Məhkəmə qərarları › İş №2(103)-548/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-548/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-548/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” BOKT ASC, Cavabdeh onun xeyrinə 33.748,72 ABŞ dolları əsas borc, 5346,20 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 4077,97 ABŞ dolları olmaqla, cəmi 43.172,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cavabdehin və ailə üzvlərinin həmin evdən çıxarılması və onun satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh 29.881,88 ABŞ dolları əsas borc, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 %-lə hesablanmış 4047.5 ABŞ dolları borc, cəmi 33.929.38 ABŞ dollarının ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə tutularaq iddiaçı “xxxxxxxxx” BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 123.320 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına “xxxxxxxxx” BOKT ASC-yə olan borcun ödənilməsi və cavabdehin geci 1 ay ərzində həmin mənzili tərk etməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 20 manat hissəsinin Cavabdeh tutularaq “xxxxxxxxx” BOKT ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyərinin 200 manatının Cavabdeh, 100 manatının isə “xxxxxxxxx” BOKT ASC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh, həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddiaçıya olan borcunun düzgün hesablanaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə müddətindən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 4077,97 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş edərkən cavabdeh, həmin pulun hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə şifahi vəsatət versə də, hakim bu halı nəzərə almadan vəsatəti rədd etmiş və həmin hissəni olduğu kimi təmin etmişdir. Bu ədalətsiz yanaşmadır. Belə ki, iddiaçının hansı dövrü hansı kalkulyasiya ilə hesablaması aydın olmasa da, bunun üçün mütləq şəkildə xüsusi biliyə malik ekspertin rəyi tələb olunduğu halda vəsatət təmin edilməmişdir. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilin qiymətləndirmə ekspertizası nəticəsində ilkin satış qiymətinin 120.000-123.320 manat müəyyən edilməsi ilə də razı deyil. Belə ki, ipoteka ilə yüklü edilmiş mənzilin yerləşdiyi ərazidə mənzillərin 1 kv.m.-nin qiyməti təmirsiz halda 1200-1300 manat, təmirli vəziyyətdə isə 1500-1600 manat təşkil etdiyi vaxtda və mənzilin ümumi sahəsinin 123.32 kv.m. olmasını və sözügedən mənzilin tam təmirli olmasını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, həmin mənzilin qiyməti təxminən 184.980-197.312 manat təşkil etməlidir. Buna baxmayaraq, təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi barədə şifahi vəsatəti də hakim tərəfindən təmin edilməmişdir. Bu isə onun hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin faktiki hallarına görə, iddiaçı “xxxxxxxxx” BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 6 ay müddətinə, illik 24% dərəcəsi olmaqla 34.000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 185, 15 saylı mənzil “xxxxxxxxx” BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “xxxxxxxxx” BOKT ASC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh, ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixə banka 33.748,72 ABŞ dolları əsas, 5346,20 ABŞ dolları faiz, müqavilə müddətindən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 4077,97 ABŞ dolları olmaqla, cəmi 43.172,89 ABŞ dolları borcu qalmışdır. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2016-cı il tarixli, PKSTN-0608 saylı kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi, xx.xx.2019-cu il tarixli, 222 nömrəli maliyyə arayışı, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, 090680 saylı çıxarışın surəti və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 445.7-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehdən kredit borcunun, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz məbləğinin tutulmasını və borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırda cavabdeh, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini bildirərək qətnaməni mübahisələndirir. Kollegiya, aşağıdakılara əsasən cavabdehin apellyasiya şikayəti ilə bu hissələrdə razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə müqavilə müddətindən sonrakı dövr üçün illik 5 %-lə tutulmalı olan faiz borcunu 4.047,50 ABŞ dolları müəyyən etməklə düzgün qənaətə gəlməmişdir. Çünki, tərəflər arasında bağlanmış kredit müaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixdən tələbin irəli sürüldüyü xx.xx.2019-cu ilədək gecikdirilən günlərin sayı 883-dür. 29.881.88 ABŞ dolları əsas borcun 883 gün üçün illik 5 faizi isə 3664,60 (29.881.88*5%/360*883=3664,60) ABŞ dolları təşkil edir. Apellyasiya baxışında, ipoteka predmetinin ilkin satış qiymətinə dair apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, PR-M/001-2020 saylı rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 185, 15 saylı mənzilin likvid dəyəri 183.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun məbləği və ipoteka premeti olan mənzilin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməli və cavabdehdən müqavilə müddətindən sonrakı dövr üçün illik 5 %-lə tutulmalı olan borcun məbləği 3664,60 ABŞ dolları, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilin ilkin satış qiyməti isə 183.000 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-175/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi müqavilə müddətindən sonrakı dövr üçün illik 5 %-lə tutulmalı olan borcun məbləği və ipoteka premeti olan mənzilin ilkin satış qiyməti hissələrində dəyişdirilsin: Cavabdeh “xxxxxxxxx” BOKT ASC-nin xeyrinə tutulan, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 % məbləği 3664,60 (üç min altı yüz altmış dörd manat, altmış qəpik) ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə) müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 185, 15 saylı mənzilin ilkin satış qiyməti 183.000 (bir yüz səksən üç min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq “xxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar