Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5480/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından 20.09.2013-cü il tarixdə Gülay, 28.01.2015-ci il tarixdə Turan adını verdikləri uşaqlarının dünyaya gəldiyini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.08.2015-ci il tarixli qətnaməsinə əsasən nikahlarının pozulduğunu, uşaqların onun himayəsinə verildiyini və yetkinlik yaşlarına çatanadək onların saxlanılması üçün cavabdehdən hər uşağa görə 103 manat aliment tutulduğunu, uşaqların artan təlabatları baxımından artıq bu məbləğin yetərli olmadığını bildirmiş, buna görə də aliment məbləğinin hər uşaq üçün 175 manata artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin məhkəmənin 31.08.2015-ci il tarixli qətnaməsi ilə 20 sentyabr 2013-cü il təvəllüdlü X2 və 28 yanvar 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiasının tam təmin olunmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuş, uşaqlar üçün yaşayış minumumunun 175 manat müəyyənləşdirildiyini, uşaqların bütün qayğılarının məhz onun üstündə olduğunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə 400 manat əmək haqqı aldığını, ikinci dəfə ailə həyatı qurduğunu və həmin nikahından bir övladının dünyaya gəldiyini, himayəsində həmçinin yaşlı atasının olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına görə, tərəflər 22.08.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 20.09.2013-cü il tarixdə Gülay, 28.01.2015-ci il tarixdə Turan adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.08.2015-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar iddiaçınn himayəsinə verilmiş və yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən hər uşağa görə ayda 103 manat aliment tutulmuşdur. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Nəsimi Rayon Məhkəməsi 31.08.2015-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 206 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını, uşaqların yaşını və onların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün artırılaraq 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Uşaqların iddiaçının himayəsində olmasını, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz iddiaçı tərəfindən çəkildiyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli deyildir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Cavabdehin rəsmi iş yerinə sahib olmaqla 400 manat əmək haqqı aldığını və daha yüksək qazanc əldə etdiyinə dair sübut təqdim edilmədiyini nəzərə almaqla kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavadehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 150 (yüz əlli) manat məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2292/2021 saylı iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. 20 sentyabr 2013-cü il təvəllüdlü X2 və 28 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 150 manat, yəni ayda 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5480/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5480/2021
10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver