023-cü il tarixli, RGTK3001122B126 saylı kredit müqaviləsinə əsasən 20913.60 manat əsas, 1727.68 manat məbləğində faiz borcu olmaqla, cəmi 22641.28 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edərək yeni qətnamə qəbul etməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyətinə əməl edilməyib. Belə ki, cavabdeh faktiki olaraq Sumqayıt şəhərində işləməsinə və yaşamasına baxmayaraq işə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılıb. Həmçinin iş materialarında və qətnamənin özündə də qeyd edilib ki, cavabdehin krediti ödəməməsinə səbəb onun anasının gözlənilmədən xəstələnməsi və həmin xəstəliklə əlaqədar cavabdehin əvvəlcədən planlaşdıra bilməyəcəyi xərclərə məruz qalması olub. Bu barədə iddiaçıya cavabdeh tərəfindən dərhal məlumat verilib, iddiaçı isə yalnız kredit müqaviləsinin faizlərinin artırıb və müddətini uzadıb. Bundan başqa öhdəlik hər iki tərəfin (iddiaçı və cavabdehin) təqsiri üzündən pozulub. Belə ki, cavabdeh iddiaçıya ödəmə imkanının məhdudlaşması barədə vaxtında məlumat verməsinə baxmayaraq iddiaçı onunla bağlanmış kredit müqaviləsini ləğv etmək əvəzinə onun faiz dərəcəsini və müddətini uzatmaqla başqa bir kredit müqaviləsi bağlamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2023-cü il tarixli, RGTK3001122B126 saylı “Kredit müqaviləsi”ndən görünür ki, bank tərəfindən Cavabdeh illik 15 faiz olmaqla 83 ay müddətinə 20913.60 manat məbləğində kredit verilmişdir. Lakin müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin tələb edilən borc tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddətinə hesablanmaqla iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını şübhə altına alan və ala biləcək hər hansı halla bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən cavabdeh həm də tələb edilən borcun məbləğini də mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apellyasiya şikayətində Mülki Məcəllənin 448.4-cü maddəsinə istinad etməklə krediti ödəməməsinə səbəbin onun anasının gözlənilmədən xəstələnməsi və həmin xəstəliklə əlaqədar cavabdehin əvvəlcədən planlaşdıra bilməyəcəyi xərclərə məruz qalması və cavabdehin iddiaçıya ödəmə imkanının məhdudlaşması barədə vaxtında məlumat verməsinə baxmayaraq sonuncunun onunla bağlanmış kredit müqaviləsini ləğv etmək əvəzinə onun faiz dərəcəsini və müddətini uzatmaqla başqa bir kredit müqaviləsi bağlaması kimi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən maddənin tələblərindən göründüyü kimi borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Lakin cavabdehin istinad etdiyi hallar pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməsini deməyə əsas vermir, çünki cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. Digər tərəfdən cavabdeh öhdəliyin hər iki tərəfin (iddiaçı və cavabdehin) təqsiri üzündən pozulmasını qeyd etsə də, öhdəliyin məhz iddiaçı tərəfindən pozulması barədə mötəbər sübutlar təqdim edə bilməmiş, həmin hallar isə iş materialları ilə müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyətinə əməl edilmədiyini, cavabdeh faktiki olaraq Sumqayıt şəhərində işləməsinə və yaşamasına baxmayaraq işə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin olduğu yerə görə verilir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi Cavabdeh, elektron məlumatlarına əsasən müəyyən edilir ki, onun ünvanı Sumqayıt ərazisinə daxil deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin qeydiyyatda olduğu ünvanın yerləşdiyi ərazi Sumqayıt Şəhər Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin Binəqədi rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(001)- 2597/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Pərviz Hüseynov