Məhkəmə qərarları › İş №2(103)-5480/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5480/2024

20.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5480/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2573/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 109/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 109/2021 saylı qətnaməsi ilə təyin olunmuş xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 münasibətdə əlavə xərclərə görə 50 manat məbləğində əlavə alimentin ləğv edilməsi və həmin qətnamənin dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X8 münasibətdə Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə biri hissəsi məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2573/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əlavə xərc ifadəsi qarşılıqlı iddia ərizəsində şərti olaraq göstərilmişdir. Ona görə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsində bir uşaq barəsində eyni vaxta iki sabit pul məbləğində alimentin təyin edilməsi məhkəmə təcrübəsində rast gəlinməyən presedentdir. Bu səbəbdən də, təyin olunmuş 50 manat məbləğində əlavə xərc ifadəsi şərti olaraq işlədilmişdir ki, gələcəkdə məhkəmə araşdırması zamanı həmin ifadənin dəyişdirilməsi mümkündür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin “50 manat məbləğində əlavə alimentin ləğv edilməsi hissəsi o halda ola bilərdi ki, həmin qətnamədən Cavabdeh tərəfinən apellyasiya şikayəti verilmiş olardı. Yəni bu səlahiyyət apellyasiya məhkəməsinə aiddir” ifadəsinə münasibətdə bildirmək istəyir ki, əgər qarşılıqlı iddia ərizəsinin xahiş hissəsində 50 manat məbləğində əlavə alimentin dəyişdirilərək azaldılması ifadəsi ilə əvəzlənsə, onda gərək şərti olaraq azaldılaraq, məsələn 2 manat həcmində ifadəsi işlətmək məcburiyyətində qalırlar ki, bu da qarşılıqlı iddia ərizəsinin xahiş hissəsinin qeyri-ciddi olması anlamına gələ bilərdi. Bu səbəbdən də, həmin ifadə yəni “ləğv etmək” ifadəsi orada şərti olaraq işlədilmişdir. Bu formal xətanın da, məhkəmə araşdırması zamanı dəqiqləşmə ərizəsi ilə aradan qaldırılması mümkündür. Bunda başqa, həmin qətnamə ilə aliment təyin olunmuş yetkinlik yaşına çatmayan uşaqların sayı 4 olmasına baxmayaraq, hazırki ilkin iddia tələbində iki uşağa münasibətdə iddiaçı aliment məbləğinin artırılmasını tələ edir. Qarşılıqlı iddia tələbində isə o, həmin uşaqlara münasibətdə aliment məbləğinin azaldılmasını tələb edir. Bu səbəbdən də, hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2573/2024 nömrəli qərardadı Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin qarşılıqlı iddia ərizəsinin qəbul edilməsi şərtlərinə dair müddəaları ilə ziddiyət təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2573/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2573/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, habelə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı icraata qəbul edir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahından 4 uşaq doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmaqla yanaşı, bu uşaqlar iddiaçının yanında qalmış və onların saxlanılması üçün cavabdehdən qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay hər uşağa görə 50 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Hazırki iddia qaldırılan tarixə uşaqların 2-si, hazırda isə artıq 3-ü yetkinlik yaşına çatmışdır. İddiaçı da bu və digər halları nəzərə alıb, qeyd edilən qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, yəni iki uşağın hər birinin saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Qarşılıqlı iddia üzrə həmin qətnamə ilə müəyyən edilmiş 50 manat məbləğində əlavə alimentin ləğv edilməsini və ondan qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulmasını tələb etməklə cavabdeh də hüquqi nəticə etibarı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb edir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsi bu qaydada alimentin miqdarının artırılması ilə yanaşı, azaldılması üçün də hüquqi imkan yaratmış, hətta ümumiyyətlə aliment ödəməkdən azad edilməsinin mümkünlüyünü təsbit etmişdir. Hazırki iş üzrə tərəflər də məhz qeyd edilən maddənin yaratdığı hüquqi imkanlardan istifadə edərək, artıq müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini, yəni məbləğ etibarı ilə iddiaçı artırılmasını, cavabdeh isə azaldılmasını tələb edir. Bu da Mülki Prosessual Məcəllənin 156-cı maddəsinin tələbləri baxımından qarşılıqlı iddianın icraata götürülməsini və ilk iddia ilə bir icraatda baxılmasını mümkün edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı onu da qeyd edir ki, cavabdehin həmin qətnaməni vaxtı ilə apellyasiya qaydasında mübahisələndirməməsi hazırki qarşılıqlı iddianın qaldırılmasına hər hansı maneə yaratmır. İlk iddiaya qarşı yazılı etirazın təqdim edilməsi isə heç bir halda müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün əsas ola bilməz. Belə bir nəticənin əldə edilməsi yalnız iddia (hazırki vəziyyətdə qarşılıqlı iddia) qaldırmaqla mümkündür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, şikayət həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2573/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar