Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-548/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.906,62 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.635,98 manat, ümumilikdə 11.542,60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 125,03 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103804-735007/1 saylı “Kredit müqaviləsinə” əsasən, cavabdehə 36 ay müddətinə, illik 26,5% dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin qeyd edilən “Kredit müqaviləsi” üzrə 4.906,62 manat məbləğində əsas borcu, 6.635,98 manat məbləğində faiz borcu yaranmışdır. Bank borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcu ödəməmiş, bu səbəbdən də Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 125,03 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək işə baxmış Rayon Məhkəməsinə bildirmişdir ki, ilk vaxtlar ödənişləri vaxtında etsə də, lakin sonradan maddi durumuna görə ödənişlərdə gecikmələr yaranmış və Banka olan borcunu ödəyə bilməmişdir. Hazırda Bankın ondan tələb etdiyi kredit borcu şişirdilmişdir və bu əsasla tələb olunan borcla razı deyildir. Belə ki, o, Banka müraciət etmiş, Bank tərəfindən ona verilmiş çıxarış əsasında Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin olunmuşdur. O, ilk dəfə verilmiş ekspertiza rəyi ilə razıdır, lakin ikinci dəfə verilmiş rəylə razı deyildir. Qeyd olunanlara əsasən iddia tələbi qismən, yəni birinci ekspert rəyinə uyğun təmin olunmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.906,62 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.845,22 manat, ümumilikdə 6.751,84 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 125,03 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, ekspertiza xərcinin – 200 manatın cavabdehdən və iddiaçı Bankdan birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
6. Cavabdehin iddiaya qarşı verdiyi etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iş üzrə verilmiş ekspert rəyləri arasında olan və cavabdehin Bankdan aldığı xx.xx.2022-ci il tarixli çıxarışla Bankın təqdim etdiyi maliyyə arayışı arasında olan ziddiyyətlər Rayon Məhkəməsi tərəfindən araşdırılmamış, nəticədə cavabdehdən tutulmalı olan borcun məbləği düzgün müəyyən edilməmişdir. e) apellyasiya baxışı icraatında iş üzrə tərəflərin iştirakı və apellyasiya baxışında iştirak etmiş şəxsin izahatı barədə məlumat
7. Cavabdeh apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlilərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı Bank işə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etsə də, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) iş materiallarına əlavə edilmiş sənədlər barədə məlumat
14. İddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən Bankdan illik 26,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 6.000 manat məbləğində pulu borc olaraq götürmüşdür.
15. “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti müqavilə və müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş cədvəli” üzrə Banka aybaay və hissə-hissə ödəyəcək.
16. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank borcun ödənilməsini cavabdehdən tələb etmişdir.
17. Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışdan” görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin Banka ödənilməmiş 4.906,62 manat məbləğində əsas kredit borcu, 6.635,98 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu var və kredit müqaviləsi üzrə gecikmə 565 gün təşkil edir.
18. İşdə olan xx.xx.2022 və xx.xx.2023-cü il tarixli “Hesabdan çıxarışlardan” görünür ki, cavabdehin iddiaçı Banka ödəməli olduğu əsas borc 2.716,86 manat, faiz borcu 2.190,64 manat, ümumi kredit qalığı 4.906,62 manat təşkil edir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2022-cü il tarixli, 9/9172 saylı rəyindən görünür ki, cavabdeh tərəfindən Bankdan alınmış kredit vəsaiti üzrə Banka ödənilməli olan borc xx.xx.2022-ci il tarixə əsas borc üzrə 3.283,42 manat, əsas borca hesablanmış faiz üzrə 1.269,65 manat təşkil edir.
20. Məhkəmə Ekspertizası Mərkəzinin işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli 9/1952 nömrəli rəydən görünür ki, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsinin” şərtləri əsas götürülməklə cavabdehin müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə Banka olan əsas borcu 4.906,90 manat, faiz borcu 1.845,22 manat müəyyən olunmuş və o cümlədən Bank tərəfindən “Maliyyə arayışının” verildiyi xx.xx.2022-ci il tarixə, əsas borc 4.906,90 manat, faiz borcu 2.228,10 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərə, ödəniş cədvəllərinə və çıxarış məlumatlarına əsasən 1.623,48 manat pul vəsaitinin cavabdehin əsas borc üzrə ödənilməyən gecikən borc məbləği olması müəyyən edilmişdir. h) məhkəmənin mövqeyi
21. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Banka borcunun olmadığını ümumiyyətlə iddia etməmişdir.
23. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
24. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir.
25. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdehin dəlilləri borcun məbləğinin düzgün hesablanmaması ilə bağlıdır.
26. İşdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən edilir ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103804- 735007/1 saylı “Kredit müqaviləsindən” görünür ki, Bank, həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 26,5 faiz dərəcəsi ilə 6.000 manat kredit vermişdir.
27. Cavabdeh qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, krediti və ona hesablanmış faizləri vaxtında Banka qaytarmamışdır.
28. Bank tərəfindən verilmiş “Maliyyə arayışından” görünür ki, cavabdehin “Kredit razılaşması” üzrə xx.xx.2022-ci il tarixinə Banka 4.906,62 manat əsas borcu, 6.635,98 manat faiz borcu, ümumilikdə 11.542,60 manat məbləğində kredit borcu yaranmışdır.
29. Cavabdehin təqdim etdiyi xx.xx.2022 və xx.xx.2023-cü il tarixli “Hesabdan çıxarışlardan” görünür ki, cavabdehin iddiaçı Banka ödəməli olduğu əsas borc 2.716,86 manat, faiz borcu 2.190,64 manat, ümumi kredit qalığı 4.906,62 manat təşkil edir.
30. Yuxarıda artıq qeyd edildiyi kimi, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2022-cü il tarixli rəyindən görünür ki, cavabdeh tərəfindən Bankdan alınmış kredit vəsaiti üzrə Banka ödənilməli olan borc xx.xx.2022-ci il tarixə əsas borc üzrə 3.283,42 manat, əsas borca hesablanmış faiz üzrə 1.269,65 manat təşkil edir. Həmin Mərkəzin iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli rəydə isə qeyd edilir ki, “Kredit müqaviləsinin” şərtləri əsas götürülməklə cavabdehin müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə Banka olan əsas borcu 4.906,90 manat, faiz borcu 1.845,22 manat müəyyən olunmuş və o cümlədən Bank tərəfindən “Maliyyə arayışının” verildiyi xx.xx.2022-ci il tarixə, əsas borc 4.906,90 manat, faiz borcu 2.228,10 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərə, ödəniş cədvəllərinə və çıxarış məlumatlarına əsasən 1.623,48 manat pul vəsaitinin cavabdehin əsas borc üzrə ödənilməyən gecikən borc məbləği olması müəyyən edilmişdir.
31. Rayon Məhkəməsi ikinci rəyi əsas götürməklə borclun məbləğini müəyyən etmiş və həmin rəy əsasında qətnamə qəbul etmişdir.
32. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə ikinci rəylə razılaşmayaraq, borcun məbləğinin birinci rəy əsasında müəyyən edilməli olduğunu bildirmişdir.
33. Rəylər arasında ziddiyyət olduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə almış Məhkəmə “Kredit müqaviləsi” üzrə müqavilənin bitmə müddətinə, yəni xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçı Banka olan əsas və faiz borcunun miqdarının müəyyən edilməsi məqsədilə apellyasiya icraatı zamanı qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
34. Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəməsinin Məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli 9/34 nömrəli rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, 103804- 735007/1 saylı “Kredit müqaviləsinin” şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixə cavabdehin Banka olan əsas borcu 4.906,90 manat, faiz borcu 1.845,22 manat müəyyən olunmuşdur.
35. Bununla da rəylər arasında olan ziddiyyət təkrar yoxlanılaraq həll edilmiş, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli “Hesabdan çıxarışların” borcun məbləğini düzgün əks etdirmədiyi və Rayon Məhkəməsinin cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan borcun miqdarını düzgün müəyyən etdiyi aydın olmuşdur.
36. Cavabdeh borcun düzgün hesablandığını şübhə altına alsa da, bu xüsusatı sübuta yetirə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. i) apellyasiya baxışının nəticəsi
38. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
42. Məhkəmə həmçinin bildirir ki, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti vermədiyindən və qətnamə Rayon Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
43. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
44. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ
Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilə bilməz.